Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 102-ci ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.
Artıq 24 ildir ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 martı peşə bayramı günü kimi qeyd edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.
Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin (kvartirmeyster) təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən, mövcud quruluşu qorumaq, həmin totalitar rejimin ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.
Uzun müddət bu xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına imkan verilməyib. Yalnız gənc yaşlarından özünün yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitrətən kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi orqanında rəhbər vəzifələr tutduqdan sonra şəxsi heyətdə yerli və milli kadrların sayının artırılması, onların irəli çəkilməsi, eyni zamanda, azərbaycançılıq ruhunda tərbiyə edilməsi mümkün olub. Ümummilli lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Həyatının 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən Ümummilli Lider o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaratdı, milliləşdirmə siyasətinin əsasını qoydu və bu məqsədə nail oldu. Ulu Öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və əlbəttə ki, təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynadı.
Bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Ölkədə güclü ordu quruculuğu siyasəti yürüdən dövlətimizin başçısının uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatlarının aparılmasını da diqqət mərkəzində saxlayır. Bu islahatların mühüm tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, ilk növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.
Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərəsizləşdirilib, onların tərkibinə daxil olanlar cinayət məsuliyyətinə cəlb edilib. Bu dövrdə transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi uğurlar qazanılıb. Son illərdə ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.
Ölkəmizdə təhlükəsizlik orqanlarına göstərilən yüksək diqqət və qayğı göstərir ki, təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsidir.
Azərbaycanın təhlükəsizlik orqanları builki peşə bayramlarını unudulmaz hisslərlə - Qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və Şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.
Ötən ilin dekabrında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı və həmin mərasimin davamı olaraq, DTX-nin Mədəniyyət mərkəzi tərəfindən
məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə möhtəşəm konsert proqramının təşkili təkcə xüsusi xidmət orqanlarının şəxsi heyətinə deyil, hər bir azərbaycanlıya unudulmaz hisslər bəxş etdi.
Azərbaycanın təhlükəsizlik orqanlarının əbədiyaşar lideri, xalqımızın ulu öndəri Heydər Əliyev deyirdi: "Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun". Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur, milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə xalqımıza və dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik nümunələri göstərirlər.