Azərbaycan İdeyası

Alı Alıyev Vətən müharibəsi qazisinə verdiyi sözü tutmadı – Füzuli rayon prokurorluğu isə icra başçısından şikayətləri onun özünə göndərir

Tarix:25-04-2022, 17:55
Baxış Sayı:68

“Korrupsiya və Qanun” qəzetinin əvvəlki saylarında Füzuli RİH-nin başçısı Alı Alıyevin Vətən müharibəsi qazilərinə biganə münasibətinə dair gileyli tənqidi məqalələr dərc edib.
Həmin qazilərdən Aprel döyüşçüsü, 3-cü qrup II Qarabağ müharibəsi əlili Qənbərov Üzeyir rayon rəhbərindən təsərrüfat qurması üçün torpaq sahəsi ayırılmasında köməklik göstərməsini istəmişdi. 50-100 hektarlarla torpağı öz yaxın adamlarının arasında pay-püşk edib əkdirən Alıyev ilk əvvəl Üzeyirin istəyini yerinə yetirməkdən imtina etmiş, ona dəmyə yeri əkməyi tövsiyə etmişdi. Bu isə suvarma problemini nəzərə alan Üzeyiri qane etməmişdi. Qəzetimizin əməkdaşı Füzuli rayonunda ezamiyyətdə olarkən qazilərlə rayon rəhbərinin İcra Hakimiyyətinin “Qəbul Otağı”nda baş tutan görüşündən hazırladığı reportajı oxucularımıza təqdim etmiş, həmçinin “Youtobe” kanalımızda paylaşmışdıq. O vaxt Alıyev Qənbərovları (Üzeyir və babası Mirzalı kişi) və digər qaziləri öz işçi kabinetinə dəvət etmiş, lakin qəzetimizin əməkdaşını kabinetinə buraxmamışdı. Əməkdaşımız görüşün sonunu gözləmiş və İcra Hakimiyyətinin inzibati binasını tərk edən qazilərdən nəticə barədə məlumat vermələrini xahiş edəndə Qənbərovlar ona bildirmişdilər ki, icra başçısı Alı Alıyev qazi Üzeyir Qənbərova bir illik icarə əsasında 15 hektar torpaq sahəsi ayırılması üçün göstəriş verib və vəd edib ki, gələn ildən 10 hektar sulu torpaq ayırılmasını təmin edəcək. Həmçinin, onlara ev tikilməsinə kömək göstərilməsi üçün tikinti şirkətinə tapşırıq verib ki, nə qədər material lazım olduğu dəqiqləşdirilsin.
Lakin həmin vaxtdan xeyli keçməsinə baxmayaraq, Alıyev qaziyə verdiyi sözü tutmayıb. Mirzalı Qənbərov redaksiyamıza etdiyi növbəti müraciətdə ilk öncə şəhid ailələrinin, qazilərin problemlərini ictimailəşdirdiyimizə görə jurnalist kollektivimizə minnətdarlığını bildirmiş, möhtrəm Prezidentimiz İlham Əliyevin bir çox məsələlərdən məhz media vasitəsilə xəbər tutduğunu etiraf etdiyini xatırlamışdır.
Yada salaq ki, I qrup əlil Mirzalı Qənbərovun özünün də “Qaçqınkomla” problemi həll olunmamış qalır. Əvvəlki saylarımızda bu mövzuda “QAÇQINKOM”UN PÜŞKÜ ŞEYTANA SATILIB – Məcburi köçkünə vəd etdikləri həyətdə ağac əkdirdilər, amma evi vermədilər” sərlövhəli məqalə dərc etmişdik.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məmurlarının (Dövlət Komitəsinin aparat rəhbəri, qaçqın və məcburi köçkünlərə ev (mənzil) verilməsi üzrə komissiyasının sədri cənab Eldar Zeynalov və onun Füzuli rayonu üzrə nümayəndəsi Elmir Allahyarov) məcburi köçkünlər arasında mənzil bölgüsündə özbaşınalığından, ədalətsizlikdən, korrupsiya hüquqpozmalarından şikayətlənmiş Füzuli rayonunun İşıqlı kəndində qeydiyyatda olan, Füzuli rayonu Fin qəsəbə İnzibati Ərazi Dairəsi, Kərpic massivində yaşayan, 1993-cü ildən köçkün düşmüş, I qrup əlil vətəndaş Qənbərov Mirzalı Gəncalı oğlu yenidən ərizə ilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, millət vəkili Vüqar Bayramova, QMKİDK-nin sədri Rövşən Rzayevə müraciət etmişdir.
