İl yarım bundan əvvəlin söhbətidir. Vətən müharibəsinin şiddətlə davam etdiyui 2020-ci ilin noyabr ayının 5-də “Korrupsiya və Qanun” qəzetinin internet əlavəsi olan “Korrupsiya-q.az” veb-saytında “ƏMDK mütəxəssisləri mübahisəli torpaq sahəsi üçün məhkəmə tərəfindən onlara həvalə olunmuş ekspertizanın nəticəsini niyə gizlədirlər?” sərlövhəli məqalə dərc olunmuşdu. Çox keçmədən müharibə şanlı qələbəmizlə, torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşdı. Amma Şamaxı rayonu Nərimankənd kənd sakini 1947-ci il təvəllüdlü Mustafayev Əziz Əzizxan oğlunun yağmalanmış mülkiyyəti uğrunda apardığı haqlı mübarizəsi hələ də gözlədiyi nəticəni verməyib.
Xatırladaq ki, Əziz Mustafayevə məxsus olan 3,5 hektar pay torpağının 60 sotu özünün xəbəri olmadan Qobustan bələdiyyəsinin sədri Vaqif Novruzov tərəfindən sənədləşdirilərək, üstündə idman kompleksi tikilmişdir. Yazırdı ki, dəfələrlə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədova şifahi və yazılı müraciət etməsinə baxmayaraq ona yalan vədlər verilmişdir: “Bələdiyyə sədri Vaqif mənə söz verdi ki, sənə köməklik edəcəyəm, amma məni illərdir ki süründürür”.
Şikayətçi bildirirdi ki, Qobustan məhkəməsinə müraciət edib və məhkəmə 2020-ci ilin yanvar ayında xüsusi qərardad çıxararaq mübahisəli torpaq sahəsinin mülkiyyətçisinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edib: “Ekspert gələrək torpağa baxış keçirdi, araşdırma apardı. Bu günə qədər nəticəsi barədə xəbər yoxdur”.
O vaxt vətəndaş Mustafayev redaksiyamıza yazdığı ərizəyə qoşma edilmiş sənəd surətlərini nəzərdən keçirərkən ilk əvvəl diqqətimizi vətəndaş Mustafayevin Əmlak Məsələləri Dövlət Komitəsinin struktur vahidləri ilə yazışmaları çəkmişdi. Məlum olmuşdu ki, Mustafayev ƏMDK sədrinin 25 yanvar 2019-cu il tarixdə Qobustan şəhərində Şamaxı, Ağsu və Hacıqabul rayonlarını əhatə etməklə keçirdiyi qəbul zamanı cənab sədrə ərizəsini çatdırmış və ərizədə ona məxsus pay torpaq sahəsində olimpiya kompleksi inşa olunarkən kompensasiyanın verilmədiyini və torpaq sahəsinin əvəzləşdirilmədiyini bildirmişdir. Komitənin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi ərizəyə baxmış və 04 fevral 2019-cu il tarixli məktubla vətəndaş Mustafayevə cavab vermişdir ki, onun müraciəti baxılması üçün “aidiyyəti üzrə” Qobustan Rayon İcra Hakimiyyətinə göndərilib. Agentlik 19 aprel 2019-cu il tarixli ikinci, 13 sentyabr 2019-cu il tarixli üçüncü məktubunda da Mustafayevə onun ilkin ərizəsinin Qobustan RİH-nə göndərildiyini xatırlatmış, bu cür mübahisələrə qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məhkəmədə baxıldığını bildirmişdir.
Əziz Mustafayev ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, əlində olan JN 538, kod 30700028 saylı Dövlət Aktına əsasən ona məxsus 3,50 hektar torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İdarə tərəfindən Mustafayevə verilmiş 02 aprel 2019-cu il tarixli cavab məktubunda bildirilib ki, ərizəsində göstərilən torpaq sahəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb (Yəni, o, Çıxarış sənədi (“kupça”) almayıb). Ona gödə də torpaq sahəsinin dəqiqləşdirilməsi üçün “aidiyyəti üzrə” ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməsi tövsiyə olunmuşdur.
