Bu il martın 30-da Cəbrayıl rayon məkəzi xəstəxanasının 1 saylı sahə xəstəxanasının həkim-pediatrı Eldar Məmmədovun qanunsuz əməlləri barədə Cəbrayıl rayon prokurorluğundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldığı barədə açıqlama ölkə gündəmini silkələdi. Araşdırmalar zamanı Eldar Məmmədovun Biləsuvar rayonu ərazisində məskunlaşmış 130 nəfər Cəbrayıl rayon sakininə, o cümlədən 81 nəfər 16 yaşına çatmamış şəxsə əlillik dərəcəsi verilməsi adı ilə həmin şəxləri aldadaraq onlardan və ailə üzvlərindən ümumilikdə 184 min manat məbləğində pulu dələduzluq yolu ilə almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlandı.
Barəsində cinayət işi başlanan və hazırda Biləsuvarda yaşayan Eldar Məmmədov KİV-ə bildirib ki, düşdüyü vəziyyətlə bağlı o özü prokurorluğa müraciət edib: “Əvvəla, prokurorluğa mən özüm müraciət etmişəm. Üstümə dələduz damğası vurub camaat məni tutdururdu. Mən də ona görə könüllü olaraq özüm getdim prokurorluğa başıma gələnlərlə, həyatımı gözləyən təhlükə ilə bağlı onlara müraciət etdim”.
Eldar Məmmədov günahsız olduğunu demişdi: “Mənim bu olanlarda günahım yoxdur. Bunu zərərçəkən camaat da təsdiqləyə bilər. Görün, mən hansı vəziyyətə düşdüm ki, axırda özüm öz ayağımla prokurorluğa gedib onları məlumatlandırdım”.
Eldar Məmmədov deyib ki, baş verənlərdə əsas fiqur 33 saylı Tibbi Sosial-Ekspertiza Komissiyasının (TSEK) sabiq sədri Mustafa İbadov olub. Həmin şəxs 2013-cü ilin noyabrında tutduğu vəzifədən azad olunub: “Pensiyaya çıxmaq istəyən adamlardan pulu yığıb Mustafa İbadova çatdırmağa vasitəçilik edən isə Malik Mehdiyev adlı şəxs idi. Sənədləri saxtalaşdırmağa vasitəçiliyi də Cəbrayıl Rayon Xəstəxanasının baş həkimi Hüseyn Əhmədov edib. Mənim burada işim saxta sənədləri imzalamağım olub. Buna səbəb işdən çıxma qorxumun olması idi. Deyirdilər, imzalamasan işdən azad edəcəyik. İndi də mənim təqdim etdiyim siyahıdakı adamların çoxusu pensiya almadığına görə məni həbslə hədələyir. Dələduzluq ittihamı mənim boynumda qalır, ona görə prokurorluğa müraciət etməli oldum. Aylardır adını çəkdiyim adamların qapısında qalmışam, heç biri yeyintini nə boynuna alır, nə də aldıqlarnı qaytarır ki, camaatın pulunu versinlər. Mən dəfələrlə Hüseyn Əhmədova, Mustafa İbadova, Malik Mehdiyevə də dedim ki, bu işin axırı yaxşı olmayacaq. Heç indi də maraqlanmırlar. Onların yediyi pul mənim boynumda qalıb. Ona görə də getdim prokurorluğa müraciət etdim”.
Adı çəkilən sabiq komissiya sədri Mustafa İbadov barəsində ciddi ittihamlar indi də səngimir. Redaksiyamıza müraciət edən Göytəpə şəhər sakini, R. İsmayılov küçəsi-4 ünvanda yaşayan Səxavət Sarətəli oğlu Məmmədov bildirmişdir ki, Mustafa İbadov onun özündən 1000, tanıdığı digər şəxslərdən - Füzulidən 1500, Hakimdən 1000, Turədən 1500 manat pul alıb onlara əlillik dərəcəsi təyin etdirəcəyini vəd etmiş, sonra da həmin pulları mənimsəyərək aradan çıxmışdır. İlk əvvəllər telefon zənglərinə cavab versə də, hər dəfə müxtəlif bəhanələrlə onları "yola vermiş", ən nəhayət, telefonunu da bağlayıb əlçatmaz olmuşdur.
Xatırladaq ki, Azərbaycanın rayonlarında fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) ləğvi istiqamətində addımlar atılmaqdadır. oluna bilər. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun təşəbbüsü lə keçən ay nazirlikdə keçirilən yeni pilot layihəyə əsasən səyyar komissiyalar özünü təsdiqləyib. Artıq Azərbaycanda əlilliklə bağlı müayinələri ancaq səyyar komissiyalar aparır.