Deyirlər, əmi qızı ilə əmi oğlunun nikahı göydə kəsilib. Yüz illərdir bu deyimə inanılıb, ailələr qurulur. Əmi uşaqları evlənir, hələ bunların yanına xalauşağı, bibiuşağı da qoşulur. Heç kim gələcəkdə qarşılarına çıxacaqlarını fikirləşmədən bu yola çıxır. Bu cür ailələr adətən ailəyə aid var-dövlətin dağılmaması, ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışlarının eyni olması səbəblərindən qurulur. Bəzən valideynlər belə evliliyin qurulması üçün övladlarına təzyiq də göstərirlər. Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması riski 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faiz, yəni, iki dəfə çoxdur. Bundan başqa, evlənənlər arasında münasibətlərin pozulmayacağına, gerçək sevgi olmadan qurulan ailələrin dağılmayacağına da zəmanət yoxdur.
Füzuli rayonunun “Qayıdış – 6” qəsəbəsi, ev 90 ünvanda qeydiyyatda olan, hazırda müvəqqəti olaraq “Qayıdış - 7” qəsəbəsi, ev 200 ünvanda yaşayan Şərifzadə Pərişan Mədət qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, keçmiş həyat yoldaşından boşandığı vaxt məhkəmənin uşaqlar üçün aliment məbləğinin təyinində, birgə təsərrüfat idarə etdikləri dövrdə əldə etmiş olduqları əmlakın bölünməsində ədalətsizliyə yol verdiyini bildirmişdir.
P.Şərifzadə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.06.2012-ci il tarixdə ailə həyatı qurduğu Mirzəyev Elvin Yusif oğlu ilə aralarında bağlanmış 12.03.2013-cü il tarixli, 93 nömnrə ilə qeyd edilmiş nikahın pozulması, cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş uşaqları – 2013-cü il təvəllüdlü Sübhan və 2017-ci il təvəllüdlü Yusifin onun yanında qalmaları və uşaqların yetkinlik yaşlarına çatana qədər cavabdehdən hər ay onun xeyrinə hər uşağa görə 170 manat olmaqla hər ay cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nikahın pozulmasında hər iki tərəfin israrlı olduğunu müəyyənləşdirən Füzuli rayon məhkəməsi 12 iyul 2021-ci il tarixli, 2(064)-1335/2021 saylı qətnaməsi ilə P.Şərifzadənin iddiasını qismən təmin etmiş, uşaqların ananın yanında qalması şərtilə onların hər birinə 120 manat olmaqla, cəmi 240 manat aliment kəsmişdir. Sonra isə məhkəmə qərardad çıxararaq onları əmlak mübahisələrini həll etmələri üçün mediatora yönəltmişdir. Mediasiyada iştirak edən tərəflər razılıq əldə etməmişlər.
P.Şərifzadə Füzuli rayon məhkəməsinə 22 fevral 2022-ci il tarixli təkrar ərizə ilə müraciət etmiş, keçmiş əri Mirzəyev Elvin Yusif oğlu və onun anası Mirzəyeva Raziyə Kərəm qızına qarşı əmlak tələbinə dair iddiasını dəqiqləşdirərək (550 manat dəyərində 1 ədəd nişan üzüyü, 1000 manat dəyərində qızıl zəncir və 300 manat dəyərində qızıl klon, özünə və azyaşlı oğlu Yusifə 2020-ci ilin noyabr ayından 2021-ci ilin iyul ayınadək verilməli olan, lakin Elvinin almış olduğu 960 manat çörək pulu müavinəti, habelə Elvinə məxsus avtomobilin dəyərinin ona çatmalı olan hissəsi), həmin əmlakın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Pərişan redaksiyaya yazdığı məktubda bildirir ki, tələb etdiyi əmlakın siyahısı ona hüquq xidməti göstərən, haqqını ödədiyi vəkili Fərhad Hümbətovun səriştəsizliyi ucbatından natamam olmuşdur. Çünki ilkin tərtib etdiyi həmin siyahıda yuxarıda sadalanan zinət əşyalarından əlavə bilərzik və sırğa, birgə nikah dövründə Elvinin almış olduğu “Kamaz” yük maşını, qazandıqları 30000 manat puldan da payının müəyyənləşdirilməsini və s. istəyibmiş. Həmçinin qeyd edir ki, o və qarşı tərəf çoxsaylı məhkəmə iclaslarında iştirak etdikləri halda proses qəsdən uzadılmış və ünvanlarına yalançı bildirişlər göndərilmişdir. Maraqlıdır ki, məhkəmə sorğusunda Elvinin adına yük maşını əvəzinə “VAZ 2107” markalı minik avtomobili çıxıbmış.
Pərişanın yazdıqlarına görə, Elvinlə xalauşağı olduqları üçün hər ikisinin dayıları olan Hafiz və Akif Əliyev qardaşları onun iddia etdiyi əmlak predmetlərinin haqqında şahidlik ediblər. Əfsus ki, məhkəmə hakimi sözdə Pərişanın əmlak tələblərinin haqlı olduğunu təsdiqləsə də, yekunda fərqli, qərəzli qərar çıxarmış, əmlakla bağlı “ayrı iş açacağını” vəd edərək, şahid ifadələrinə də məhəl qoymamışdır. Təqdim etdiyi başqa sübutlar, o cümlədən, əhəmiyyətli səs yazıları olan disk isə “yoxa çıxarılmışdır”.
P.Şərifzadə Füzuli rayon məhkəməsində cavabdehlərə qarşı daha artıq məbləğdə (hər biri üçün 193 manat) aliment və yaşayış hüququnun təmin edilməsinə dair iki ayrı iddia ərizəsi ilə çıxış etmişdir. Məhkəmə 11 mart 2022-ci il tarixli qəradadları ilə iddiaçının hər iki ərizəsini guya cavabdehlərin yaşadıqları ünvanın dəqiq göstərilmədiyini əsas gətirərək icraata qəbul etmədən geri qaytarmış, həmin nöqsanı aradan qaldıraraq yenidən ümumi qaydada müraciət etməyi tövsiyə etmişdir. P.Şərifzadənin sözlərinə görə, onun 193 manat tələb etməsinə, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyini xatırlatmasına rəğmən, məhkəmə zalında hakim Məhəmməd Bağırov Bakıdan fərqli olaraq Füzuli rayonunda 130 manatdan yuxarı aliment məbləği olmadığını, əvvəl hər uşaq üçün təyin olunmuş 120 manat alimentin ən çoxu 10 manat artırıla biləcəyini deyib.
Pərişan həmçinin bildirir ki, ədliyyə naziri cənab Fikrət Məmmədov Füzuli rayonunda vətəndaşlarla görüşərkən şikayətini bildirmək üçün onun qəbuluna düşməyə cəhd etmiş, lakin yerli məmurlar, məhkəmə işçiləri ona mane olmuşlar.
Dünyada sonsuzluqdan mənəvi iztirab çəkən çoxlu sayda insan var ki, övlad sahibi olmaq üçün nələrdən keçməzlər. Bunu fikirləşəndə Elvin kimiləri heç cür başa düşmək olmur. Allahın bəxş etdiyi iki oğul payı üçün aliment verməyə can çəkirlər.
Söz yox, dost –doğmaca xalası oğlu tərəfindən haqsızlığa məruz qalan gənc ana Pərişan hüquq müstəvisində haqlı mübarizəsini davam etdirəcək. O ki qaldı görüşməsinə maneçilik törədilmiş hörmətli Fikrət Məmmədova, yəqin ki, məsələ KİV-də ictimailəşəndən sonra cənab nazirin də yüksək diqqətinə çatdırılacaq.
“Korrupsiya və Qanun”