Azərbaycan İdeyası

Bakının metro kralının Londonda böyük sərvəti var: - Hüseynovun oğlu əmlak biznesi ilə məşğuldur

Tarix:21-08-2019, 11:39
Baxış Sayı:174


Həbib Hüseynzadə Azəri-Çıraq-Günəşli yatağında qazma qurğusunda çalışır. Transmilli neft-qaz şirkətlərindən birində mühəndis kimi pis qazanmır. Amma bu qazancı ona Birləşmiş Krallıqda hazırda 4, 8 milyon funt sterlinq dəyərində aktivləri idarə edən şirkət qurmaq üçün yəqin ki yetərli sayılmazdı. Əgər atası Zaur Hüseynovun – “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sədrinin dəstəyi olmasaydı.
“Baku Oxford School”da orta məktəbi 2008-ci ildə başa vuran Həbib Britaniyaya gedib. Linkedin sosial platformasında o, Şotlandiyada əlavə orta təhsil (Gordonstoun School) aldıqdan sonda Edinburq Universitetinə daxil olduğunu xronikasına yazır. 22 yaşında Heriot-Vatt Universitetini neft mühəndisi ixtisası üzrə bitirib magistr diplomu ilə Bakıya qayıdıb. Hesablamalara görə, onun bu illər ərzində təkcə təhsil müəssisələrinə ödənilməli olan xərcləri 148.200 ABŞ dolları (indiki məzənnə ilə 252.000 manat) və 112.500 funt (indiki məzənnə ilə 239.000 manat) təşkil edib. Təhsil xərclərini qarşılayan atası Zaur Hüseynov həmin illərdə “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini işləyirdi. 2014-cü ilin fevralında Bakı Metropoliteninə yeni rəhbər gətiriləndən az keçmiş oğlu Həbib Britaniyada ali təhsilini tamamlayır, amma bu ölkə ilə əlaqələrini birdəfəlik kəsmir.
2014-cü ildə Həbib BP-nin Xəzər dənizində istismar etdiyi neft yatağında bir il təcrübə keçir. Dövlət Təhlükəsizlik Xidmətində bir il işləyəndən sonra yenidən BP-yə qayıdır. Elə burada işləyə-işləyə Plimut şəhərində (İngiltərə) “Pinnacle West Limited” şirkətini alır. Qısa müddətdə onu inkişaf etməkdə olan daşınmaz əmlak şirkətinə çevirir.

“Pinnacle West Limited” şirkəti iyun ayında növbəti maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, onun daşınmaz əmlaka yatırımları bu ilin fevral ayının sonuna 3 milyon 255 min funt təşkil edir. Bundan əlavə, şirkətin 1,5 milyon funtdan çox digər aktivləri (davam edən inşaat işləri və s.) də var. Hesabatlarda bu pulların mənbəyinin bank krediti deyil, “digər borc” olduğu göstərilir. Amma borcu bu gəncə kimin və hansı şərtlərlə verdiyi hesabatda əks olunmayıb. Təkcə son bir il ərzində Həbib Hüseynzadənin şirkəti 3,5 milyon funt məbləğində ortamüddətli borc götürüb.

