Xocalı şəhərində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs, Qobu park 2, bina 19, mən 51 -də ailəsi ilə birgə yaşayan Musayev Təşəkkül Musa oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, Şuşa rayon Mərkəzi xəstəxanası və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimlərinin yalnış müayinə və müalicəsini nəticəsində sol gözünün görmə qabiliyyətinin tamamilə itməsi barədə məlumat vermiş, eyni zamanda üz tutduğu hüquq-mühafizə və cinayət təqibi orqanlarının məsələyə qeyri-obyektiv yanaşdıqlarını bildirmişdir.
İlk əvvəl əlbəttə ki, vətəndaş T.Musayev Binəqədi rayon prokurorluğuna şikayət etmişdir. Həmin məlumat cinayət xarakterli olduğundan Binəqədi rayon prokurorluğunda “Törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyatı kitabı”-nda 21.07.2025-ci il tarixdə qeydiyyata alınaraq həmin tarixdə araşdırmanın aparılması Binəqədi rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Kərimli Nərmin Vəli qızına həvalə edilmişdir.
20.08.2025-ci il tarixdə toplanmış material üzrə Nərmin Kərimli cinayət işinin Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilməsi barədə qərar qəbul etmişdir.
29.08.2025-ci il tarixdə həmin qərar rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən ləğv edilmiş, iş əlavə araşdırmaya qaytarılmış, Təşəkkül Musayevin ərizəsi əsasında təkrar komisyon məhkəmə tibb ekspertiza təyin edilmişdir.
27.09.2025-ci il tarixdə toplanmış material üzrə yenə də Nərmin Kərimli tərəfindən cinayət işinin Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilməsi barədə qərar qəbul edilmişdir.
Həmin qərar 27.10.2025-ci il tarixdə rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən ləğv edilmiş, iş əlavə araşdırmaya qaytarılmış, Təşəkkül Musayevin ərizəsi əsasında təkrar komisyon məhkəmə tibb ekspertiza təyin edilmişdir.
Material üzrə müvafiq sorğular verilmiş, izahatlar alınmış, komisyon məhkəmə tibbi ekspertiza təyin edilmiş və digər zəruri araşdırma hərəkətləri həyata keçirilmişdir.
İndi isə hadisənin mahiyyəti üzrə detalları nəzərdən keçirək.
T.Musayev yazır ki, 2025-ci fevral ayında sol gözündə ağrılar yaranmışdır. Həmin vaxtadək gözlərindən ciddi bir şikayəti olmamış, sadəcə yaxından görməsi zəif olduğu üçün eynəkdən istifadə etmişdir. Həmin vaxt Qobu Park yaşayış kompleksində Suşa rayon poliklinikasının filalına getmişdir. Burada növbətçi həkim Məhərrəmova Fidan Vasif qızının qəbulunda olmuşdur. Həmin həkim onu müayinə etmiş, gözündə elə bir ciddi problem olmamasını demişdir. Həkim ona adını bilmədiyi dərmanlar yazmışdır. O, həmin göz dərmanlarını gündə 3-4 dəfə istifadə edirmiş. Lakin onun gözündə olan ağrılar keçmirmiş. O, demək olar ki, hər gün həmin xəstəxanaya gedirmiş. Burada digər həkim İsmayılzadə Şəhla Fikrət qızının da qəbulunda olmuşdur. Həmin həkim onu müayinə etmiş, lakin Şəhla həkim də onun gözündə olan ağrılara çarə edə bilməmişdir. O, təxmini 5 ay həmin xəstəxanaya getmişdir. Bundan başqa, Fidan Məhərrəmova onu Kəpəz xəstəxanasına da göndərmiş, lakin müayinə nəticələrinə əsasən burada onun gözündə olan ağrıların səbəbi müəyyən edilməmişdir. Fidan Məhərrəmova təxmini 25.03.2025-ci il tarixdə onu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərmişdir. Həmin xəstəxanada qeydiyyat şöbəsində onu 2001 nömrəli otağa göndərmişlər. Burada