Məlum edirik ki, Sumqayıt şəhərində qeydiyyatda olan əlil vətəndaşlar Qarakişiyeva Səbinə İnşallah qızı və Dadaşov Ceyhun Xıdır oğlu redaksiyamıza müraciət edərək, mənzil problemlərinin həllinin yubadılması məsələsinin KİV-də ictimailəşdirilməsini xahiş etmişdilər. Odur ki, adları çəkilən şəxslərin hazırki tarix üçün Sumqayıt ŞİH-də mənzil növbəsi sırasında neçənci olduqları barədə məlumat almaq üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovaya məktubla müraciət etdik. Şöbə müdirindən aldığımız 06.12. 2-16-cı il tarixli cavab məktubunda bildirilmişdir ki, vətəndaş Dadaşov Ceyhun Xıdır oğlu ümumi xəstəliyə görə 1-ci qrup əlillik imtiyazı əsasında 30. 12. 2003-cü il tarixdən, sıra nömrəsi 103 olmaqla, vətəndaş Qarakişiyeva Səbinə İnşallah qızı isə 1-ci qrup əlillik imtiyazı əsasında 15. 10. 2015-ci il tarixdən sıra nömrəsi 234-cü olmaqla mənzil növbəsindədirlər.
Bu ərəfədə Sumqayıtda ev növbəsində haqsızlıqla üzləşmiş daha bir vətəndaş redaksiyamıza müraciət etmişdir. Sumqayıt şəhər sakini, 18 saylı yataqxana, ev-6, mənzil-36 ünvanda qeydiyyatda olan, hazırda 18-ci məhəllə, ev 2/10, mənzil 33-də kirayədə yaşayan Əliyeva Təranə Şirəli qızı yazır ki, mərhum qardaşı, 1971-ci il təvəllüdlü Əliyev Elxan Şirəli oğlu 1992-ci ildə Ağdam rayonu Naxçivanik kəndi uğrunda edən döyüşlərdə şəhid olmuşdur. Atası Əliyev Şirəli Heydər oğlu işlədiyi "Qafqazenerjitəmiri" idarəsi üzrə 1991-ci ildən mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ev növbəsinə dayanıb. Elxan şəhid olandan sonra təqaüdə çıxan atasının da sənədləri Sumqayıt Evlər İdarəsinə göndərilib. Şirəli Əliyev şəhid atası kimi növbədə 14-cü olub, 2003-cü ildə vəfat etdikdən sonra isə onun növbəsi həyat yoldaşı Əliyeva Şairə Kitabulla qızına keçib. Lakin həmin il dekabrın 31-də 66 mənzilli iki bina əlillərə və şəhid ailələrinə veriləndə məlum olub ki, Əliyevlər ailəsinə mənzil düşməyib. İradlarını Sumqayıt Evlər İdarəsinin sabiq müdirəsi Gülsara xanıma bildirəndə kobud cavab alıblar və ümidlərini eyni təyinatla növbəti evin tikilməsinə bağlayıblar.
Təranə Əliyeva ərizəsində qeyd edir ki, 2016-cı ilin yanvarında anasının ev növbəsində neçənci olduğunu dəqiqləşdirmək məqsədilə Sədaqət Əsədovanın qəbulunda olub. Ərizədən oxuyuruq: "Sədaqət xanım mənə bildirdi ki, "canım ölsün, ananı növbədən çıxarmışam, özü də birinciydi". Dəhşətə gəldim. Səbəbini soruşdum. Dedi: "Bilmirəm, çıxartmışam daa. Gəl, ərizə yaz, bərpa edərəm".
Ərizə ürəkürpədici cümlələrlə davam edir: "Avqust ayında anam rəhmətə getdi. İnanın ki, o idarəyə daha ayaqlarım getmir. Anam dəfələrlə cənab Prezidentə məktubla müraciət edib. Prezident Aparatından həmin məktubların ünvanlandığı aidiyyati orqanların heç vecinə də olmayıb, heç şəhid anasını çağırıb könlünü şad edəsi bir söz də deməyiblər".
Maraqlıdır, görəsən niyə Sumqayıt şəhər İcra Hakimiyyəti aparatının strukturuna daxil olan bu şöbə vətəndaşların birbaşa müraciətlərinə həssas yanaşmır ki, onlar da məlumat almaq üçün "dördüncü hakimiyyət" sayılan mətbuatın köməyinə ehtiyac duyur, məmurları "ictimai qınağa boğmaq" məcburiyyətində qalırlar. Burada yalnız bir məqsəd ola bilər: Şəffaflığı bilərəkdən təmin etməmək, ev növbəsində duranları məlumatsızlıq saxlamaq və bununla da şəxsi maraqlar naminə növbədə duranlar arasında ayrı-seçkilik yaratmaq, ədalətlilik prinsipini pozmaq fürsətini qaçırmamaq.
Adları çəkilən vətəndaşlar KİV-in konstruktiv təzyiqindən sonra almağa müvəffəq olduqları məlumata görə Sədaqət xanıma mütəşəkkir deyillər. Çünki dediklərinə görə, şöbə müdiri onların müraciətlərinə sayqısız yanaşır, rəhbərlik etdiyi şöbəni özünə miras qalmış ata mülkü hesab edirmiş kimi davranır, məlumat almaq istəyən şəxsləri acılayır. Qəribədir, möhtərəm Prezidentimiz "Mən xalqımın xidmətçisiyəm" deyərək məmurlara şəxsi nümunə göstərdiyi halda, Sədaqət Əsədova "Vətəndaşların müraciətlərinə baxılması haqqında" AR Qanununun tələblərini kobud surətdə pozur.