İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olan, hazırda Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan İmran Fəxrəndə Şamil qızı redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdir ki, 2018-ci ilin avqust ayında həyat yoldaşının əmisi oğlu Azmat Şabir Xana qızıllarını girov kimi verərək əvəzində 300 manat borc pul götürmüşdür. Razılaşıblar ki, 2019-cu ilin may ayında pulu geri qaytaranda qızılları da götürər. Lakin o, təyin olunmuş müddətdən də qabaq pulu hazırlayıb Azmata qaytarmaq istəyəndə, o, qızılları satdığını demişdir. Bu cavabı eşidəndən sonra Fəxrəndə xanım ərazi polis bölməsinə şikayət etmişdir. Yazır ki, ondan məsələnin müsbət həlli üçün pul istəyiblər. İmkanı olmadığı üçün israrla yuxarı orqanlara müraciət edəcəyini deyib, buna ehtiyac olmadığını bildiriblər. 30-cu Polis Bölməsinin sahə müvəkkili Anar Məmmədov tərəflərin hər ikisini dinləyib izahatlarını alıb. Pakistan vətəndaşı olan Azmata xəbərdarlıq edib ki, Fəxrəndə xanımın qızıllarını qaytarmasa, onu ölkədən deportasiya etdirəcək.
"Lakin, bir müddət keçdikdən sonra Azmat mənə zəng edərək dedi ki, "bəs necə oldu, məni deportasiya etdirirdiz, mən pulumu verib işimi gördüm". Bu söhbətdən sonra mən polis bölməsindən qərarı tələb etdim. Lakin, qərar mənə verilmədi. Mən orada bildirdim ki, məsələyə obyektiv yanaşılmasa, daxili işlər nazirinə məktubla müraciət edəcəyəm, problemimi kütləvi informasiya vasitələrində ictimailəşdirəcəyəm. Amma polis orqanı mənə heç bir köməklik etmədi".
Vətəndaş İmran Fəxrəndə Şamil qızını redaksiyaya dəvət edib əlavə məlumatlar aldıq. Fəxrəndə xanım redaksiyaya özü ilə birlikdə Azmat Xandan şikayətlənən başqa bir vətəndaşı da gətirmişdi. İkincinin şikayəti barədə bir az sonra. Elə Fəxrəndə xanımın yanındaca polis sahə müvəkkilinə telefonla zəng vurub məsələ ilə bağlı bizi maraqlandıran sualları verdik. Sahə müvəkkili bildirdi ki, Fəxrəndə xanım ona müraciət etməyib, qərarı istəməyib. Bu gözlənilməz cavabı eşidib təəccüblənən Fəxrəndə xanım telefon dəstəyin alıb polis sahə müvəkkilindən niyə yalan danışdığını soruşdu, onu fakt qarşısında qoydu.
Daha sonra Azmat Xan adlı şəxsə zəng etdik, mübahisə edən tərəfləri danışdırdıq. Azmat küçə söyüşləri ilə Fəxrəndə xanımı söydü ki, bu da rabitə vasitəmizin səsyazmalar qovluğunda saxlanılıb.
İkinci şikayətçi Fəxrəddin Hüseyinov isə 2019-cu il fevral ayının əvvəllərində Azmat Xandan nisyə mal aldığını və bununla da təzyiqə, təhqirə məruz qaldığını yazır: "Gəldi, fevralın ortalarında 30 AZN pul verdim. Fevralın 19-u hüzrümüz düşdü, anam rəhmətə getdi. Martın ortaları gəlib pul istədi. Hüzn xərcinə düşdüyüm üçün mən ona pul verə bilmədim. Dedim yas mərasimlərini başa çatdıraq, təqribən aprelin ortalarında pulu verərəm. Martın 30-na təsadüf edən 40 mərasiminə də dəvət etdim ki, gəlib məclisi görsün, onu aldatmadığıma şahid olsun. O, həmin günü bizə gələndə elə bildim ki, mənə başsağlığı verməyə gəlib. O isə məni millətin içində biabır etmək istədi. Məclisin ortasında qışqır-bağır salmağa başladı ki, bəs mənim pulumu ver. Üstümdə pul olmadığı üçün başqa adamlardan 50 AZN borc alıb ona verdim, dedim ki, 5, ya da 10 günə gələrsən, daha 30 AZN verəcəyəm. O, aprelin 2-si mənə zəng edib pul istədi. Mən ona telefonla dedim ki, maaş alıb pulunu verəcəyəm. Aprelin 4-ü təkrar zəng edib pul istədi. Mən ona xatırlatdım ki, biz maaşımı gözləyəcəyimizi danışmışıq. Mən bu sözü deyən kimi başladı məni dillə deyilməsi, yazılması mümkün olmayan sözlərlə təhqir etməyə, hədələməyə. Mənə deyir ki, dostlarım var, onlara deyərəm, apararlar səni dəniz qırağına, başına oyun açdıraram. Azmat Xan mənə deyir ki, xarici ölkə vətəndaşı olduğuna görə, onun toxunulmazlıq statusu var, ona heç kim heç nə edə bilməz, amma o, özü kimə nə istəsə edə bilər. Axırda ağlına gələn sözlərlə məni təhqir etdi. Ona dedim ki, ondan Miqrasiya Xidmətinə şikayət edəcəyəm. Miqrasiya Xidmətinin də ünvanına təhqiramiz sözlər işlətdi, dedi ki, onsuz da sizin hakimiyət rüşvətlə işləyir, pulu çoxdur, istəsə satın ala bilər.
Polis sahə rəisləri və inspektorları nəzarət etdikləri inzibati sahədə cinayətlərin törədilməsinə şərait yaradan halların vaxtında müəyyən olunması və aradan qaldırılması istiqamətində bütün işləri görməli və öz funksional vəzifələrini «Polis sahə rəisinin işinin təşkilinə dair» Təlimata uyğun olaraq həyata keçirməlidirlər. Amma təəssüf ki, yerlərdə aparılan müşahidələr və bəzən KİV-ə də gəlib çatan şikayətlər göstərir ki, polis sahə inspektorları qanunsuzluqlara yol verirlər.
Beləliklə, məsələnin ictimailəşdirilməsindən sonra hüquq-mühafizə orqanının atacağı növbəti addımları gözləyirik. Çünki, KİV-də açıq çıxış aidiyyati qurumlara rəsmi müraciət statusu daşıyır.

"korrupsiya-q.az