Yanvar ayının 12-də Bakıda peşəkar həkimlərin fəaliyyət göstərdiyi və ən müasir avadanlıqlarla təchiz edilmiş “AZE Medical Center” özəl klinikasının açılışı olub. Açılış tanınmış səhiyyə adamları ilə yanaşı, media və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə baş tutub.
Klinikanın təsisçi direktoru Zahir Babayev çıxış edərək qonaqları salamlayıb və bildirib ki, kollektivin ən böyük məqsədi sağlam gələcəyə gözəl və yüksək səviyyədə xidmət göstərməkdir:
“Bunun üçün də biz, klinikamıza Azərbaycanın seçilmiş həkimləri ilə yanaşı, xaricdən də həkimlər cəlb etmişik. Belə ki, klinikamızda İrandan dəvət olunmuş dörd həkim fəaliyyət göstərəcək”.
Z.Babayev deyib ki, “AZE Medical Center” Azərbaycanın bölgələrində də ödənişsiz tibbi aksiyalar həyata keçirəcək: “Belə aksiyalardan birincisi isə yanvar ayının 26-da Ağsu rayonunda baş tutacaq. Növbəti mərhələdə isə Lənkəran rayonu nəzərdə tutulub. Bizim şüarımız da məhz belədir ki, “Biz sizin ayağınıza gəlirik!”
Klinikanın direktoru daha sonra sözü səhiyyə mərkəzində vətəndaşlara xidmət göstərəcək iranlı Prof. Dr. uzman pediatr Ali Basirə verib. A.Basir çıxışında özünü vətənində hiss etdiyini bildirib və eyni dili danışan insanlarla işləmək və onlara xidmət göstərməkdən məmnunluğunu dilə gətirib.
Daha sonra klinikanın baş həkimi, Astma Mərkəzinin direktoru Coşğun Məmmədli çıxış edib və klinikanın fəaliyyət istiqamətləri haqqında məlumat verib. O bildirib ki, “AZE Medical Center”da mamaginekologiya (buraya hamiləlik təqibi, qadın xəstəlikləri, sonsuzluğun müalicəsi, kolposkopiya və ginekoloji USM daxildir), mammalogiya, endokrinologiya, urologiya, andrologiya, pediatriya, terapiya və revmatologiya sahələri üzrə yüksək səviyyəli peşəkar tibbi xidmət göstərilir:
“Pulmonologiya sahəsində Astma Mərkəzini önə çıxaracağıq. Astma və Allergiya Mərkəzi olaraq düşünürük. Məqsədimiz xalqımıza daha peşəkar və yenilikçi xidmət göstərməkdir. Arzu edirik ki, heç kim xəstələnməsin. Amma belə olan halda da peşəkarlara müraciət etmək lazımdır ki, xəstəlik klinikada qalsın”.
Tədbirdə qonaq qismində iştirak edən Azərbaycanın tanınmış uroloq-androloqu Araz Bayramov da klinikanın açılışını əlamətdar hadisə kimi qiymətləndirib: “Əminəm ki, bu klinikada çalışan həkimlər və tibbi heyət vətəndaşlarımız üçün yüksək səviyyədə tibbi xidmət göstərəcəklər.
Hər bir insanın sağlamlığı cəmiyyət və dövlətin üzərinə düşən zəruri funksiyalardan biridir. Bu cəhətdən belə klinikaların artması da ümumi inkişafın göstəricilərindəndir. Klinika ilə tanış oldum, çox yüksək keyfiyyətli tibbi avadanlıqlarla təmin olunub. Uğurlar arzulayıram!”
Sonda tədbir iştirakçıları klinikanın imkanları ilə yaxından tanış olublar.
Qeyd edək ki, klinikada müxtəlif vaksinlərin müalicəsi ilə yanaşı pulmonologiya sahəsi də fəaliyyət göstərir ki, burada spirometriya (tənəffüs testi) və allergik rinitlərin şüa müalicəsi həyata keçirilir.
Səhiyyə mərkəzi ən müasir avadanlıqlarla kardiologiya və nevrologiya sahələrində müayinə və müalicəyə də şərait yaradır. “AZE Medical Center”da keyfiyyətli müayinələr həyata keçirmək üçün müasir biokimya, hemotologiya, mikrobiologiya, immunologiya, serologiya və potohistologiya laboratoriyaları da fəaliyyət göstərir. Klinika Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsində, 7 A ünvanında yerləşir.