Azərbaycan İdeyası

Milli valyutaya etibar etməyən lombard: “Oğlun müharibədə cəhənnəmə iştirak edib!”

Tarix:27-05-2021, 13:12
Baxış Sayı:687

Son vaxtlarda banklar tərəfindən girovsuz kreditlərin verilməsi şərtlərinin sərtləşdirilməsi vətəndaşların qızıl və zinət əşyalarını girov qoyaraq kredit götürməyə sövq edir. Lakin sözügedən sahədəki mövcud durum vətəndaşların ciddi narazılığına səbəb olur. Vətəndaşlardan girov götürülmüş qızıl və zinət əşyalarının dəyərinin düzgün qiymətləndirilməməsi, onların qiymətlərinin real bazar qiymətlərindən təxminən iki dəfə və daha artıq aşağı olması, brilyant və digər zinət əşyalarının qiymətlərinin qızılın qiyməti ilə eyni götürülməsi və sair ictimai narazılığı artırmaqdadır. Hətta bəzi lombardlar tərəfindən vətəndaşlara xəbərdarlıq edilmədən girov qoyulmuş qızıl və zinət əşyalarının satılması və pullarının mənimsənilməsi hallarının artması da lombardlar və girov qoyanlar arasında münaqişə və mübahisə hallarının artması ilə nəticələnir.

Lombardların fəaliyyəti ilə bağlı ictimai narazılıq və narahatlıq uzun illərdir mövcuddur və bu proses gələcəkdə də davam edəcək. Banklara Azərbaycan Mərkəzi Bankı, sığorta şirkətlərinə Maliyyə Nazirliyi nəzarət etdiyi halda, lombardların fəaliyyətinə nəzarət edəcək hər hansı dövlət qurumu yoxdur. Digər tərəfdən, lombardların fəaliyyəti ilə bağlı konkret standartlar olmadığı üçün, onlar özlərinin istədikləri formada fəaliyyət göstərirlər. Lombardlar vətəndaşların girov qoyduqları qızıl və zinət əşyalarının qiymətləndirməsini özlərinə məxsus qaydada həyata keçirirlər. Girov qoyulan qızıl və zinət əşyalarının qiymətləndirilməsinin müstəqil qiymətləndiricilər tərəfindən aparılması əsas şərt olsa da, lombardlar bu prosesin aparılmasını özlərinə yaxın olan qiymətləndiricilərə həvalə edirlər. Bu səbəbdən də vətəndaşların girovları çox aşağı səviyyədə qiymətləndirilir. Bu zaman girov qoyanların deyil, lombardların mənafeləri güdülür. Qiymətləndiricilər qızıl və zinət əşyalarını real bazar qiymətlərindən xeyli az, bəzən də 50 faiz aşağı götürməklə lombardların marağına xidmət edən məzənnə müəyyənləşdirirlər.

Lombardlardan fərqli olaraq banklar verilmiş kreditlər və onların faizləri vaxtlı-vaxtında ödənilmədiyi halda, vətəndaşlara bir neçə dəfə xəbərdarlıq edir: "Sonuncu xəbərdarlıqda bildirilir ki, faiz, yaxud kredit ödənilməzsə, girov qoyulmuş əşyalar satışa çıxarılacaq. Bununla bağlı yerli məhkəmə instansiyasına müraciət edilir. Məhkəmə bankın xeyrinə qərar qəbul edərsə, o zaman əmlak satışa çıxarılır. Əks halda, girov qoyulmuş əmlakın satılması qanunvericiliklə qadağandır. Amma lombardlar üçün belə qanunvericilik aktı mövcud deyil. Digər tərəfdən, lombardlarla vətəndaşlar arasında bağlanan müqavilələrlə bağlı problemlər də çoxdur. Çünki lombardlar müqavilələri özlərinə sərf edən formada hazırlayırlar. Vətəndaşlar isə həmin sənədləri oxumadan, şərtlərlə tanış olmadan imzalayırlar. Bu da sonrakı mərhələdə müəyyən anlaşılmazlıqların yaranmasına, qanun pozuntularının baş verməsinə gətirib çıxarır.

Hüquqşünas Namizəd Səfərovun sözlərinə görə, kredit götürənə hər hansı formada xəbərdarlıq edilmədən lombardların girov qoyulmuş qızıl və zinət əşyalarını satmaları tamamilə qanunsuz bir prosesdir. Onun dediyinə görə, kredit götürən pulu geri qaytara bilmirsə, lombardlar qarşı tərəfə mütləq xəbərdarlıq etməli və bağlanmış ikitərəfli müqaviləni poza bilər. Lakin bununla belə məhkəmə orqanının qərarı olmadan lombardın hər hansı müştərinin əmlakını satmağa ixtiyarı və səlahiyyəti yoxdur. Əgər hər hansı zərərçəkmiş şəxs özünün haqlı, lombardın haqsız olduğunu düşünürsə, ödəmələrdə gecikmələrə yol vermirsə və pulları tamamilə ödəyirsə, lombardların ona qarşı qeyri-qanuni hərəkətlər etdiklərinə əmindirsə, mütləq məhkəmə instansiyalarına müraciət etməlidirlər. Zərərçəkmişlər təkcə qızıllarını geri istəməklə kifayətlənməməli, hətta ona vurulmuş maddi və mənəvi zərərin əvəzini də tələb edə bilərlər. Hətta lombardın fəaliyyətində cinayət tərkibli əməllərin olduğunu sübuta yetirə bilərsə, zərərçəkmiş onun haqqında cinayət işinin başlanmasını da hüquq-mühafizə orqanlarından və məhkəmədən tələb edə bilər.

