Korrupsiya və qanun qazetinə daxil olan şikayət ərizələri ilə bağlı xəbərlər
Azərbaycanda avtomobillərin kreditlə satışının dayanması sürücüləri və avtomobil satıcılarını müxtəlif üsullara əl atmağa vadar edib. Avtomobil ekspertləri bildirirlər ki, avtomobil bazarının əsas hərəkətverici mexanizmi avtomobil kreditləri idi. Kreditlərin dayanması ilə avtomobil bazarında böhran yaradıb. Belə olan halda, satıcılar da müxtəlif yollarla satışları artırmağa can atırlar. Nəticədə, avtomobil sahibləri və bazarlarda olan salonlarda işlənmiş avtomobillərin kreditlə, etibarnamə və ehtiyat hissəsi kimi satışı halları artıb.
Ekspertlər hesab edirlər ki, bank kreditlərinin avtomobil bazarından çıxması ilə etibarnamə ilə satış hallarını ilin əvvəlindən 2 dəfə artırıb. Son dövrdə avtomobil bazarının canlanması üçün avtomobil sahibləri, alverçi və salonlar müxtəlif qaydada satış üsullarına əl atırlar. Bunlardan biri avtomobil bazarlarındakı salonlardır. Bu tipli satış yerləri avtomobilləri qeyri-rəsmi qaydada kreditlə satırlar. Bu qaydada satışları salonlar sadəcə müştərinin görünüşü baxaraq şəxsiyyət vəsiqəsilə verirlər. Satıcılar əvvəlcə avtomobili alan şəxsin evinə baxış keçirirlər, yəni harda yaşadığını müəyyən edirlər. Daha sonra müştəri ilə salon arasında natariusda təsdiqlənmiş müqavilə bağlanır. Avtomobilin dəyərinin bir hissəsi əvvəlcədən ödənilir. Qalan hissə isə aylara bölünərək ödəniş həyata keçirilir. Bu şərt hər iki tərəf üçün uyğundur. Belə ki, salonlar bir neçə ayda satılmayan avtomobilləri kreditlə daha baha və tez sata bilirlər. Digər tərəfdən bəzi vətəndaşlar avtomobil almaq istəsələr də nəğd ödəniş etmək imkanı yoxdur. Üstəlik rəsmi maaşı olmadığı və rayon qeydiyyatında olduğuna görə kredit götürə bilmirlər. Belə alıcılar üçün sadə şəkildə heç bir sənəd tələb olunmadan avtomobil almaq göydən düşmə fürsətə çevrilir. Ona görə də qeyri-rəsmi kreditlə alışa razılaşırlar. Ekspertin sözlərinə görə, bundan əlavə avtomobili əvvəl bank krediti ilə alanlar isə borcu ödəyə bilmədikləri üçün satmağa başlayırlar. Onlar kreditdən qurtulmaq üçün maşını satır və ya müəyyən itki ilə barışaraq geri qaytarmaq məcburiyyətində qalırlar. Bu müstəvidə mübahisələr də yaranır.
Bərdə rayonu, 866 saylı yaşayış məntəqəsi, bina 8, mənzil-34 ünvanda yaşayan vətəndaş Həsənov Zaur Zakir oğlu redaksiyamıza müraciət edərək, təxminən 7 ay bundan əvvəl İsa adlı bir şəxsdən "Mersedes" markalı 99 GJ 386 dövlət nömrə nişanlı avtomobili kredit yolu ilə, yəni 3200 manat ilkin ödəniş etməklə və ayda 250 manat ödənilmək şərtilə aldığını bildirmişdir: "Həmin pulun 1500 manatını İsaya, 1700 manatını isə maşının sahibi Vüqara, sonrakı 8 ay ərzində hər ay 250 manat pulu Vüqar və İlqara vermişəm. Onlar isə mənə etibarnamə verməyiblər. Mən 8 ay pulu ödədikdən sonra maşını məndən alıblar. Bildirirəm ki, maşını öz razılığımla qaytarmışam və elə razılığa gəlmişik ki, 10 gün müddətində ödədiyim pulu özümə qaytaracaqlar. Lakin üstündən 2 ay keçməsinə baxmayaraq, onar pulu ödəməkdən imtina edirlər. Mən bu barədə DİN-nin "102" xidmətinə də məlumat vermişəm və sonra da Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə dəvət olunmuşam. Polis Bölməsində məndən izahat və ərizə alınıb".
Qəzetimizin daimi oxucusu olduğunu qeyd edən vətəndaş Həsənov KİV olaraq "Korrupsiya və Qanun"un insanlara təmənnasız xidmətinin dəfələrlə şahidi olduğunu və onun da şikayətinin araşdırılacağını, üzləşdiyi problemin ictimailəşdiriləcəyinə ümid etdiyini yazıb.