Xatırladaq ki, şikayətçi evlərin (mənzillərin) rüşvətlə verilməsindən, mənzil şəraitini yaxşılaşdırmağa az ehtiyaclı şəxslərin evlərini kirayə verməsindən yazır və bildirir ki, 1995-ci ilin sonunda ona da Füzuli rayonunda order sənədi ilə fin evi veribmişlər: “Sonra həmin fin evləri yeni tikilmiş “400-lük” evlərlə əvəz edildi və köçkünlər həmin evlərə köçürüldülər. Mənə isə pulum olmadığı üçün o vaxt ev vermədilər. O ərəfədə birgə avtoqəzaya düşdüyümüz həyat yoldaşımla xəstəxanadan əlil olaraq təzəcə döndüyümüz üçün imkanımız yox idi. Həmin vaxt əvvəlcə İcra Hakimiyyətində Alı Alıyevin, sonra da Qaçqınkomun nümayəndəsi Elmir Allahyarovun qəbulunda oldum. Çox söhbətdən, mübahisədən, yalvar-yaxardan sonra oğlumla mənə ev verilməsi üçün 2 (iki) min manat pul istədi. Mənim pulum yox idi. Oğlum axtarıb bir nəfərdən 1 (bir) min manat borc tapdı. Həmin pulu Elmirə verəndə, təklif etdi ki seçim edək – hansımıza versin. Mən isə üç uşaq atası olan oğlum Elzada ev verilməsini istədim. Elmir pulu aldı, Elzad evlə təmin olundu. Mənə isə növbəyə alındığımı dedi, tikiləcək növbəti evlərdən təmin olunacağımı vəd etdi... Vaxt-zaman gəldi, ikinci dəfə Finin köhnə yerində 95 ev tikilməyə başlanan zaman Elmir Allahyarov xüsusi komissiyalarla, çəkiliş qrupu ilə birlikdə Kərpicə gəldilər və kimə ev verilməlidirsə, onların evlərinin şəkillərini çəkdilər. 95 evdən onlara da verilməsinin siyahısını apardılar, növbəyə yazdılar, sənədlərini aldılar. Sonra evlər tikilən zaman yenə də əlavə olaraq ikinci dəfə sənədlərimizi aldılar. Mənə də növbədə olduğumu bildirdilər. Tikintiyə başlanan zaman mənim orada olan fin evimi götürdülər, yerində ev tikdilər. Xahiş etdim ki, mənim finimin yerində tikdiyiniz evi, yəni, ikiotaqlı evin mənə verilməsinə köməklik göstərsinlər. Elmir Allahyarov tikintini apran baş iş icraçısı – nəzarətçi Sədrəddinə xahiş etdi ki, qoy Mirzalı köhnə finin yerində olduğu evin həyətində ağac əksin, köhnə ağacları orda var. Bəli, tikintini apranlar da razı oldular. Mən ora əlavə ağaclar əkdim, vedrə ilə suvarıb becərdim. Bildirirəm ki, həmin ərəfədə tikintinin iş icraçısı olan Xanlar və anbardarlar tikintiyə sərf olunası materialları avtokranla yedəkli yekə maşınlara yığıb, oğurlayaraq satışa göndərdikləri zaman mən oğlumla onların arxasınca getdim. Gördüm ki, erməni tərəflə bizim sərhəddə olan Kürdmahmudlu və Alxanlı kəndləri arasında yerləşən şəxsi evlərdən birinin həyətinə boşaldırlar. Mən onları müşahidə edib şəkillərini çəkdim, görüntülərinin qeydə alındığı kaseti rəsmi surətdə rayon prokuroruna və polisinə göndərdim. Təhqiqat getdi. Sonra necə oldusa, cəzadan yaxa qurtardılar. Həmin kasetin biri 13 vərəq müşayiətedici məktubla birgə Dövlət Təhlükəsizlik Xidmətinə, oradan da aidiyyəti üzrə Qaçqınkom sədri cənab Rzayevə, ikincisi baş prokurora, üçüncüsü isə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ünvanlanıb. Lakin həmin müraciətlərimə baxan yoxdur!..”
Vətəndaş Mirzalı Qənbərov iddia edir ki, həmin 95 evin hamısı pulla satılıb: “Ev alanların arasında az şəxs var ki, aidiyyəti üzrə köçkündür. Hər ev üçün ayrıca olaraq 1000 (bir min) manat pul yığılıb və şərt kəsilib ki, həmin pulu verən hər iki təsərrüfatdan – yəni, həm köhnə yurddan, həm təzə yurddan istifadə edə bilsin. Hər iki evdə işıqları yanır, qaz təminatı var, içməli və təsərrüfat suyu istehlak olunur, torpaqdan istifadə edirlər. Belə ki, çoxu təzə evi kirayəyə verib, özləri köhnə evdə yaşayırlar. Kommunal xidmət haqqı ödənilmir, oğurlanır, vergidən yayınma halları ilə büdcəyə külli miqdarda ziyan vurulur. Evlər həqiqi ehtiyacı olanlara deyil, pulu olanlara verilir. 95-lik evlərin birincisi – 4 otaqlı olanı hazırda 10000 (on min) manata satlığa qoyulub. Video-kasetlə müşayiət olunan ərizəmdə kirayəyə verilmiş evləri də göstərmişəm, onlarda kirayə yaşayan şəxslərin nə ilə məşğul olduqları bilinmir. Hər gecə qəsəbəyə yüzlərlə kimliyi məlum olmayan kənar şəxs daxil olur. Qəsəbəyə baxan yoxdur, hamısı “sığortalanıblar”, toxunulmazdırlar...”
Qənbərov eləcə də yazır ki, 09 mart 2021-ci il tarixdə evlər paylanıb sahiblərinə veriləndə hamıdan qabaq o özü ora gedib və alacağına ümid etdiyi evin orderinin verilməsini tələb edib: “Həmin vaxt orada olan komissiya sədri Natiq Hüseynov dedi ki, sənin adın ev siyahısında yoxdur. Çox mübahisədən sonra Natiq Hüseynov məni oradan zorla kənarlaşdırdı. Dərhal İcra Hakimiyyətinə gəldim və mənə ev verilmədiyini, gizli olaraq adımı ev növbəsindən çıxardıqlarını cənab başçı Alı Alıyevə bildirdim. Alıyev isə mənə onların işinə qarışmadığını dedi. Ertəsi gün, yəni, martın 10-da Elmir Allahyarovun ofisinə getdim və ondan mənə ev verilmədiyini təsdiqləyən arayış aldım, iddiaçı olduğumu bildirdim. O vaxtdan da iddiaçıyam. Eldar Zeynalov isə özünü müdafiə etmək üçün görəsən hansı əsasla yazır ki, guya mənə ev verirmişlər, mən imtina etmişəm?”
Məsələ ilə bağlı bu və digər suallara aydınlıq gətirilməsi üçün müraciət etdiyimiz Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi redaksiyamıza ünvanladığı 18.11.2021-ci il tarixli 02/1528 saylı cavab məktubunda bildirib ki, sözügedən məsələyə Komitədə baxılmışdır. Məktubda vətəndaş Qənbərovun eyni problemlə əlaqədar yuxarı dövlət instansiyalarına, eləcə də Dövlət Komitəsinə dəfələrlə müraciət etdiyi etiraf olunur: “Bununla əlaqədar, Komitədə fəaliyyət göstərən mənzil təminatı ilə bağlı komissiya tərəfindən müvafiq araşdırma aparıldığı, ğzünün bildirdiyi kimi istismar müddəti başa çatmış “Fin” tipli qəsəbədə deyil, yaxın ətrafda, yəni, rayonun Qarabulağ düşərgəsi deyilən ərazidə Füzuli Rayon İcra Hakimiyyətinin köməkliyi ilə mişar daşından tikilmiş evdə yaşadığı və bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli, 65 nömrəli Qərarına əsasən evin verilməsinin mümkün olmadığı 04 oktyabr 2021-ci il tarixli, 01/6102 nömrəli məktubla onun diqqətinə çatdırılmışdır”.
