Borc – qaytarılmaq şərti ilə birindən alınan, ya birinə verilən pul və s. alacaq və verəcəklərə deyilir. Borc alıb vermək təbii hadisədir. Müəyyən ehtiyacları təmin etmək və ya sərmayə qoymaq məqsədilə borca girməkdə bir qəbahət yoxdur. Borcvermək - ətrafımızda olan insanlara münasibətdə rəhimli və diqqətli olmaq deməkdir. Peyğəmbərimiz də ehtiyacı olanda borc almış, hətta bir yəhudidən borca buğda alıb zirehini girov qoymuşdur.
Bununla birlikdə, belə bir atalar sözü də var: “Şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq”. Yəni, əvvəlcədən pul haqq-hesabları şərtləşdirilməli və kağız üzərində qeyd edilərək, tərəflərin imzaları ilə təsdiq edilməlidir.
Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsi həm şifahi, həm də yazılı bağlanıla bilər. Borc müqaviləsinin sadə yazılı formada bir kağız parçasında qeyd olunaraq, borc alan və borc verən tərəfindən imzalanması yetərlidir ki, bu razılaşma hüquqi qüvvəyə sahib olsun və gələcəkdə mübahisələndirmək imkanı yaratsın. Əlbəttə ki, müqavilənin notarial qaydada təsdiq edilməsi daha arzuolunandır. Onu da qeyd edək ki, gələcəkdə “müqavilə bağlanılmış, lakin müqavilə ilə razılaşdırılan məbləğ mənə - borc alana təqdim edilməmiş və bu haqda aramızda hər hansı bir akt imzalanmamışdır” kimi hallarla qarşılaşmamaq üçün razılaşmada həmçinin pulun borc alana təqdim edildiyi mütləq qeyd edilməli və ya borcun məbləği dəqiq rəqəmlə göstərilməklə əlavə bir aktla təsdiq edilərək qarşı tərəfə təqdim edilməlidir.
Onu da qeyd edək ki, pul vəsaitinin faizlə verilməsi lisenziyalaşdırılmış fəaliyyət olduğundan, fiziki şəxslərin xüsusi razılıq (lisenziya) almadan pul vəsaitini faizlə borc verməsi qanunsuz fəaliyyətdir, bu əməl inzibati və cinayət məsuliyyəti yaradır. Öz aranızda bağladığınız Müqavilələrdə pulun faizlə verilməsini qeyd etməyiniz arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Yəqin elə bu səbəbdəndir ki, bəzi borc verənlər borc alanı artıq məbləğə imza atmağa məcbur edirlər.
Bakı şəhəri, Albalılıq qəsəbəsi-212 ünvanda qeydiyyatda olan vətəndaş İsayev Çingiz Məmmədhüseyn oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirib ki, Hətəmov Rauf Arif oğlundan 2700 manat borc pul alıbmış. Rauf ona 6000 manat borca imza atdıraraq, notarial qaydada təsdiqlətdirmişdir. Şikayətçinin sözlərinə görə, aldığöı borcu Zamanov İlyas Füzuli oğlunun iştirakı ilə qaytarmışdır. Lakin Rauf həmin notariusda təsdiqlənmiş borc müqaviləsini əsas tutaraq "centlmen sövdələşməsi"ni pozmuş və onu məhkəməyə vermişdir. Üstəlik, bu azmış kimi onu alçaldıcı ifadələrlə təhqir etmişdir.
R. Hətəmovun eyni əməlindən Ucar rayonunun Bərgüçad kənd sakini Ədilov Yusif Ədil oğlu da qəzetimizə şikayətlənmişdir. Rauf yenə həmin Füzulinin vasitəçiliyi ilə ona verdiyi 3960 manatın əvəzinə 8000 manatlıq borc müqaviləsinə imza atdırmış və qəbz yazdırmışdır. Əməlini də bununla izah etmişdir ki, kağızı ona verdiyi pulu sələmlə götürdüyü şəxsə inandırmaq üçün göstərib sonra da tullayacaqdır. Borcu geri aldıqdan 5-6 ay keçəndən sonra isə məhkəmədə iddia qaldıraraq artıq pul tələb etmişdir.
Şikayətçilər bildirirlər ki, Rauf və Füzuli cütlüyü bu yolla 40-a yaxın şəxsin etibarından sui-istifadə edərək, onlara pul tələsi qurmuşlar. Onlar məsələnin ictimailəşdirilməsini, şikyətləriunin aidiyyati qurumlara çatdırılmasını, həmçinin məhkəmədə KİV-in iştirakının təmin olunmasını redaksiyadan xahiş etmişlər. Redaksiya olaraq, sözügedən məsələlərdə şahidlik edən notariusların da eyni şəxs olub-olmadığını araşdırırıq.