Azərbaycanda sığorta fırıldaqlarından danışarkən ilk növbədə avtomobillərin sığortası yada düşür. Amma bundan nisbətən az yayılan sığorta növlərində də maraqlı çeşidli dələduzluq halları baş verir. Fırıldaqların ən geniş yayıldığı sığorta növlərindən biri isə tibbi sığortadır. Fins.az-ın məlumatına görə, bəzi hallarda şirkətlərin sığortalı işçiləri pulsuz olduğu üçün tibbi sığortadan sui-istifadə edirlər. “A Qroup Sığorta” şirkətinin tibbi sığorta departamentinin müdiri Yalçın Niftiyev fins.az-a bildirib ki, bu il ərzində indiyə qədər 15-20 belə sığorta dələduzluğu halı müəyyən edilib.
«Atasına lazım olan dərmanları öz adlarına alırlar»
Sığorta dələduzluğu halları əsasən dərman və stamotoloji xidmətlərlə bağlı olur. Sığortalı müştərilər ya özlərini xəstə göstərib qohum və tanışlarına lazım olan dərmanları sığorta şirkətlərinin pulu hesabına alırlar. Y.Niftiyev bildirib ki, hətta bu üsulla hepatitə tutulmuş atasına dərman alan, qardaşına aid resepti öz adına alan şirkət işçiləri olub: “Hətta 2 il əvvəl aptekdəki ödəmə terminalından aldığı danışıq konturunu da sığorta şirkətinin hesabına ödəmək istəyən müştəri aşkarlmamışdıq”.
«Dərmanları başqa aptekə satıb pul qazanırlar»
Tibbi sığortaya əlavə gəlir mənbəyi kimi baxanlar da az deyil. Belə ki, bəzi sığortalılar dərmanları alıb, başqa aptekə ucuz qiymətə satırlar:” Məsələn, orta hesabla qiyməti 10 manat olan 10 ağrıkəsicini pulsuz alırlar. Bunun qiyməti 100 manat edir. Onu digər aptekə 50 manata satırlar”.
Fırıldaqlarda həkimlər də iştirak edir
Tibbi sığorta dələduzluğunda həkimlərin də rolu az deyil. Bəzi tibb işçiləri əlavə qazanc götürmək üçün fırıldaqçılara aktiv dəstək verirlər. Belə ki, onlar sığorta müştəri ilə əlbir olub saxta resept yazırlar. Və yaxud sığortalıya deyil, başqasına aid olan resept yazılır.
«Həkimlər xəstənin müalicə xərclərini «şişirdir»
Saxtakarlıq hallarının böyük hissəsi stomatoloji xidmətlərdə özünü göstərir. Məsələn, diş təmizlənməsi tibbi sığortaya daxil olmadığı üçün, bunu həkimə karies adı ilə yazdırırlar. Bəzi bahalı xidmətlərdə azadolma məbləği tətbiq edilir. Məsələn, diş qapaqlarının qoyulmasında 50 % azadolma məbləği var. Müştəriyə diş qapaqlarının qoyulması xərci 1000 manata başa gəlir. O əlavə pul ödəməmək üçün həkim vasitəsilə 1000 manatlıq xərci 2000 manat göstərir.
«Ödənişlərin 30%-ni fırıldaqla alırlar»
Tibbi sığorta dələduzluğu sığorta şirkətlərinə ödənişlərin 3-5 % həcmində ziyan vurur. Fırıldaq halları xüsusilə ödənişi nağd şəkildə alan müştərilərdə daha çox baş verir. Belə ki, nəğd ödənişlərdə dələduzluq nəticəsində dəyən zərər 30 %-ə çatır. Lakin ötən ildən yoxlamaların gücləndirilməsi saxtakarlıq hallarının sayını xeyli azaldıb. Məsələn, ötən il 30-40 belə hal aşkarlanıb. Bu il indiyə qədər 15-20 tibbi sığorta dələduzluğu aşkarlanıb.
«Dələduzları statistik göstəricilər əsasında tapırıq»
Department müdirinin sözlərinə görə, dünya təcrübəsində sığorta şirkətlərində 10 % hallarda sığorta dələduzluğu halları olur. Çünki bəzi hallarda saxtakarlıqları aşkarlamaq olmur. Lakin statistik göstəricilər nəticəsində saxtakarlıq hallarının böyük hissəsi aşkarlanır. Məsələn, adətən 30-50 manatlıq resept yazan həkimin reseptlərinin qiyməti artıq 100 manatdan aşağı düşmürsə bu şübhə doğurur və yoxlama aparılır. Və yaxud eyni işçi tez-tez xəstələnirsə, bu da nəzarətə götürülür və s.
«Dələduzları işdən qovdururuq»
Amma sığorta fırıldaqlarına əl atanlar bilməlidirlər ki, bunun sonu yaxşı qurtarmır. Sığorta şirkətləri saxtakarlıq halları aşkar edərsə, həmin işçi pulsuz tibbi xidmətlə yanaşı, işindən də məhrum olur. Y.Niftiyevin sözlərinə görə, məsələn, şirkətlərdən birinin 35 yaşlı, sağlam, idmançı quruluşuna malik işçisi xəstələndiyini bildirmişdi. İşçi xəstəliyinə görə 600 manatlıq resept də təqdim edib. Amma məbləğin böyüklüyü şübhə doğurub. Araşdırma nəticəsində məlum oldu ki, bu dərmanlar xəstələndiyini deyən müştərinin atası üçün alınıb. «A Qroup Sığorta» dərhal bu barədə işçilərini sığortalayan şirkətə məlumat verib və həmin işçi işdən azad olunub. Başqa sözlə, sığorta dələduzluğuna görə, 1000 manatdan yüksək maaş alan işçi işini itirməli oldu. Eyni hal həkimlərə də aiddir. Y.Niftiyevin sözlərinə görə, saxtakarlıq edən həkimlər haqqında işlədiyini klinikanın rəhbərliyinə məlumat verilir: «Belələri nəinki işdən azad olunur, bundan sonra başqa yerdə də iş tapa bilmir».