Komitədən aldığı cavab məktubundan məyus olan Mirzalı Qənbərov yenidən redaksiyamıza 05.11.2021-ci il tarixli növbəti ərizə ilə müraciət edərək bildirmişdir ki, Füzuli Rayon İcra Hakimiyyəti ona heç bir ev tikilməsində köməklik göstərməyib, amma yalan olaraq guya ona ev tikilməsində köməklik göstərildiyi haqda Dövlət Komitəsinə və prokurorluğa məktub göndərib, üzbəüz görüşdə isə başçı ona ev tikmədiyini etiraf edir: “Eldar Zeynalov yazır ki, 24-cü evi verdik, götürmədi; Natiq Hüseynov deyir “sənin ikimərtəbəli evin var”; Nazim Hüseynov deyir “sənə başçı ev tikib”; başçı deyir “mən ev tikməmişəm”; Elmir Allahyarov deyir “elə iş var, mənlik deyil”; Etiqad deyir “Elmiri tez göndər mənim yanıma” və s”.
M.Qənbərov bir daha təkrar qeyd edib ki, qəsəbədə evi ola-ola rüşvət hesabına yeni ev alan şəxlər var ki, ikinci evlərini kirayə veriblər və bunlar diqqətəlayiq faktlardır. Həmin faktlara göz yumulması azlıq edirmiş kimi, artıq evlərə qaz xətləri də çəkilib.
Sonuncu müraciətində Mirzalı Qənbərov tükürpədici faktlar sadalayır: “Bir şəxs var, Beyləqan rayonundandır, külfəti də Beyləqandadır. Həmin şəxs “95-lik” evlərdən 3 otaqlı ev alıb, qaçqın və məcburi köçkün vəsiqəsi alıb, dövlətin büdcəsindən 5 nəfər üçün aylıq pul alır. Bizim şəhid ailələri, qazilər və mənim kimi əillər qalıb kənarda. Bəs buna və bu kimi yüzlərlə şəxslərin saxtakarlıqla evg almalarına niyə biganə qalırlar? Saxta diplomla və hərbi xidmətdə olmayan şəxs sovet sədri işləyirsə (icra nümayəndəsi - red.), saxta arayışlar verməzmi? Əlbəttə ki, verər və verir. Bundan başqa, “Qaçqınkomun” Füzuli rayonu üzrə nümayəndəsi Elmir, sənin bir atın da yox idi ki minib işə gələsən, indi bahalı minik maşını və “SHAQMAN” markalı yük maşınlarını nə ilə aldın? Hələ fermalarını, torpaqlarını və başqa gizli qazanc obyektlərini demirəm. Elmir belə olduğu halda görəsən Eldar Zeynalov, Natiq Hüseynov, Nazim Hüseynov və başqalarınıln rüşvətlə yığdıqları pulu, sərvəti nə cür hesablamaq olar?
Mirzalı Qənbərov müraciətinin yekununda ötən ilin mart ayından etibarən yuxarı instansiyalara etdiyi müraciətlərin heç bir faydası olmadığını, qəbulunda olduğu Füzuli RİH başçısı Alı Alıyevin verdiyi vədə xilaf çıxdığını, haqlı tələbləri ilə bağlı heç bir müsbət nəticcə hasil olmadığını təəssüflə qeyd etmişdir.
P.S. Füzuli RİH-nin başçısı Alı Alıyevin rəhbərlik etdiyi rayonda sahibkarlarla münasibəti də gərginləşməkdədir. Qəribədir ki, incitdiyi sahibkarların Baş Prokurorluğa (həmçinin KİV vasitəsilə baş prokurora) ünvanladıqları şikayətlər aidiyyəti üzrə rayon prokurorluğuna, oradan da yenə “aidiyyəti üzrə” RİH başçısına göndərilir. Halbuki, şikayətin, barəsində şikayət olunan vəzifəli şəxsə göndərilməsi “Vətəndaşların müraciətlərinə baxılması haqqında” AR Qanununa ziddir.
Elsevən Gözəldərəli

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…