Sadiq oxucularımız xatırlayarlar, qəzetimizdə Bakı şəhəri, Nəsimi rayonu 2-ci mikrorayon Hüseynbala Əliyev küçəsi ev 17, mənzil 112-də yaşayan zabit-şəhid ailəsi Məmmədəliyeva Şəfiqə Məmməd qızının əslini Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının regional-idarəetmə yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev cənabına, surətini isə redaksiyamıza ünvanladığı ərizəsi dərc olunmuşdu.
Məmmədəliyeva yazırdı ki, 1992-ci ildə yeganə oğlu 7-illik ali hərbi təhsilli, 2 hərbi və musiqi məktəbini qurtarmış – zabit Məmmədəliyev Emil Oruc oğlu 21 yaşında Qarabağda 1 oktyabr 1992-ci ildə şəhid olub. Qeyd edirdi ki, 1999-cu ildən 16 ildir Azərbaycan Respublikası Prezidentlərinə – Heydər və İlham Əliyevlərə, Mehriban Əliyevaya, keçmiş və indiki müdafiə nazirlərinə, Bakı şəhər icra başçılarına bu günə kimi, Nəsimi rayonunun icra hakimiyyətlərinin başçılarına, bələdiyyələrə, departamentə, əmək və əhalinin sosial müdafiəsi nazirlərinə, keçmiş Memarlıq şöbəsinin rəislərinə, Bağlar İdarəsinin rəisinə qədər və s. ərizə ilə müraciət etmiş, amma indiyədək bu 23 ildə istədiklərindən heç birini Azərbaycan Respublikasından ala bilməmişdir - nə ev, nə torpaq, nə də bağ.
Ərizədən bəzi cümlələrin altını cızırıq: "52 ildir şəhərdə yaşayan adamam, mühəndis işləmişəm, əmək veteranıyam, zavodlar, müəssisələr tikib işlətmişik gecə-gündüz. Mən Sumqayıt şəhər “Azərkimya” şirkətində mühəndis işləmişəm. Böyük qızım müəllimədir, ingilis dilə üzrə iki diplomludur. Bakıda yaşayırdı. Balaca qızım isə Fərhad Bədəlbəylinin rus sektorun konservatoriyasını bitirib. 4 diplomlu musiqi müəlliməsidir. Xaricdə yaşayır. Hər ikisi evlidirlər. Özüm oğlumun tabutu evə gələndən sonra evdə yaşaya bilmədim. Evimizi satıb Bakıya getdim.19 ildir Bakıda yaşayıram. Bu günə kimi Prezidentə verilən məktubun cavabı nəticəsiz qalıb. Baxmayaraq məktubda da qeyd etmişdim ki, oğlum Məmmədəliyev Emil Oruc oğlu oxuduğu Sumqayıt şəhər 14 saylı məktəbin pedaqoji kollektivi yekdil rəyi bu olub ki, həmin təhsil ocağına şəhidin adı verilsin. Şuranın 24 may 1993-cü il tarixli 227 saylı protokolunda öz əksini tapıb. Naxçıvanskiy hərbi məktəbinin kollektivi 2-3 dəfə Sumqayıt şəhər keçmiş icra başçısının yanında olmuş, məktəbə oğlumun adının verilməsi təşəbbüsünə dəstək vermişlər. Bu günə kimi o da nəticəsiz qalıb.
Oğlum hərbi məktəbdə oxuyan vaxtdan yoldaşım xəstə idi. İndi də özüm xəstəyəm. Mənim oğlum yox idi, mənə maddi və mənəvi kömək etsin. Mən bir şəhid ailəsi kimi müraciət etdim ki, biz təqaüd alırıq. Aldığımız pullar ancaq dərmana çoxu gedir. Üstəlik tələbə uşağım da oxuyurdu. Bir balaca mənə nə köşk, nə yer vermədilər, bu günə kimi, mən də ondan istifadə edərdim. Mənə gələndə ancaq cavabları bu olur ki, qanun yoxdur mənim üçün filan maddəyə görə. Mənim pulum olmadığına görə qanun mənə aiddir. Bəs bu məmurlar, varlı adamlar üçün torpaq, yer, ev... Qanun onlar üçün yoxdur. Bakıda 500 min qanunsuz evləri tikib Bakı-Sumqayıt arasında villalar, restoranlar ucalıb. Şəhidlərin yeri varlı pullu insanlara satılıb. Onlardan da 2-3 sot nə olardı mənə verərdiz, heç olmasa oğlumun ruhu şad olardı ki, valideynlərinə Azərbaycan Respublikası kömək edir. Qaçqınlar, kənddən gələnlər hər yerdə evlər tikib kirayə verirlər. Mənim oğlum şəhid olmasaydı, qapıları mən döyən qadın deyildim".
Nəsimi rayonunun keçmiş icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev evimin yanında balaca köşk yeri ayrılması üçün məktub ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edibmiş. Sonradan RİH-nin təsərrüfat şöbəsinin müdiri Zemfira Xələfova Şəfiqə xanıma 11 iyun 2013-cü il tarixli M-497 saylı məktubunda yayındırıcı cavab yazıb: "Sizin torpaq sahəsi ayrılması ilə bağlı ərizənizə Nəsimi rayon İcra Hakimiyyətində baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı Nəsimi RİH-də olduğunuz zaman sizə köşk yeri ayrılmasına köməklik göstəriləcəyi bildirilsə də, bundan imtina etdiniz və xüsusi tikinti üçün boş torpaq sahəsi istədiniz. Nəzərinizə çatdırırıq ki, əməkdaşlarımız tərəfindən rayon ərazisində asudə torpaq sahəsi aşkar edilərsə, bu barədə sizi məlumatlandıracağıq".
Şəfiqə müəllimə isə bu məqama açıqlıq gətirərərk deyir ki, Zemfira Xələfova ona köşk yeri deyil, adicə dəmir budka, yəni daşınar əmlak təklif etmişdir. Sonradan Məmmədəliyeva bu təkliflə razılaşsa da, Xələfova əvvəlki vədindən də boyun qaçırmış, budkanı da departamentdən almaq lazım gəldiyini bildirmişdir. Bir sözlə, məmurlar (həm də qadın məmurlar) şəhid anası ilə ikili oyun oynayıblar.