Sumqayıt şəhəri, 15-ci məhəllə, 5 saylı yataqxana, otaq – 6 ünvanda yaşayan Şıxıyeva Röya Yusif qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, epilepsiya xəstəsi olan oğlunun hərbi xidmətə yararsız olmasına baxmayaraq, əsgərliyə cəlb edildiyini, orada vəziyyətinin daha da ağırlaşdığını bildirmişdir.
“Övladım 2000-ci il təvəllüdlü Mehdiyev Asif Ramil oğlum 11 ildir ki, epilepsiya xəstəliyindən əziyyət çəkir. Asif 18 yaşına çatanda Sumqayıt şəhər hərbi komissarlığından (SHXÇDX-nin Sumqayıt şəhər şöbəsi – red.) çağırış vərəqi gəldi. Mən övladım götürüb hərbi komissarlığa getdim və orda bildirdim ki, oğlum uşaq yaşlarından epilepsiya xəstəsidir. Onlar mənə inanmayıb onu özləri aparıb müayinə etdilər və dedilər ki, guya sağlamdır. Getdiyi 6 gün olardı, mənə zəng gəldi ki, övladınız Asifin vəziyyəti yaxşı deyil, gəlin Sarcalı hospitalına. Mən ora gedəndə oğlum çox pis halda idi. 10 gün orada müalicə alsa da, vəziyyəti yaxşı olmadı. Oradan da göndərdilər Bakı şəhərindəki Mərkəzi Hərbi Hospitalının psixiatriya şöbəsinə. İki ay da mərkəzi hospitalda müayinə və müalicə alsa da, sağalmadı. Vəziyyətində acazıq düzəlmə müşahidə olunan kimi yenidən öz hərbi hissəsinə yolladılar. İki ay keçməmiş qıcolmaları tutdu. Yenidən Bakıya – Mərkəzi hospitala göndərildi. Bir müddət qalıb müalicə alsa da, sağalmadı. 20 gün onu yalnız otaqda əli-ayağı bağlı vəziyyətdə saxlayıblar. Nəticədə daha da pis vəziyyətə düşdü. Beləcə 6 ay xidmət etdirdilər, nəhayət, tərxis etdilər. Hal-hazırda da səhhət durumu pisdir, ağır qıcolmalar keçirir...”
Vətəndaş Şıxıyeva həmçinin bildirir ki, oğluna pensiya da verilmir, ailəninmaddi vəziyyəti ağır olduğu üçün xəstənin dərmanlarını belə almağa imkanları yoxdur. Çox vaxt onlara qonşuları kömək edir. Odur ki, oğlunun əlillik dərəcəsi alması üçün köməklik göstərilməsini, aidiyyəti qurumların diqqətinə çatdırılmasını xahiş edir.
Müraciət müəllifinin redaksiyaya göndərdiyi sənəd və məktub surətləri sırasında ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 11.12.2020-ci il tarixli 20430132225 saylı məktubu diqqətimizi çəkdi. Mehtiyev Asif Ramil oğlunun əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə Prezident Administrasiyasına etdiyi müraciətə “baxıldıqdan” sonra cavab olaraq Agentlikdən ona bildirilib ki, onun əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin göndərişi əsasında 22.10.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Belə ki, Mehtiyevə dair “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs (keçmiş Sumqayıt 2 nömrəli şəhər poliklinikası) tərəfindən rəsmiləşdirilmiş 0530003AAFS2 nömrəli göndərişdə (forma-88) xəstəliklə bağlı qeyd edilmiş xəstənin ağırlaşmaları barədə məlumat ekspertiza üçün obyektiv qiymətləndirilməsinə əsas vermədiyi üçün əlilliyin təyin edilməsi mümkün olmamışdır: “Bununla əlaqədar, səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə olunub, ixtisaslaşmış müalicə aldıqdan sonra Sizə dair yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətiniz mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir”.
Göründüyü kimi, poliklinikaya göndərişi natamam doldurmasına görə irad tutan yoxdur. İkincisi, Agentlik təkcə onunla kifayətlənmir ki, poliklinika sadəcə olaraq göndərişi tamamlayıb təkrar göndərsin, yenidən ətraflı müayinə və ixtisaslı müayinə olunmasını vacib sayır. Bu isə ən azından əlavə vaxt və stress deməkdir. Agentlikdən “Sumqayıt Tibb Mərkəzi”nə (surətini də vətəndaşa) göndərilən 25 avqust 2021-ci il tarixli məktubda isə az qala deyilir ki, “əlillər postpandemiya dövrünədək gözləməlidirlər, daha yaxşı olar ki, acından ölsünlər”. İnanmırsınızsa, həmin məktubdan bu cümlələri oxuyun:
“...Agentlik yeni növ koronavirus (Covid-19) infeksiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunmuş xüsusi karantin rejiminin xüsusiyyətləri nəzərə alınmaqla və müəyyən olunmuş qaydada qanunvericilik tələblərinə uyğun olaraq müraciətdə göstərilmiş hallar tam, hərtərəfli, obyektiv araşdırılmaqla öyrənilməsi, görülmüş tədbirlər haqqında vətəndaşlara müvafiq izahatların verilməsi və əsaslı müraciətlərin həllinin təmin edilməsi, müraciətə baxılmanınnəticəsi barədə Agentliyə məlumat verilməsi, eyni zamanda şəxsin əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin veriməsi üçün vətəndaş qəbulunun infeksiyaya yoluxma riskini istisna edən şəraitdə sanitar-gigiyena qaydalarına və normalarına, baş dövlət sanitariya həkimi tərəfindən təsdiq edilmiş metodiki göstərişlərə riayıt edilməklə həyata keçirilməsinin ciddi nəzarətdə saxlanılmasını tapşırır... Vətəndaşın nəzərinə: Həkim Məsləhət Komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi yoluxma riskinin qarşısının alınması üçün növbəlilik qaydasında həyata keçiriləcək. Eyni zamanda, müayinənin keçirilməsi üçün əvvəlcədən vaxt müəyyən olunaraq sizə məlumat veriləcəyini, tibb müəssisəsinə dəvət ediləcəyinizi bildiririk və sıxlıq yaranmaması üçün tibb müəssisəsinə yalnız təyin olunmuş vaxtda fərdi qoruyucu vasitələrdən istifadə edərək yaxınlaşmağınızı xahiş edirik”.
Razılaşaq ki, adam bu vahiməli cümlələri oxuduqca canına qorxu düşür; əlilin əlilliyi də yaddan çıxar, elə bilər ki, “forma – 88” dalınca getsə, orada mütləq virusa yoluxdurulacaq.