Oxşar məzmunlu ərizə ilə redaksiyamıza müraciət edən Salyan rayonunun Şatrovka kəndində qeydiyyatda olan vətəndaş Əli Həsənov isə 2015-ci ilin dekabr ayında internetdə "Turbo.az" saytında elanına rast gəldiyi Zaur adlı şəxs tərəfindən aldadılaraq pulunun mənimsənildiyini yazıb. Zaur sayta 66 BF 852 nömrə nişanlı "Qazel" markalı yük maşınını 4000 manata satmaq istədiyini yazıbmış. Tərəflər tapışıb 3300 manata qiymət razılaşıblar. Zaur Əlidən əvvəlcə 300 manat beh alıb, iki gün sonra isədaha 200 manat götürüb, tapşırıb ki, imkanı düşdükcə puldan ödəsin ki sövdə tamamlansın. Əli ona sonrakı müxtəlif vaxtlarda 300-500 manat olmaqla bir neçə dəfə pul ödədiyini yazır: "Beləliklə, masının qiymətinin yarısını - 1500 manat ödədikdən sonra sahiblik ixtiyarım yarandığını düşünərək, Yeni il ərəfəsində avtomobili yaşadığım Salyan rayonuna apardım. Mən ondan: "Axı maşının sənədləri yoxdur, bəs yol olisi ilə problem yaranmaz ki?" deyə soruşduqda, cavab verdi ki, "Qaradağ postunda tanışlarım var". Mən gedəndən bir neçə gün sonra mənə zəng vurub dedi ki, "maşını qaytar, əgər gətirməsən, polisə deyəcəyəm ki, onu qaçırmısan". Rayondan qayıtdıqdan sonra maşını ona təqdim etdim. 2016-cı il fevralın 2-də ona axırıncı məbləğ olaraq qalan 1500 manat pulu da verərək razılaşdığımız qiyməti tam ödədim. O, mənə söz verdi ki, maşını fevral ayı ərzində verəcək. Lakin üstündən bir neçə ay keçməsinə baxmayaraq, nə maşını, nə də verdiyim 3300 manatı ondan geri ala bilmirəm. Neçə dəfə uzaq yol qət edərək onunla görüşməyə gəlmişəm. Hər dəfə də "bu gün-sabah" deyib məni aldadıb. Məcburiyyət qarşısında qalaraq marta ayının axırında polisin "102" xidmətinə zəng vurub şikayət etdim. Bununla bağlı məni Sabunçu RPİ-nin 15-ci Poliis Bölməsinə dəvət etdilər və izahat aldılar. 21.04.2016-cı il tarixdə rəis - polis polkovnik leytenantı İlham Əhmədov ərizəmə cavab olaraq məsləhət gördü ki, məsələ mülki xarakter daşıdığı üçün aidiyyəti üzrə Xətai rayon Məhkəməsinə müraciət edim. Zaurun dələduzluğuna görə işimi itirmişəm. Mən həmin maşını alıb yeni iş qurmaq niyyətində idim".
Etibarnamə ilə avtomobil almağa (faktiki alqı-satqı) dair verilən sualların çoxluğunu nəzərə alaraq bildiririk:
Etibarnamə ilə faktiki alqı-satqı etmək dövlət tərəfindən tanınmır. Etibarnamə sadə formada avtomobili idarə etmək üçün, universal formada isə başqa şəxsə satmaq, bağışlamaq, girov qoymaq və etibarnamədə göstərilən digər hüquqların keçməsi məqsədilə verilir. Universal etibarnamə alan şəxs avtomobili başqasının adına keçirə bilər, yaxud avtomobilin qeydiyyat şəhadətnaməsində göstərilən şəxsin adından hərəkətlər edə bilər.
Alqı-satqı etibarnamədən fərqli olaraq, həmin avtomobilə dair alıcıya mülkiyyət hüququ verir. Yalnız alqı-satqı halında avtomobil sizin mülkiyyətiniz sayılır.
Buna baxmayaraq, adətən avtomobillərin alqı-satqısı faktiki formada - yəni etibarnamə ilə həyata keçirilir. Halbuki bu halda dəyəri ödənərək alınmış avtomobil satanın mülkiyyəti olaraq qalır. Bu adətən iki səbəbdən edilir:
1. Avtomobillərin alqı-satqısında tərəflər bir qayda olaraq, gələcəkdə bir-birinə hüquqi müstəvidə problem yaratmır.
2. Alqı-satqı zamanı əlavə xərclər və sənədlər tələb olunur.
Etibarnaməli faktiki alqı-satqı zamanı etibarnamənin surətu notarius tərəfindən DYP-yə göndərilir və bununla da məsələ bitir.
Əsl alqı-satqıda isə məsələ bir qədər fərqlidir. Belə ki, əsil alqı-satqıda əvvəla notarius DYP-dən müayinə arayışı tələb edir. Bundan sonra alqı-satqı aparıla bilər. Etibarnamə ilə alqı satqının fərqi bir dəfə DYP-yə getmək və bir az artıq pul almaqdan ibarətdir. İnsanlar bunu etməmək üçün etibarnaməyə üstünlük verirlər. Halbuki avtomobil alarkən 10.000, 20.000 və daha artıq pul xərcləyirlər.
Ancaq əsas problem təkcə bu deyil. Etibarnamə ilə almaq olduqca təhlükəlidir. Belə ki, etibarnamə ilə alınmış avtomobilin sahibi bank kreditlərini və digər hər hansı ödənişi vaxtında edə bilmədikdə məhkəmə qərarı ilə tutma artıq faktiki olaraq satılmış avtomobilə yönəldilir və avtomobil DYP tərəfindən tutulur. Bu halda avtomobilə görə ödənmiş pullar risk altına düşür və bəzən ümumiyyətlə batır.
Bundan başqa etibarnamə verən arvadından boşansa yenə ciddi problemlər yaranır. Belə ki, boşanan arvad tənbəllik etməyib avtomobilin sənədlərini toplasa həmin avtomobilin üzərinə həbs qoyulması və geri qaytarılmasını tələb edə bilər. Bu halda da ödənən pullar riskə düşür və adətən batır.
Düzdür, belə problemlər yarananda alqı-satqını tanıtmaq, yaxud ödənən pulun geri qaytarılmasını tələb etmək olur. Ancaq bu olduqca çətin bir prosesdir.
Beləliklə, göründüyü kimi, avtomobil alarkən alqı-satqı etdirmək daha məqsədəuyğundur. Bununla həm problemlə üzləşməz, həm də pullarınızı riskə atmış olmazsınız.