Ötən əsrin 80-90-cı illərində erməni təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin məskunlaşma problemi demək olar ki, həllini tapmışdır. Bu qəbildən olan insanlar üçün Azərbaycanın müxtəlif şəhər və raonlarında çoxmənzilli binalar tikilmiş, qəsəbələr salınmışdır. Dövlətimiz ötən illər ərzində qaçqın və məcburi köçkün statuslu şəxslərə müxtəlif imtiazlar vermiş, maddi ardımlar göstərmişdir.
Lakin bu kateqoriyadan olan insanların bəzən öz statuslarından sui-istifadə etmələri, hələ bu azmış kimi, başqalarının qanunsuz əməllərinə də alət olmaları ayrı bir sosial problemdir desək, yanılmarıq.
İmişli rayonunun Qaralar kənd sakini Xudiyev Nəriman Əhməd oğlu "Korrupsiya və Qanun" qəzetinin redaksiyasına ərizə ilə müraciət edərək, təsərrüfatına aid torpaq sahəsinin qonşusu tərəfindən qanunsuz istifadə edildiyini, evinin əşyalarının talandığını, üstəlik, böhtana məruz qaldığını bildirmişdir:
"Mən kənd təsərrüfatı və sahibkarlıq fəaliyyəti ilə məşğulam. Mənə məxsus təsərrrüfatımda ferma və 30 hektar torpaq sahəm var. Həmin torpaq sahəsində yonca əkmişəm. Mənim xəbərim olmadan qonşu təsərrüfatın sahibi Kamal adlı şəxs 500 baş heyvanı mənə məxsus olan torpaq sahəsində çobanlarına otlatdırıb. Mənə xəbər gəldi ki, sənin əkin sahələrini otarırlar. Mən gəldim gördüm ki, həqiqətən də mənə məxsus olan hər iki evin qapısı açıqdır, içində olan əşyaları (televizor, elektrik motoru, 25 metr uzunluğunda döşəmə örtüyü, xalça, qab-qaşıq), bir sözlə, hər nə varsa, aparıblar. Mən çobandan soruşdum ki, "sən mənim şəxsi təsərrüfatımda nə gəzirsən, səni bura kim gətirib". O da cavabında dedi ki, "məni bura Kamal gətirib". Soruşanda ki, "əşyalar hardadır" - mənə cavabında dedi ki, "get işinlə məşğul ol, mən məcburi köçkünəm, mənə heç kim heç nə edə bilməz, nə etmişəmsə, yaxşı etmişəm". Mən dərhal 14.10.2019-cu il tarixdə saat təxminən 14:00 radələrində Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng etdim. Mənim zəngimdən sonra İmişli RPŞ-nin PPX-nin əməkdaşları sahəyə gəldilər. Həmin mənə məxsus sahədə hevanların və onları otaran çobanın şəklini çəkdilər. Polis işçiləri ilə gəldik fermada mənə məxsus olan evə. Evin boş olmasının şəklini çəkdilər. Biz polis əməkdaşları ilə oradan kənarlaşdıqdan sonra həmin məcburi köçkün olan çoban DİN-nin "102" xidmətinə zəng vuraraq, özünü qorumaq məqsədi ilə yalandan məlumat vermişdir ki, guya mən onu döymüşəm".
Şikayətçi həmçinin qeyd edir ki, məsələ ilə bağlı yuxarı orqanlara müraciət etməyinə baxmayaraq, onun şikayəti təmin olunmayıb. Odur ki, başına gələnlərin KİV-də ictimailəşdirilməsini xahiş etmişdir.
Azərbaycan dövləti iş adamlarının, ələlxüsus da kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətini stimullaşdırır, onların işinə süni maneələrin olmaması, lüzumsuz yoxlamaların qarşısının alınması, bürokratik əngəllərin aradan qaldırılması üçün davamlı tədbirlər görülür. Belə olan təqdirdə bütün faktlar ortada olduğu halda İmişli polisinin Nəriman Xudiyevin qanuni mənafeyinin qorunması üçün gərəkən addımları atmaması təəccüblü görünür. Axı hadisə baş verən həmin gün insident iştirakçısı olan şəxslərin "102" xidmətinə etdikləri zənglərin tarixlərini tutuşdurmaq, Kamal adlı şəxsi dindirmək eləmi çətin işdir? Bundan başqa, Xudiyevin bildirdiyinə görə, onun zəngindən sonra sonra hadisə yerinə gələn polis əməkdaşları çobanı görüb şəklini çəkmişlər. Əgər o vaxta kimi döyülmüş olsaydı, niə polis gəlmişkən ilkin dindirmədə yerindəcə şikayətini etməyib? Yox, əgər Xudiyevin çobanı həqiqətən döymək fikri var idisə, daha özü polisi niyə çağırırdı? Ən nəhayət, Xudiyev çobanı döymüşsə də belə, bəyəm bu hal, sahibkarın əmlakının talanmasına görə çobanı, və (və ya) onun havadarı Kamalı məsuliyyətdən azad edirmi?. Bu sadalanan suallara aydınlıq gətirmək ibtidai istintaq üçün "2 X 2" hesabı qədər asan olmalıdır. Əlbəttə, əgər səriştə varsa.

Korrupsiya və Qanun qəzetinin Imişli rayonundan xüsusi müxbiri ;
Adəm Allahyaroğlu