onu müayinə edən dolu bədənli qadın gözünü aparatlardan keçirmiş və gözündə ciddi bir narahatlıq olmadığı deyilmişdir. Lakin o, buna etirazını bildirdikdə həmin şəxs onu şöbə müdiri Qocayevə A adlı şəxsə yönləndirmişdir. Şöbə müdiri də onu müayinə edərək yenə də gözündə heç bir problem olmaması və onun nervepatoloqa müraciət etməli olmasını məsləhət bilmişdir. Ondan sonra o evə getmişdir. Lakin onun-ağrıları şiddətlənmiş və təcili yardım çağırmışdır. Bildirmişdir ki, elə günlər olmuşdur ki, o, gün ərzində 3 dəfə təcili yardıma müraciət etmişdir. Təxmini həmin ərəfələrdə o, təkrar həmin xəstəxanaya müraciət etmişdir. Burada adını bilmədiyi 3009-cu kabinetdə oturan sarışın, arıq, eynək taxmış həkim onu müayinə etmiş, ona gözünə tökmək üçün damcılar yazmış, o da gözündə ciddi problem olmamasını bildirmiş, lakin onun sol gözündə ağrılar davam etmişdir. Qeyd etmişdir ki, həmin həkim onu müayinə edən zaman 2025-ci ilin may ayında təxmini 10 gündən sonra onun sol gözü tamamilə kor olmuşdur. Daha sonra həmin şəxslər onu Cəmil adlı həkimə yönlədirmişlər. Cəmil həkim onun gözünün pis vəziyyətdə olması, onun çıxarılmalı olmasını demişdir. Həmin vaxt Cəmil hakimlə danışdıqdan sonra adını bilmədiyi tibb bacısı onu baş həkimə yönləndirmişdir. O, baş həkimın qəbulunda olan zaman o 3009 nömrəli otaqda adını bilmədiyi təxmini 40 yaşlarında dolu bədənli, qarayanız olan xanıma onu təcili əməliyyat etmək lazım olduğunu demişdir. O, 05.06.2025-ci il tarixdə müayinələrdən keçdikdən sonra həmin xəstəxanada adını bilmədiyi həmin həkim tərəfindən əməliyyat edilmişdir. Həmin əməliyyat 1 saat çəkmiş, səhhətində hər hansı problem olmamışdır. Həmin əməliyyat üçün heç kim ondan pul vəsaiti tələb etməmiş və ya almamışdır. Sadəcə, həmin əməliyyatdan sonra gözlərində daha ağrılar olmamışdır. Bildirmişdir kı, hazırda sol gözü tamamilə görmür, digər gözü isə daha zəifləmişdir.
Əlavə olaraq bildirmişdir ki, sol gözündə ağrılarla bağlı Şuşa rayon poliklinikası, Kəpəz xəstəxanası və Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinə müraciət etmişdir. O, Şuşa rayon poliklinikasının filialında İsmayılzadə Şəhla Fikrət qızı, Məhərrəmova Fidan Vasif qızı tərəfindən, Akademik Zənfa Əliyeva adına Milli Oftolmalogiya Mərkəzində isə 2001-cı otaqdakı həkim, şöbə müdiri, 3009 nomrəli otaqdakı həkimlər tərəfindən müayinə və əməliyyat edilmişdir. Sadəcə 2001 nömrəli otaqdakı şöbə müdirinin adının “Qocayeva A” olmasını bilmişdir. Digər həkimlərin adlarını bilməmiş, görünüşləri də tam yadında qalmamışdır. Hazırda sol gözü tamamilə görmür, görmə qabiliyyətini tamamilə itirmişdir. Sağ gözü isə müalicələrdən sonra daha da zəifləmişdir.
Qeyd etmişdir ki, həmin həkimlərin onun gözünü pis vəziyyətə salması, komisyon ekspertizanın onların xeyrinə olması, onun bütün sinir sistemimi pozmuş, halı pisləşmiş, 18.08.2025-ci il tarixdə yaşadığı ünvanda üstünə təcili yardım gəlmiş, həkimlər ona xəstə olduğunu bildirmiş, təcili müalicə almasını məsləhət bilmişlər. Növbəti gün o, Nəsimi rayonu Kliniki Tibbi mərkəzə getmişdir. Burada bir gün müalicə aldıqdan sonra onu Koronovirus xəstəxanası deyilən yerə göndərmişlər. O, burada stasionar şəraitdə 9 gün müalicə almışdır. Burada ona insult diaqnozu qoyulmuşdur. Həmin xəstəxanada 27.08.2025-ci il tarixədək müalicə almışdır.
Bundan əlavə olaraq qeyd etmişdir ki, araşdırma müddətində tarixini xatırlamadığı vaxtda tanımadığı bir şəxs istifadəsində olan mobil nömrəyə zəng etmiş, özünü Fidan həkimin həyat yoldaşı kimi təqdim etmiş, verdiyi ərizəni geri götürməsini, yoxsa sonunun yaxşı olmayacağını bildirmiş, o, isə ərizəsini geri götürməyəcəyini dedikdə, həmin şəxs ona “ mən indi prokurora deyərəm, özü gedib həll edər” burada heç bir problem yoxdur” sözlərini deyərək ona hədə-qorxu gəlmişdir.
Bildirmişdir ki, onun əsas tələbi onu əməliyyat edən akademik Zərifə Əliyeva adına Milli Oftalomologiya Mərkəzində olan 3009 nömrəli otaqdakı həkim istisna olmaqla onu müayinə və müalicə edən, gözünün kor olmasına səbəb olan həkimlərin qanuna uyğun cəzalanması, onun gözünün müalicəsi üçün dəymiş maddi ziyanın ödənilməsidir.
Xəstəliyi ilə bağlı vaxtilə istintaqa təqdim etdiyi tibbi sənədlərin surətlərini də redaksiyaya gətirmişdir.
Prokuror köməkçisi Nərmin Kərimli 20.11.2025-ci il tarixli qərarında da “müəyyən etmişdir” ki, Məhərrəmova Fidan Vaqif qızı, ismayılzadə Şəhla Fikrət qızı, Qocayeva Aybəniz Maqsud qızı, Qarayevə Leyla İslam qızı, Əliyeva Natavən İrşad qızının əməlllərində Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsindən görünür ki, Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması və ya digər cinayət tərkibini əlamətləri müəyyən edilməmiş alınmış izahatlarda Musayev Təşəkkül Musa oğlunun izahatında qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır.
N.Kərimlinin yuxarıda adları çəkilən şəxslərdən aldığı izahatlar da bir-birinə oxşayır. Bir qayda olaraq bildirmişlər ki, Təşəkkül Musayevin onlara müraciət edəndə artıq bir gözü kor imiş, onunla ədavət və düşmənçilikləri olmayıb, ona qarşı heç bir səhlənkarlıq da etməyiblər, ona protokollara uyğun dərmanlar təyin ediblər. Bunlar azmış kimi, ona qazi olduğu üçün növbədənkənar qəbul edildiyini vurğulamağı da unutmamışlar.
Prokurorluq araşdırmasının son nəticəsi materiala əlavə edilmiş MTE və Patoloji Anatomiya birliyinin 19.05.2025-ci il tarixli 346/KEŞ saylı rəyinə istinad etmişdir: “...Təşəkkül Musayevin sol gözündə görmə qabiliyyətinin itməsinə səbəb onun düçar olduğu qlaukoma xəstəliyinin ağır kliniki gedişi olmuşdur ki, bunun da aparılmış müalicələrlə (başqa sözlə, həmin müalicələri aparmış həkimlərin səhlənkarlıqları ilə - red.) səbəbli əlaqəsi olmamışdır.
Bundan başqa, prokuror köməkçisi Nərmin Kərimli həkimlərdən Fidan Məhərrəmovanın həyat yoldaşı Məhərrəmov Vüqar Ramiq oğlunu yalnız dindirməklə kifayətlənmiş, əməlində hər hansı cinayət tərkibinin əlamətlərini “tapmamışdır”. Halbuki, mobil şəbəkə operatorundan telefon danışıqlarını istəyib dinləmək lazım idi.
Beləliklə, QADIN prokuror köməkçisi əsasən QADINLARDAN ibarət olan həkimlərlə həmcins həmrəyliyi nümayiş etdirərək, iki müharibənin veteranı olan KİŞİNİ “haqsız” çıxarmışdır. Bütün bunlar azmış kimi, çıxardığı qərarda Təşəkkül Musayevə xəbərdarlıq etməyi və boynuna minnət qoymağı da məqsədəuyğun hesab etmişdir: “Azərbaycan Respublikası CM-nin 296.1-ci maddəsinə əsasən cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə cinayət məsuliyyətinə səbəb olur. Musayev Təşəkkül Musa oğlunun izahatında göstərdiyi xüsusatlar öz təsdiqini tapmasa da, öz hüquqlarının qorunması ilə bağlı olmaqla cinayət haqqında bilə-bilə yalan məlumat vermək məqsədi daşımadığından onun əməlində Azərbaycan Respublikası CM-nin 296-cı maddəsinin tərkibini yaratmamışdır”.
Belə-belə işlər!
Xuraman Quliyeva