Tövsiyəyə uyğun olaraq müraciət etdiyi Ünvan Reyestri Xidməti isə Mustafayevdən pul (xidmət haqqı) istəyib: Xidmətin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinə sifariş verilməli və xidmət haqqı MMC-nin hesablaşma hesabına köçürülməlidir.
Bəs Qobustan RİH Mustafayevin rayon rəhbərliyinə birbaşa və dolayısı ilə etdiyi müraciətinə necə yanaşmışdır? RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin 11.12.2019-cu il tarixli 197 saylı cavab məktubunda Mustafayevə bildirilib: “Sizə məxsus torpaq sahəsində dövlət ehtiyacları üçün hər hansı tikinti işləri aparılmamışdır. Əgər gələcəkdə həmin ərazidə dövlət tərəfindən tikinti işləri aparılarsa, qanunamüvafiq qaydada Sizə kompensasiya verilməsi məsələsinə baxıla bilər”.
Nəhayət, Mustafayev Əziz Əzizxan oğlu Qobustan Rayon Məhkəməsinə müraciət edərək Yaqubov Əzamət Eyvaz oğluna qarşı zəbt etdiyi torpaq sahəsindən çıxarılması, həmin sahədə inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 15 yanvar 2020-ci il tarixli Qərardadından oxuyuruq: “İddiaçı Mustafayev... izahatında göstərdi ki, Qobustan Rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli 16 saylı qərarı ilə JN 538 saylı kod 30700028 saylı dövlət aktı ilə ona və ailə üzvlərinin mülkiyyətinə 3,50 ha əkinə yararlı pay torpaq sahəsi verilmişdir. Mülkiyyətində olan torpaq sahəsinə getmiş və ona aid olan torpaq sahəsində tikinti işlərinin aparıldığını görmüşdür. Maraqlananda isə yerinin həmkəndlisi Yaqubov Əzamət Eyvaz oğlu tərəfindən zəbt edildiyini və tikinti işlərinin aparıldığını bilmişdir. Bu barədə Əzamətin özünə, Qobustan rayon bələdiyyəsinə və Qobustan RİH başçısının Qobustan şəhər icra nümayəndəsinə məlumat vermiş və torpaq sahəsinin ona qaytarılmasını xahiş etmişdir. Lakin Yaqubov həmin torpaq sahəsinin ona məxsus olduğunu deyərək torpaq sahəsindən könüllü çıxmaq istəmir...”
Cavabdeh Yaqubov iddianı qəbul etməyərək izahatında göstərib ki, çıxarılması tələb olunan torpaq sahəsi onun mülkiyyətindədir. Həmin ərazidə özünün 96 sot pay torpağı var və həmin torpaq sahəsinin 12 sotunda ağac və kartof əkmişdir.
Hər iki iştirakçı – həm iddiaçı, həm də cavabdeh ekspertiza keçirilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edib ki, mübahisəli torpaq sahəsinin kimə məxsus olduğunu müəyyənləşdirmək üçün iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilib rəy alınmalıdır.
Beləliklə, məhkəmə qərarı ilə ekspertiza təyin olunub və ekspertizanən keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə və ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssislərinə həvalə edilib. Onların qarşısında aşağıdakı suallar qoyulub: - Yaqubov tərəfindən tikinti işləri aparılmış torpaq sahəsi Mustafayevə məxsusdurmu?; - Mustafayevlə Yaqubovun pay torpaq sahəsi üst-üstə düşürmü? Əgər düşmürsə, iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin sərhədləri müəyyən edilsin.
Buna görə də mülki iş üzrə icraat ekspert rəyi alınana kimi dayandırılmışdır. Lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti təkbaşına ekspertiza apara bilmədiyindən, məhkəməyə vəsatət göndərərək ƏMDK-nin mütəxəssislərinin rəyinin təqdim edilməsini xahiş etmişdir. Qobustan rayon məhkəməsi öz növbəsində ƏMDK-nin rəis müavininə xahişnamə göndərmişdir ki, tədqiqat obyektinə dair mütəxəssis rəyini və baza məlumatları ilə koordinatlarını məhkəməyə təqdim etsin. Komitə mənsubları isə bunu etməkdə maraqlı deyillər. Ümid var idi ki, səbəbi yəqin ki, tez bir zamanda bilinəcək. Amma həm də ehtimal böyük idi ki, mütəxəssis rəyinin ləngiməsinin səbəbi iddiaçı ilə cavabdehin torpaq sahələrinin 3,5 ha hissədə üstü-üstə düşməsidir. Həmin sahə ikinci şəxsə verilməsəydi (satılmasaydı), mübahisəli vəziyyət yaranmazdı. Məmurların görmədikləri, yaxud, görmək istəmədikləri sənəd də vardı: Əziz Mustafayevin və onun daha 4 nəfər ailə üzvünün mülkiyyətinə verilmiş torpaq sahəsinin planını əks etdirən dövlət aktı. Düzdür, bu sənəd Çıxarış (“kupça”) deyil. Amma Çıxarışın olmamasından sui-istifadə etmənin (özü də gec-tez mübahisəyə səbəb olacağını qabaqcadan bilə-bilə) də səbəbinin korrupsiya olub-olmadığı aydınlaşmalıydı.
Bir daha xatırladaq ki, mübahisəyə dair bura qədər qeyd etdiklərimiz cüzi fərqlə 05.11.2020-ci il tarixli “ƏMDK mütəxəssisləri mübahisəli torpaq sahəsi üçün məhkəmə tərəfindən onlara həvalə olunmuş ekspertizanın nəticəsini niyə gizlədirlər?” sərlövhəli məqaləmizdə işıqlandırılmışdı. Redaksiya olaraq tərəfimizdən həmin məqalənin çıxarışı müşayiətedici məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini cənab Mətin Eynullayevə göndərilmişdi. Komitə rəhbərliyindən xahiş etmişdik ki, Qobustan rayon məhkəmənin 15 yanvar 2020-ci il tarixli Qərardadına uyğun olaraq ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssislərinin mübahisəli torpaq sahəsində keçirdikləri baxışın nəticələrini əks etdirən rəyinin məhkəməyə təqdim olunmamasının səbəbi barədə redaksiyamıza məlumat verilməsi təmin olunsun.
İndi isə həmin mübahisənin davam edən tarixçəsinin son il yarımlıq hissəsindən söz açaq. Vətəndaş Ə.Mustafayev növbəti dəfə redaksiyamıza müraciət edərək, məruz qaldığı hüquqpozmaların davam etdiyini bildirmişdir. Beləliklə, sözügedən məsələlərlə bağlı son il yarım müddət ərzində cərəyan edən hadisələrin xoronologiyasına nəzər salaq:
11.12.2020-ci il. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti həmin tarixli 200920905119 saylı məktubu ilə redaksiyamıza casvab yazaraq bildirir ki, Qobustan rayon məhkəməsinin müraciəti əsasında mütəxəssis rəyi hazırlanıb və 17 iyul 2020-ci il tarixli 209120904378 nömrəli məktub ilə Qobustan rayon məhkəməsi və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunub. Redaksiya olaraq öz növbəmizdə 28.04.2021-ci il tarixli 0720 saylı məktubumuzla Qobustan rayon məhkəməsinə müraciət etdik ki, qeyd olunan mütəxəssis rəyi vətəndaş Mustafayevin marağına toxunduğu üçün onun surəti qəzetə göndərilsin.
05.02.2021-ci il. Qobustan rayon məhkəməsi həmin tarixli Qətnaməsi ilə iddiaçı Mustafayev Əziz Əzizxan oğlunun cavabdeh Yaqubov Əzamət Eyvaz oğluna qarşı ona məxsus torpaq sahəsindən məcburi çıxarılması, həmin sahədə inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlkki vəziyyətinə qaytarılması tələbini rədd etmişdir.
19.03.2021-ci il. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti həmin tarixli 2160212001809 saylı məktubu ilə Mustafayevə cavab yazmışdır ki, Dövlət Aktı ilə ona və ailə üzvlərinə məxsus 3,5 ha torpaq sahəsinin 0,6 ha hissəsinin naturada tanıdılması üçün yerquruluşu işlərinin torpağının ayırılması barədə Qobustan bələdiyyəsinə tapşırıq verilib. və eləcə də hesablaşma hesabına xidmət haqqının ödəhilməsi üçün əlaqələndirmənin təmin edilməsiu məqsədilə MMC-nin Bakı şəhər Layihə Tədqiqat İdarəsinin Xırdalan ofisinə müraciət edilməlidir.
10.09.2021. Həmin tarixdə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini cənab Natiq Məlikov 216022107506 saylı məktubu ilə Əziz Mustafayevə məlumat verir ki, ona məxsus 3,5 ha torpaq sahəsinin 0,6 ha hissəsinin tanıdılması ilə bağlı elektron kadastr məlumat bazasında araşdırma aparılan zaman sözügedən torpaq sahəsinin bir hissəsi Qobustan İdman Kompleksinin yerləşdiyi torpaq sahəsi ilə, qalan hissəsi isə digər vətəndaşların istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməsi aşkar edilmişdir.
13.10.2021-ci il. Həmin tarixdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov 2/321 saylı məktubu ilə Əziz Mustafayevə 2008-ci ildən bu yana rayonun Baş Planında xəritə dəyişikliklərindən uzun-uzadı söhbət açılır, nəhayət bildirilir ki, ona qanunamüvafiq qaydada müəyyənləşdirilmiş kompensasiya verilməsi məsələsi İcra Hakimiyyətinə məlum olmayan (?) səbəbdən öz müsbət həllini tapmayıb, sonda isə 0,6 ha pay torpağının əvəzində müvafiq sərəncam verilənədək ona 1,0 ha əkin torpağının ayırılması barədə Qobustan bələdiyyəsinə tövsiyə verildiyi qeyd olunur (Bu, həmin Məharət Əkbərovdur ki, 11.12.2019-cu ildə Mustafayevə yazdığı 197 saylı məktubda ona məxsus torpaq sahəsində dövlət ehtiyacları üçün hər hansı tikinti işlərinin aparılmadığını bildirirdi).
05.11.2021-ci il. Əziz Mustafayev Qobustan Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədova ərizə ilə müraciət edərək, başçının müavini Məharət Əkbərovun yalançı məktublarını xatırladır və əminliklə qeyd edir ki, sahiblik hüququ olduğu torpaq sahəsi başqa vətəndaşlara məhz başçının göstərişi əsasında satılıb. Xahiş edir ki, ona Qobustan İdman Kompleksinin yaxınlığında, 1-2 km aralıda eyni ölçüdə, eyni keyfiyyətdə torpaq sahəsi ayırılsın, ya da kompensasiya verilməsi məsələsinə baxılıb müvafiq qərar qəbul edilsin.
21.12.2021-ci il. Qobustan RİH - nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İbadət Bəhrəmov həmin tarixli məktubu ilə Mustafayevin “başının altına yastıq qoyur”: “Sizin rayon icra hakimiyyətinə ünvanladığınız 17.11.2021-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı sənədindəki sahə digər mülkiyyətçilərin sahələri kimi Qobustan şəhərinin Baş Planı ərazisində göstərilir. Bu ərazilərdə də artıq bütün təyinatlar üzrə tikililər inşa olunmuş, vətəndaşların yaşayış sahəsinə çevrilmişdir. Mövcud qüvvədə olan qanunlara görə sözügedən sahənin bələdiyyənin əkinə yararlı sahəsi iıə əvəzləşdirilməsi ilə bağlı sənədləşmə işləri aparılır. Sənədləşmə işləri yekunlaşan kimi bələdiyyə tərəfindən əvəzləşmə işləri aparılacaqdır. Həmin dövrə qədər əkinçiliklə məşğul olmaq üçün ərazidə olan 0,6 ha torpaq sahəsi əvəzində 1 ha əkin torpağının ayrılması Qobustan bələdiyyəsinə tövsiyə olunmuşdur”.
Elsevən Gözəldərəli