“Pinnacle West Limited” şirkəti tikinti ilə məşğuldur və Callington əyalətinin (İngiltərənin cənub-qərbi) kəndlərindən birində ikimərtəbəli yaşayış evi inşa edib.
Şirkəti 2016-cı ilin fevralında Azərbaycanla sıx biznes təmasları olan Morqan Filips 50 funt məbləğində kapitalla təsis edib. Həmin ilin oktyabrında şirkətə nəzarət Həbib Hüseynzadəyə keçib. “Pinnacle West Limited” şirkətinin qeydiyyat ünvanı Plimut şəhərində Houndiscombe küçəsi, 6 nömrəli evdir. Bura hüquqi yardım xidmətləri göstərən şirkətlərdən birinin baş ofisidir. Həbib Hüseynzadənin şirkətinin faktiki ünvanı isə Morqan Filipsin çoxsaylı şirkətlərindən birinə məxsus Plimutdakı Embankment küçəsindəki mülkdür. M. Filipsin “Guardian Industrial (UK) Limited” şirkəti 2016-cı ildə “Azərişıq” QSC-yə 4 647 176 manat 52 qəpik dəyərində 1 fazlı və 3 fazı elektron sayğaclar satıb. Sayğacların alınması tender yolu ilə olsa da, onların sayı ictimaiyyətə açıqlanmayıb. Bu tenderin qalibi “Guardian Industrial (UK) Limited” və onun Azərbaycandakı törəməsi olan “Abşeron Engineering” MMC ortaqlığı olub. Amma onların heç biri istehsalçı deyil. “Guardian Industrial (UK) Limited” şirkəti Azərbaycana satdığı elektrik sayğaclarını bu ölkənin “Landis+Gyr” şirkətindən tədarük etdiyini bildirir. Bu şirkət elektrik enerjisi sayğacları ilə yanaşı, təbii qaz və su sərfiyyatını ölçmə cihazlarının istehsalçısıdır.
2008-ci ilin iyul ayında Bakıda yaradılan “Abşeron Engineering” MMC-nin direktoru Morqan Filips, təsisçisi isə onun həyat yoldaşı, Rusiya vətəndaşı Mayina (Emirxanova) Filipsdir. Bu ailə Azərbaycanda biznesə 2004-cü ildə başlayıb və burada daha bir neçə şirkəti (“Guardian İndustrial Azərbaycan” MMC, “Kaspi LM” MMC, “LMP İnternational” MMC, “QBS Qafqaz Bizness Servisləri” MMC və “BBX Beynəlxalq Bizness Xidmətləri” MMC) var. “Abşeron Engineering” MMC-nin korporativ internet saytında şirkətin Azərbaycandakı digər biznes qurumları ilə bərabər, “Azərişıq” ASC və “Bakı Metropoliten” QSC ilə də əməkdaşlıq etdiyi göstərilir. Metropoliten bu şirkətdən kommersiya və layihə idarəetmə xidmətləri əldə edib. Amma dövlət satınalmaları portalında bunu təsdiq edən məlumat yoxdur.
Bakının metro kralının Londonda böyük sərvəti var: - Hüseynovun oğlu əmlak biznesi ilə məşğuldurRusiya vətəndaşı Mayina Emirxanova və Morqan
Beləliklə, Britaniyada biznesini qurarkən Həbib Hüseynzadənin digərinə deyil, məhz Morqan Filipsə müraciət etməsinin səbəbləri aydın olur. Qeyd edək ki, Morqan Filips hələ də “Pinnacle West Limited” şirkətinin direktorlarından biridir və onu Həbib Hüseynzadə ilə birlikdə idarə edir.
Amma Həbib M. Filipsin biznesə dəstək verdikləri Azərbaycan vətəndaşlarının yalnız biridir. Rüfət Qasımov “Sun Property Development Limited” şirkətini, Ər Toğrul Musayev isə “RS Twenty 2 Limited” şirkətini Morqan Filipsin iştirakı ilə qurublar.
Həbib Hüseynzadənin özəl biznesdə iştirakının çevrəsi Britaniya suları ilə məhdudlaşmır, Abu Dabi (Birləşmiş Ərəb Əmirlikləri) sahillərinədək gedib çıxır. O, burada neft və qaz investisiyalarının rəqəmsal aktivlərə çevrilməsi məqsədilə yaradılan “Permian Holding SPV Ltd” şirkətinin müstəqil direktorudur. Bu şirkət Şərqi Texasda (ABŞ) kəşfiyyat və hasilatla məşğul olan bir Kanada şirkətində ümumi paya sahibdir.
Həbib həm də avtomobil həvəskarıdır. O, hər ikisi “090” nömrəsi daşıyan “Chevrolet Camry” və “Audi S7” minik avtomobillərinə sahibdir.
Bakının metro kralının Londonda böyük sərvəti var: - Hüseynovun oğlu əmlak biznesi ilə məşğuldurHəbib Hüseynzadənin avtomobili
Bir çox ekspertlər dövlət qurumlarında yüksək vəzifə tutan şəxslərin ailə üzvlərinin rəsmi gəlirlərindən qat-qat artıq məbləğlərlə ifadə oluna bilən həyat tərzi keçirməsini 2005-ci ildə qüvvəyə minən “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Qanunun işləməməsi ilə izah edirlər. Bu qanun dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərinin rəhbərlərinə, yəni həm də “Bakı Metropoliteni” QSC-nin İH sədrinə də şamil olunur. Qanunun işləməsini əngəlləyən Nazirlər Kabinetinin məmurların təqdim etməli olduqları bəyannamənin formasını hələ də təsdiq etməməsidir.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, Azərbaycan Avropa məkanında vəzifəli şəxslərin gəlirləri bəyan edilməyən yeganə ölkədir. “Bizim QHT 2013-cü ildə beynəlxalq təcrübəni nəzərə almaqla gəlir bəyannaməsinin formasının layihəsini hazırlayıb Nazirlər Kabinetinə təqdim etdi. Oradan sənədi Vergilər Nazirliyinə göndərdilər. Nazirlik bizə cavab verdi ki, “təklifiniz nəzərə alınacaq”.
Bununla belə, Ə. Nuriyev düşünür ki, korrupsiyaya qarşı mübarizədə məmurların gəlir bəyannaməsinin mövcudluğu “bütün dərdlərin dərmanı deyil”. Yəni, bununla korrupsiyanın kökünün kəsiləcəyini demək sadəlövhlük olar, amma bu, həmin istiqamətdə əhəmiyyətli alətlərdən biridir”.
Azərbaycan Açıq Hökumət Platforması Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə birgə yeni Açıq Hökumətin Təşviqinə dair 2020-2022-ci illər üzrə Milli Fəaliyyət Planı (MFP) üzərində çalışır. Planın Yol Xəritəsini vətəndaş cəmiyyəti institutları hazırlayıb. Burada ən mühüm istiqamətlərdən biri şəffaflığın təmin edilməsi, o cümlədən vəzifəli şəxslər tərəfindən gəlir bəyannaməsinin təqdim edilməsidir. Təkliflər arasında qeyd olunan qanunun müasir tələblərə uyğun olaraq yenidən işlənməsi də var. Ə. Nuriyev deyir ki, prosesə cəlb olunmuş QHT-lər bu bəyannamənin formasının qəbul edilməsi elə MFP-nin icrasının birinci ilinə tövsiyə ediblər.
“Təkliflər arasında maliyyə və əmlak amnistiyasının elan edilməsi də var. Gəlir bəyannaməsinin təqdim olunması “müəyyən proseslərin” başlanmasına təkan verə bilər. Bunu önləmək və “yeni səhifədən başlamaq” amnistiyasına ehtiyac var. Əslində 1993-cü ildə Azərbaycanda “Varidata təminat verilməsi haqqında” Konstitusiya qanunu qəbul edilib və o qüvvədədir. Sadəcə, qanunu yeni şəraitə uyğunlaşdırmağa ehtiyac var”, – ekspert deyib.

“Bakı Metropoliteni” QSC-nin İH sədri Zaur Hüseynov oğlunun biznesində iştirakı barədə ona ünvanlanmış suala cavab verməyib. //reyting.az//

OXŞAR XƏBƏRLƏR
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası