Azərbaycan İdeyası

52 saylı məktəbin direktorunun varvarlıq aktı - Məcburi köçkün ailəsinin ocağını dağıtdı

Tarix:15-12-2022, 10:18
Baxış Sayı:69

Füzuli rayonundan məcburi köçkün düşmüş Şamiyev Emin Asif oğlunun və qardaşı Sənanın Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xətti ilə mənzilə sahib olmaq uğrunda mücadiləsi zaman-zaman “Korrupsiya və Qanun” qəzetində ictimailəşdirilərək, oxucularımızın diqqətinə çatdırılmışdır. Olub ki, Şamiyevlərin bütün sənədləri təqdim etdikləri Komitə tərəfindən onların ünvanına adlarının mənzil veriləcək şəxslərin qeydiyyatına salındıqlarını təsdiqləyən cavab (Komitənin 11.06.2020-ci il tarixli 02/808 saylı məktubu) gəlmişdir. Daha sonra nədənsə Komitə bu cavabı unudub, başqa bir məktubunda “məsələyə müvafiq qaydalar əsasında baxılacaqdır” cavabı vermişdir. Bu iki cavabın arasındakı fərqin səbəbi isə izah edilməmişdir. Bəlkə “müvafiq qaydalar” dəyişib? – Açıqlama verilməyib.
Yasamal rayonunun 52 saylı məktəbinin həyətində ailəsi və körpə uşağı ilə məskunlaşmış Şəmiyevləri qovmaq üçün məktəb rəhbərliyi hələ 2018-ci ildə müxtəlif vasitələrə, insanlığa yaraşmayan vəhşi üsullara əl atmışdır. Məktəbin keçmiş direktoru guya ərazini oğrulardan hasarlamaq adı ilə ailənin yaşadığı tikili tərəfdən küçəyə çıxışını bağlamış, gah ailənin istifadə haqqını ödədiyi elektrikin təchizatını kəsdirmiş, gah da ailənin gəlininin əlindən daxmanın açarlarını zorla almışdı.
Yasamal Rayon İcra Hakimiyyətinin də Şamiyevlərlə bağlı sorğumuza cavabı bəlli idi. Rayon rəhbərliyindən redaksiyamıza göndərilən 03.08.2018-ci il tarixli 160/d-PA saylı məktubda bildirilirdi ki, 52 saylı orta məktəbin ərazisindəki tikilidə məskunlaşmış məcburi köçkünlərin məskunlaşdıqları yerdən çıxarılması nəzərdə tutulmur, lakin zəruriyyət yaranacağı təqdirdə məcburi köçkünlər yaşayış sahəsi ilə təmin olunacaqlar”.
Məktəbin sabiq direktorunun idarəçiliyi dönəmində təhsil müəssisəinin ərazisi müxtəlif hüquqi və fiziki şəxslərə qanunsuz olaraq satılıb - ərazidə fərdi ev tikilib, fərdi bağ salınıb, su hovuzu inşa olunub. Əlbəttə ki, bütün bunlar istər məktəb rəhbərliyinin, istər Rayon İcra Hakimiyyətinin, eləcə də Təhsil Nazirliyinin xəbəri olmadan baş tuta bilməzdi. Çünki Şamiyevlərin yaşadıqları tikilidə hər hansı artırma inşa etmək, “daş üstünə daş qoymaq” cəhdlərində “uzaq məsafədən çəkic səslərini eşidən” 56 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları dərhal başlarının üstünü kəsdirərək mane olmuşlar. Elə bu darısqallıq səbəbindən Şamiyev Emin kirayəyə çıxmağa məcbur olmuş, məktəbin həyətindəki tikilidə yeni ailə quran Sənan yaşamaqda davam etmişdir.
Amma acınacaqlı həyat tərzi, işsizlik, maddi çətinliklər Sənan Şamiyevi mənəvi-psixoloji düşkünlüyə məruz qoymuş və o, narkomaniyaya qurşanır. Bu səbəbdən onun gənc ailəsi də dağılır, həyat yoldaşı qucağında körpə uşağı ilə yoxa çıxır. Sənanın anası Xuraman Quliyeva polisin axtarışının nəticə vermədiyini düşünüb özü axtarmağa başlayır və bir ay sonra gəlinini, nəvəsini sığınacaqdan tapır. Ona həm də məlum olur ki, polis (Yasamal RPİ-nin 29-cu PB və Bakı şəhər BPİ) gənc ana və uşağı tapsa da, onların yaxınlarına xəbər verməyib. Xuraman xanım polisin bu barədə 26.02.2021-ci il tarixli qərarını sonradan 29-cu PB-dən götürüb. Hər dəfə polisə müraciətində ona deyirmişlər ki, Sənan və həyat yoldaşı Səma bir-biri ilə yola getmirlər. Halbuki, Səma özü qucağında uşağı ilə yaşadığı yeri trərk edib 29-cu PB-nə gedib və qaçaq düşməyə məcbur olmasının əsl səbəbini – polisin sözügedən ərazidə narkomanların toplaşmasının və oğurluğun artmasının qarşısını ala bilməməsi olduğunu bildiribmiş. Təəssüf ki, polis cinayət işi açmalı olduğu halda, oğru və narkomanları axtarmaq vəzifəsini unudub.
Sənanı sağlam həyata qaytarmaq, gənc ailənin birliyini bərpa etmək istəyən anası X.Quliyeva oğlunun nəzarətə götürülməsi, narkomanlardan uzaqlaşması üçün DİN-nin “102” xidmətinə və yerli polis orqanına (Yasamal RPİ-nin 29-cu PB-nə) dəfələrlə müraciət etmişdir. Onun fikrincə, polisin sözügedən ərazidə həyata keçirdiyi narkomaniyaya qarşı mübarizə işi qənaətbəxş səviyyədə deyildi.
Məhkəmə Sənan Şamiyevin məcburi qaydada müalicə olunması üçün ixtisaslı tibb müəssisəsinə yerləşdirilməsinə qərar versə də, bu məsələ bürokratik əngəl səbəbindən ləngimişdir. Nəhayət, anasının səyləri hesabına Sənan müalicə müəssisəsinə yerləşdirilir. Sənanın narkoloji dispanserdə müalicə aldığı həmin ərəfədə anası X.Quliyevanın da haqq və hüquqlarının tapdalandığı məhkəmə çəkişmələrinə başı qarışdığından, məktəbin hazırki direktoru Qabil Nəsibov evdə heç kimin olmadığını fürsət bilərək “dərəni xəlvət” görüb Şamiyevlərin məskunlaşdıqları tikilinin dağıdılmasına göstəriş verir, qapı-pəncərəsini qırdırır. Adını da qoyur ki, həmin ev “narkomaniya yuvası”dır.
Təbii ki, bundan xəbər tutan X.Quliyeva “Sən kimsən ki, ev dağıdırsan, polissən, icra məmurusan, ya nəsən?” sualını vermək üçün məktəbin direktoru ilə görüşməyə can atır. Lakin direktor Q.Nəsibov ona deyir ki, “Qaçqınkomdan bizə məktub gəlib, siz burda köçkün deyilsiz!” X.Quliyeva ondan həmin məktubu göstərməsini, mümkünsə surətinin çıxarılıb verilməsini istəyir. “Yox” cavabı alır. Bu imtina onunçün gözlənilməz deyildi; əmin idi ki, Komitə məktəbə belə cavab yaza bilməz.
Daha sonra X.Quliyeva Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Əli Abdullayevin qəbulunda olur, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerdən çıxarılmamasına dair dövlət sənədlərini sadalayır, özünmün və övladlarının acınacaqlı vəziyyətini izah edir. Lakin, məmur ona heç cür kömək edə bilməyəcəyini deyir.
X.Quliyeva həmçinin öyrənməyə müvəffəq olub ki, məktəbin rəhbərliyinin, o cümlədən Daşqın adlı təsərrüfat müdirinin ərazidə veyillənən narkomanlarla problemi var. Bu isə o deməkdir ki, problemin dərinləşməsinin səbəbkarı müalicə müəssisəsində olan Sənan deyil. Daşqın özü ona etiraf edib ki, narkomanlar onu danışdırıb videoya çəkiblər. Yəqin, danışılması məqbul sayılmayan nələrsə ağzından çıxıb, yoxsa, narahat olmazdı. Bəlkə də narkomanlarla məhrəmn söhbət edərkən o da onların əhvalında, ovqatında olub – nə bilmək olar?
X.Quliyevanı indi küçələrdə gecələmək məcburiyyətində qalan övladlarının acı aqibətindən savayı bir sıra başqa suallar da düşündürür və narahat edir: Əgər məcburi köçkünlərin doğma yurdlarının işğaldan azad olunanadək müvəqqəti məskunlaşdıqları yerlərdən qovulmaması, mənzillə təmin olunmaları zərurət idisə, niyə onun ailəsinə münasibətdə ayrı-seçkilik edildi?
“Korrupsiya və Qanun” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye