Azərbaycan İdeyası

Özünü öldürməyincə pensiyası verilməyəcək

Tarix:12-10-2021, 18:06
Baxış Sayı:362

Ağdərə rayonunun Narıştar kəndində anadan olmuş, Kəlbəcər rayonunun Narınclar kəndində qeydiyyatda olan, İmişli rayonunun Məmmədli kəndində məskunlaşmış məcburi köçkün, 1968-ci il təvəllüdlü Mamedova Dilşad Hümbət qızı hələ keçən il ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirmişdi ki, 04.04.2018-ci il tarixdə xəstəliyi (Diaqnoz: “Şizofreniya, paranoid forma, tipik variant, fasiləsiz gedişli dərin psixi qüsur halında” ) ilə bağlı II (ikinci) qrup ömürlük əlillik dərəcəsi almışdır. Yazır ki, neçə illərdir əziyyət çəkdiyi bu xəstəliyin yaranma səbəbini döyüş bölgəsində yaşaması ilə əlaqələndirir.
D.Məmmədova şikayətlənirdi ki, əlillik dərəcəsi aldığı göstərdiyi tarixdən 7-8 ay sonra ona heç bir səbəb göstərmədən pensiya təminatı dayandırılmışdır. Bu məsələnin KİV-də ictimailəşdirilərək aidiyyati dövlət orqanlarının diqqətinə çatdırmağı redaksiyadan xahiş etmişdi.
Şikayətçinin ərizəyə qoşma etdiyi Ağdam Rayonlararası Rspublika Əsəb Xəstəlikləri Dispanserindəki tibbi kartından Kəlbəcər rayon poliklikasına təqdim olunmaq üçün verilən Çıxarılışdan bəlli olur ki, onun 02.X.2017-ci ildən 31.X.2017-ci ilədək və 22.XI.2017-i ildən 21.XII.2017-ci ilədək stasionar müalicədə olduğu müəssisədən evə yazılan zaman baş ağrısı, əsəbilik, yuxusuzluq, yaddaş zəifliyindən şikayətlənib. Düşüncə tam pozulmasa da, bələdlik qismən pozulub, diqqəti dağınıqdır. Suallara məntiqsiz caab verir, sayıqlama fikirləri var.
Həmin məsələ ilə əlaqədar qəzetimizdə dərc olunan “Səbəb göstərmədən əlilin pensiyasını kəsiblər” sərlövhəli məqalə belə yekunlaşırdı: “Məntiqlə əlilliyə görə pensiya təminatı o vaxt dayandırıla bilər ki, əlil şəxs ya dünyasını dəyişər, ya sağalıb əlillikdən qurtular, ya da heç ümumiyyətlə əlil olmadığı, ona əlillik dərəcəsinin qanunsuz təyin olunduğu üzə çıxar. Bütün hallarda səbəb məlum olmalıdır. Öyrənməyə çalışacağıq”.
Öyrənmək üçün rəsmi müraciət etdiyimiz məktubumuza aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Ekspertiza və Reabilitasiya Agentliyində “baxıldı”. Agentlikdən redaksiyamıza göndərilmiş 08.07.2020-ci il tarixli 20430072994 saylı məktubda bildirilib: “Müəyyən olunmuşdur ki, Mamedova Dilşad Hümbət qızının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADQY saylı göndərişi əsasında 04.04.2018-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 22.05.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubu ilə Mamedova Dilşad Hümbət qızının Daxili İşlər Nazirliyinə aidiyyatının olmadığı və ona 4110003AADQY saylı göndərişin əsassız rəsmiləşdirildiyi üçün etibarsız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində T.Bağırova aid müayinə Əlillik altsistemində etibarsız edilmişdir”.
Necə olub ki, DİN-nin Tibb İdarəsi ona aid olmayan, “əsassız rəsmiləşdirilmiş” işi TSEK-ə göndərib, Agentliyin məktubunda adı çəkilən T.Bağırov adlı şəxs kimdir? – bunu araşdırmaq yəqin ki, prokurorluğun işidir. Amma vətəndaş Dilşad Mamedovanın uzun illərdir ki, narahatlıq, gərginlik, qorxu hissi, özünəqapanma, sayıqlama, düşüncə pozuntusu ilə müşayiət olunan, paranoid formalı, fasiləsiz gedişli şizofreniya xəstəliyindən əziyyət çəkməsi, özünəqəsd etməyə çalışması danılmaz həqiqətdir. Bu faktlar təkcə “əsassız” sayılmış məlum göndərişlə deyil, digər sənədlərlə də təsdiqlənir. Belə ki, D.Mamedova dəfələrlə Ağdam Rayonlararası Ruhi Əsəb Xəstəlikləri Dispanserində stasionar müalicə alsa da, müalicələrin heç bir effekti olmamışdır. 2020-ci ilin sonunda İmişli rayon Mərkəzi Xəstəxanasında müayinə olunandan sonra xəstəxana D.Mamedovanın yuxarıda qeyd olunan xəstəliyini təsdiqləyərək, “əlillik müddətinin qurtarması – yenidən baxılmaq” adı ilə “forma-88” sənədini TSEK-ə göndərmişdir. Ancaq TSEK D.Mamedovanın 2017-ci ildən sonra heç bir stasionar müalicə almadığını əsas göstərərək, onun əlilliyini və sağlamlıq imkanlarının məhdudluğunu təsdiqləməkdən imtina etmiş, ixtisaslaşdırılmış müalicəni davam etdirməsini məsləhət görmüşdür. Halbuki, son iki-üç ildə xəstənin səhhəti daha da geriləmiş, düşüncəsi tam pozulmuşdur.
Düşüncəsində pozuntu olmayan xəstə adamın müalicə olunmaq, sağalmaq fürsətini fövtə verməsi absurddur. Məsələ də elə burasıdır ki, D.Mamedovanın 2017-ci ildən bəri heç bir stasionar müalicə almamasının səbəbi məhz elə şizofreniya xəstəsi olması, öz xeyrinə qərar qəbul etmək iqtidarında olmamasıdır. Özünü idarə edə bilməyən, canına qəsd etmək cəhdində bulunan adam necə öz ayağı ilə müalicə müəssisəsinə gedə bilər axı? Bəlkə yaxın ətrafındakılar, ailə üzvləri onu nə xoşluqla, nə də zorla tibb müəssisəsinə yerləşdirmək iqtidarında deyillər. Pensiyadan məhrun olub acından ölməlidirmi? Belə olan halda nə baş verməlidir ki, təqdirəlayiq sosial siyasəti ilə öyünən hökumətimiz özü vətəndaşı stasionar müalicə alması üçün tibb müəssisəsinə yerləşdirsin? Cəmiyyətə təhlükə vəd edən hərəkətlərə yol verməli, başqalarını öldürməyə cəhd etməlidirmi?
“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…