İndi çəkəcəyimiz misalda zərərçəkən onun razılığı olmadan əmlakını satan lombarddan polisə şikayət edib. Lakin polis lombardın əməlində cinayət tərkibi görməyib. Heç lombarddan soruşmayıb ki, girov götürdüyün əmlakın qiymətləndirilməsinə münsif qismində kimi dəvət etmisən.

Mehdiabad qəsəbəsi Yeni məhəllə ünvanda yaşayann Əliyev Məmməd Həsən oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirib ki, 2019-2020-ci illər ərzində nağd pula ehtiyacları olduğu üçün anası Natəvana məxsus ümumilikdə 12000 (on iki min) manat dəyərində 100-110 qram vəznində qızıl-brilyant zinət əşyalarını yaşadığı qəsəbədə lombard fəaliyyəti ilə məşğul olan Həsənova Elmira Bəybala qızına girov kimi verərək 6 faiz sələm ödəmək şərtilə ondan ilin müxtəlif vaxtlarında üst-üstə 4000 (dörd min) manat pul götürmüşdür. Anasının cərrahi əməliyyata məruz qalması səbəbindən 2020-ci ilin avqustunadək borcun faizini və əsas hissəsini ödəyə bilməmişdir. 2020-ci ilin avqust ayında Elmiranın məsələyə qoşduğu, özünü bank işçisi kimi təqdim edən Rafael adlı şəxsin qızılların satılacağı barədə ona etdiyi xəbərdarlıqdan sonra dostundan 2000 (iki min) manat borc alıb Elmiranın oğlu Mahirin şahidliyi ilə Rafaelə vermişdir. 2020-ci ilin sentyabr ayınbın sonunda Vətən müharibəsinə getmiş, Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində gedən şiddətli döyüşlərdə iştirak etmişdir. O, müharibədə olartkən, anası Natəvan lombarda bu barədə məlumat vermiş, gözləməsini xahiş etmişdir.

“Mən dörd aya yaxın müharibədə iştirak etdim. – Məmməd Əliyev yazır: - Qayıdandan sonra biz lombardın işçiləri ilə danışarkən hər dəfə müxtəlif bəhanələrlə bizi aldatmışlar. Sonra anam birbaşa lombarda gedərək Elmira xanıma 12000 (on iki min) manat dəyərində qızılların yarı hissəsini ona verrmək şərtilə razılaşmağımızı təklif etdi. Bildirdi ki, oğlum müharibədə böyrək xəstəliyinə tutulub. Mənim başqa köməyim, gəlirim yoxdur. Bir ana kimi bizi başa düşməklərini gözlədiyimiz halda Elmira xanım anama “oğlun müharibədə cəhənnəmə iştirak edib” deyərək bizimlə çox kobud şəkildə danışdı. O, bu ifadəsi ilə nəinki məni, bütün Azərbaycan əsgərlərini təhqir etmiş oldu. Çünki mən vətənimiz, torpaqlarımız uğrunda döyüşə yollanmış və gedən döyüşlərdə həm torpaqları, həm bizləri qorumaq üçün döyüşmüşəm. Lombard işçisinin işlətdiyi ifadə isə Azərbaycan əsgərinə və əsgər anasına hörmətsizlikdir”.

M.Əliyev ərizəsində qeyd etdiyi məsələlərin ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdir.

Çəkdiyimiz misalda zərərçəkən onun razılığı olmadan əmlakını satan lombarddan polisə şikayət edib. Lakin polis lombardın əməlində cinayət tərkibi görməyib. Heç lombarddan soruşmayıb ki, girov götürdüyün əmlakın qiymətləndirilməsinə münsif qismində kimi dəvət etmisən. ərizəyə qoşma edilmiş sənəd surətlərindən (girov müqavilələri, müqavilələrə əlavələr, girov biletləri və s.) diqqətimizi çəkən bir məqamın altını cızmaq istəyirik. Respublikada manatın məzənnəsinin dəyişməsini nəzərə alan lombard müqaviləyə öz riskini azaltmaq və sığortalamaq üçün verilən və qəbul edilən kreditin hesabatını öz dəyərini daha sabit saxlayan ABŞ dollarının birja kursuna müvafiq olaraq manatla aparılması barədə bəndi salmışdır. Nəzərə alanda ki, ölkənin pul vahidi onun atributlarından biridir, belə çıxır əsgərin vətənpərvərliyinə hörmət qoymayan lombard ölkəmizin atributuna da etibar etməmişdir.

Üçüncü diqqətiçəkən məqam isə sələmçinin öz pulunu deyil, bankın pulunu sələmə verməsidir ki, bu da qanunsuzluqdur. Bank işçisi Rafaelin işə qarışması isə bu qanunsuzluğun sübutudur. Dövlətçiliyimizin əsas sütunlarından sayılan polis (Abşeron Rayon polis İdarəsinin Mehdiabad Polis Bölməsi, sonra isə RPİ-nin Təhqiqat Şöbəsi) bu neqativ halları görməzdən gələrək, qeyd edilən xüsusatları mülki xarakterli hesab etmiş, şikayətçiyə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…