Daimi oxucularımız yaxşı bilirlər ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Korrupsiya və Qanun” qəzetində ictimailəşdirilən aidiyyəti problemlərə biganə qalmasına dəlalət edən çoxsaylı misallar çəkə bilərik. Məsələn, ailələri ilə birgə 2007-ci ildən Yasamal rayon 52 saylı məktəbin ərazisində məskunlaşmış Füzuli rayonundan məcburi köçkün Sənan və Emin Şamıyev qardaşlarının mənzillə təminat məsələləri ilə əlaqədar Dövlət Komitəsinin onlarla oynadığı “gizlənpaç” oyununu 2016-cı ildən bu yana işıqlandırırıq. 2016-cı ildə onların məktublarına cavab verilmişdi ki, mənzillə təmin olunacaqlar. 2019-cu ildə müvəqqəti sığındıqları komaya özləri pəncərə qoymaq istəyəndə Komitənin nümayəndələri onları arxayın salıblar: “Niyə pəncərəyə artıq xərc çəkirsiz? Onsuz da sizə ev veriləcək”.
Amma II Qarabağ savaşından sonra Şamıyevlərə deyirlər ki, hazırda Vətən müharibəsi şəhidlərinin ailələrinin və əlillərinin mənzillə təminat problemləri öndədir. Vətən müharibəsi iki il əvvəl baş verib və şükür ki, Qələbə ilə başa çatıb. Bəs elə isə Şamıyevlərin problemlərinin ailə qayğılarının artması ilə əlaqədar ictimailəşdirildiyi 2011-cı ildən 2020-ci ilin sentyabrına qədər Dövlət Komitəsi onlara niyə biganə yanaşırdı? Həmin o dövrdən 2018-ci ilə qədərini də yazaq Komitənin sabiq sədri Əli Həsənovun günahları sırasına. Bəs cənab Rövşən Rzayev vəzifəyə təyin olunduğu 2018-ci ildən indiyə qədər Şamıyevlərin problemlərini görmürdümü? Görəsən, Şamıyevlərin ev növbəsi kimlərə satılıb?
Bu sətirlərin müəllifi, həm də məcburi köçkün, Şamıyev qardaşlarının anası olaraq mən Xuraman Quliyeva Komitə sədrinin müavini Eldar Zeynalova rəsmi surətdə 08.07.2022-ci il tarixli növbəti məktub ünvanlamışam. Uzun müddət cavab almadıqdan sonra zəng edib cavab verilməməsinin səbəbini soruşmaq istədim. Görünür, tək məktubuma deyil, zəngimə də cavab vermək ona sərf etmədiyi üçün əvvəlcə nömrəmi bloka atdı. Bundan sonra vatsap vasitəsilə səsli mesaj göndərib iradlarımı bildirdim, evlərin məcburi köçkünlərə paylanması məsələsində ədalətsizliklərə, möhtəkirliyə yol verilməsinə gileylərimi bildirdim. Qəzetimiz vasitəsilə problemlərini işıqlandırdığımız digər məcburi köçkünlərin də Komitə yetkililəri tərəfindən incidilməsinə dair faktları sadaladım. Mənə mesaj yazdı ki, “Siz mənim qəbulumda olmusunuz, cavabınız verilib. Allah bəlasını versin ev satanların!” Gəlin razılaşaq ki, bu sözlər dövlət məmurunun işlətməli olduğu ifadələr deyil. Mən ona heç vaxt qəbulunda olmadığımı da yazdım.
Sonra uzun cəhdlərdən, ardıcıllıqla 6 nömrəyə zəng vurandan sonra əlaqə saxlamağa nail olduğum Komitənin ümumi şöbəsindən mənə bildirdilər ki, “Sizin burada müraciət məktubunuz yoxdur”, yenə də hansısa daxili nömrə verdilər. Nəhayət, müraciətnaməmi tapdılar və “tövsiyə” etdilər ki, “Siz nə istədiyini bilmirsiz, yenidən müraciət edin, amma qəzet vasitəsilə deyil”. Yenə də anlamadım – bəyəm, məcburi köçkün öz problemini KİV üzərindən ictimailəşdirəndə problem əhəmiyyətsizləşir? Mətbuat yəni bu günə qalıb ki? Açıq desəydilər ki, “Korrupsiya və Qanun” qəzetinin 29.06.2018-ci il tarixli 04(66)-cı nəşrində yer alan “Yasamalda məcburi köçkünün məskunlaşdığı yerdən küçəyə qovmaq istəyirlər” adlı, 16.08.2018-ci il tarixli 05 (67) –ci nəşrində dərc olunan “Lazım gələrsə və zərurət yaranarsa... – Yasamalda südəmər uşaqlı məcburi köçkün ailəsi ahəstə ölümə məhkum olunub” başlıqlı, qəzetin 06.05.2020-ci il tarixli 03 (77)-ci nəşrində dərc olunmuş “Qaçqınkomdan növbəti “əl-ləzinə” sərlövhəli məqalələr qəzeti Komitəyə düşmən eləyib, başa düşərdik.
Doğrudan da qəribə və ikrah doğurucu işdir: Elə bil, “Qaçqınkom” rəhbərliyi səbirsizliklə Qələbəni, torpaqların işğaldan azad edilməsini deyil, Vətən müharibəsində igid oğullarımızın şəhid və əlil olmasını istəyirmişlər ki, onların probleminin önə çıxmasını bəhanə edib məcburi köçkünlər sırasından Komitənin “standartına” uyğun gəlməyən evsizləri başlarından eləsinlər. Komitə onun möhtəkir məmurları ilə sövdələməyə getməyən köçkünlərin probleminin həllini bilərəkdən yubadır ki, bəlkə aralarından hansılarsa dünyasını dəyişəcək, narkomaniyaya qurşanacaq, azadlıqdan məhrum olunacaq. Gözləyirlər ki, məcburi köçkünlər müvəqqəti məskunlaşdıqları diqqətiçəkən sosial obyektlərdən (məsələn, 52 saylı məktəbin ərazisindən) çıxarılıb, diqqətdən uzaq hansısa vətəndaşın evində kirayədə yaşasınlar. Bir sözlə, “adam yoxdursa, problemi də yoxdur”, “o vaxta qədər ya eşşək ölə, ya xan” prinsipləri ilə hərəkət edir.
Şamıyevlər ümidlərini yeni 2023-cü ilə bağlayıblar. Çünki 2023-cü il “Heydər Əliyev ili” elan olunub. O Heydər Əliyev ki, qaçqın və məcburi köçkünlərin qayğı və problemlərinə diqqətlə, həssas yanaşırdı.
Xuraman Quliyeva