“Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzetinin internet səhifəsi olan “Korrupsiya-q.az” veb-saytında dərc olunmuş 12 sentyabr 2022-ci il tarixli “Sumqayıtda vətəndaşlar ev növbəsində haqsızlıqla üzləşib haqq dünyasına qovuşurlar” sərlövhəli məqalə redaksiya tərəfindən müşayiətedici məktubla Azərbaycan Respublikası Prezidentinə göndəriləndən sonra nəhayət ki, Sumqayıt şəhər İcra Hakimiyyəti 02.12.2022-ci il tarixli Q-263-068 saylı məktubu ilə qəzetimizə cavab yazmışdır.
Xatırladaq ki, Sumqayıt şəhəri, 8-ci mkr., ev – 31, mən. – 2 ünvanda yaşayan Hüseynova Günəş Həbib qızının şikayətini ictimailəşdirmişdik. Sitat: “Mənim övladlarım Qarakişiyeva Sevil İnşalla qızı və Qarakişiyeva Səbinə İnşalla qızı I qrup gözdən əlildirlər. Evsizlik, şəraitsizlik, ağır xəstəlik səbəbindən Sevil dünyasını dəyişdi. Səbinə də daun sindromlu əlildir, 2006-cı ildən ev növbəsindədir. Heç birimiz işləmirik, əlacsızlıqdan mən başqalarının geyimlərini alıb-satmaqla məşğulam. İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun 2015-ci ildə verdiyi sərəncamı Evlər İdarəsinin müdiri Sədaqət icra etmir. 2006-cı ildən ev növbəsində qeydiyyatda olmağımıza, bu günə qədər aidiyyəti qurumlara məktublarla və KİV üzərindən çoxsaylı müraciətlərimizə baxmayaraq, mənim şikayətimə baxılmayıb, heç bir köməklik göstərilməyib...”
İndi isə gəlin görək, Sumqayıt ŞİH başçısının aparatı cavab məktubunda nə yazıb: “Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olmuş ümumi xəstəliyə görə 1-ci dərəcəli əlil olan Səbinə Qarakişiyevanın yaşayış sahəsi ilə təmin olunması barədə müraciətinizə şəhər icra hakimiyyətində baxılmışdır. Müəyyən olunmuşdur ki, Qarakişiyeva Səbinə İnşalla qızı təqdim etdiyi sənədlərə əsasən ümumi xəstəliyə görə 1-ci dərəcəli əlildir. Bu imtiyazla 15.10.2015-ci il tarixdən yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülüb. Göründüyü kimi, Səbinə Qarakişiyevanın əlillik səbəbi gözdən əlil deyil, ümumi səbəbdən əlillikdir. Bildiririk ki, AR Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlar yaşayış sahəsi ilə imtiyazlarına əsasən növbəlilik qaydasında təmin olunurlar. Yaşayış sahəsi ilə təminat məsələləri AR Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aiddir. Hazırda həmin Nazirlik tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, gözdən əlil, Çernobıl əlilləri kimi mənzil uçotunda olan imtiyazlı vətəndaşlar yaşayış sahəsi ilə təmin olunurlar. Səbinə Qarakişiyeva gözdən əlil olmadığından, hazırki mənzil bölgüsündə iştirak edə bilməyib. Nəzərə alınması xahiş olunur”.
Məktubu Sumqayıt ŞİH başçısının birinci müavini cənab Teymur Səmədov imzalayıb. Çox hörmətli Teymur müəllimin və və onun kimi digər şəhər və rayon icra hakimiyyətlərinin rəhbər şəxslərinin bu məsələyə yanaşmasından belə nəticə hasil olur ki, yerli icra hakimiyyətlərində yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülmək əhəmiyyətsiz, ıperspektivsiz bir işdir və olsa-olsa yalnız statistikadır, iddianı söz-sözü çəkəndə qüvvətə yüksəltmək üçündür. İkincisi, qüvvədə olan qanunların natamamlığındandır ki, gözdən əlil olanlar ümumi əlillərdən daha çox imtiyazlıdırla. Bəli, ümumi əlilliyi olanlar gözdən əlillərlə müqayisədə dünya işığına həsrət deyillər. Amma evə həsrətdirlərsə, onların da əmək qabiliyyətləri olmaması səbəbindən bu arzularını, ehtiyaclarını işləyərək, qazanaraq ödəmək imkanından onsuz da məhrumdurlar.
Başqa bir məsələ qanunların və qanun qüvvəli normativ aktların Əfqanıstan müharibəsi veteranlarına münasibətindəki insafsızlıqdır. Təsəvvür edin, 1941-1945-ci illər BVM əlillərinə, Birinci və İkinci Qarabağ müharibəsi əlillərinə, atəşkəs dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyarkən, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərə yaşayış sahəsi ilə təmin olunmaq imtiyazı tanınır, amma Əfqanıstan müharibəsi veteranlarına aylıq 80 manat təqaüddən başqa elə bir əhəmiyyətli imtiyaz tanınmır. Əfqanıstan müharibəsində həlak olanların ailələrinə verilən 300 manat təqaüd, Əfqanıstan müharibəsinin başa çatmasının 30 illiyi ilə əlaqədar cənab Prezidentin imzaladığı sərəncamla Prezidentin ehtiyat fondundan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə ayrılan 1 milyon manat vəsait, bu kateqoriyadan olan vətəndaşların güzəştli mənzillə təmin olunmasından başqa. Güzəştli mənzil isə dövlət tərəfindən mənzil bağışlanması deyil.
Söz vaxtına çəkər, keçən ilin sonuna yaaxın qəzetimizdə “Əfqanıstan müharibəsi veteranı yeni ildən nə gözləyir” sərlövhəli məqalə dərc olunmuşdu. Həmin məqalə Sumqayıt şəhəri Corat qəsəbəsi ev 166 ünvanda yaşayan Əliyev Mehrəli Nəcəfəli oğlunun redaksiyamıza yazdığı 19.11.2021-ci il tarixli ərizəsi əsasında hazırlanmışdı. Mehrəli Əliyev 1979-cu ildən 1981-ci ilə qədər Əfqanıstan müharibəsində iştirak etmiş və medallarla təltif edilmişdir. Bu vaxta qədər evlə təmin olunmamışdır. Yalnız müharibə veteranı kimi 80 manat pul alır. Bu isə onun heç gündəlik çörək puluma yetərli deyil. İndiyədək evi yoxdur. Xahiş edirdi ki, Əfqanıstan müharibəsi iştirakçısı kimi dövlət tərəfindən onun evlə təmin olunmağı üçün problemi ictimailəşdirib aidiyyəti yuxarı dövlət instansiyalarına çatdırılsın.
Allaha təvəkkül! Yenə də ümid edirik ki, qarşıdan gələn yeni 2023-cü ildə Sumqayıt sakinləri Səbinə Qarakişiyevanın və Mehrəli Əliyevin mənzillə təmin olunmaq arzuları həyata keçəcək.