Son günlər havaların yağmurlu keçməsi Bakı Beynəlxalq Avtovağzalının ərazisində yaranan çatların biraz daha böyüməsinə səbəb olub.
"Korrupsiya və Qanun" qəzeti anspress-ə istinadən xəbər verir ki, bu böyümə daha çox istinad divarları qurulmuş ərazinin arxa hissəsində, daha dəqiq 2-ci mərtəbədə yerləşən şəhər avtobusları üçün dayanacaqda görünür. Lakin bütün bunlara baxmayaraq ərazidə bərkitmə işləri aparılır. Avtovağzalın ikinci mərtəbəsinin dayanacaq hissəsinə giriş çıxış da bağlı olduğu üçün insanlar ərazidən istifadə edə bilmir ki, bu da müəyyən qədər çətinliklər yaradıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat xidmətinin rəisi Ələmdar Piriyev də ərazidə çatların nisbətən genişləndiyini təsdiqləyib: "Son günlər havaların yağıntılı keçməsi çatların sayını və həcmini artırıb. Daha dəqiq desək Sumqayıt istiqamətinə gedən keçid yolun altında bir iki yeni çat yaranıb. Qurulan istinad divarları nəticəsində çatların qarşısı müəyyən qədər alınıb. Çatların genişlənməsinə səbəb isə tökmə torpaqların bərkiməsi ilə əlaqədardır. Mən özüm isə bir dənə çat artdığını gördüm".
Xidmət rəisinin sözlərinə görə, hazırda da ərazidə bərkitmə işləri aparılır və quraşdırılan dəmir betonlar və istinad divarları nəticəsində son günlər ərazidə sürüşməsinin müşahidə edilmədiyini ortaya çıxarıb.
Hazırda yağış suları da həmin istinad divarı quraşdırılan divardan aşağı tökülür və buna baxmayaraq divar sürüşmənin qarşısını alıb. Hazırda ərazidə betonlama və bərkitmə işləri davam etdirilir və ərazidə nisbi sakitçilikdir. "Yağışlar davam etdiyi təqdirdə də çatlarda çoxda genişləmə olmayacaq. Ancaq tökülən torpaqların təbii halda bərkiməsi ilə əlaqədar biraz artma ola bilər. Lakin insanların narahat olması üçün heç bir əsas yoxdur".
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki çatlar oktyabr ayının əvvəllərində yaranmağa başlayıb. Ərazinin hər gün bir az daha qəzalı vəziyyətə düşdüyünü görən "Azəryolservis" ASC-nin əməkdaşları ərazidə ən böyük təhlükə mənbəyinə çevrilmiş istinad divarının söküntüsünə başlamışdılar.
Lakin ən diqqət çəkən məqam o idi ki, yolda yaranan çatların səbəbini araşdırmaq əvəzinə bəzi qurumlar həmin çatların üzərinə asfalt tökməklə kifayətləniblər. Mütəxəssislər isə həmin çatların üzərinin örtülməsini səhv addım kimi qiymətləndirirdilər.
Ələmdar Piriyev sürüşməyə səbəb kimi, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının ərazidəki yaşıllıqları həddindən artıq çox suvarmasını göstərmişdi.
Hazırda sürüşmə ilə əlaqədar avtovağzalın ikinci mərtəbəsində yerləşən dayanacağa giriş və çıxış iki tərəfdən də məhdudlaşdırılıb.