Məlum olduğu kimi, aşağı seçki komissiyalarının üzvlərinə səlahiyyətli olduqları dövrdə qanunla müəyyən olunmuş qaydada və müddətdə dövlət büdcəsindən pul təminatı ödənilir. Bakıdakı Füzuli rayon məktəblərində yerləşən məntəqə seçki komissiyası üzvlərinin 11 yanvar 2023-cü il tarixdən işdən azad edildikləri bildirilir. Etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, seçki komissiyalarına üzv olan müəllimlər səlahiyyət daşıdıqları dövrdə məktəbdə dərsə cəlb olunublarmış. Onların əvəzinə başqa müəllimlərə həvalə olunaraq adlarına dərs saatları yazılıb, pullarına isə məktəb direktorları və Füzuli Rayon Təhsil Şöbəsinin müdiri şərik çıxıblar.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Füzuli rayon Komitəsinin sədri Əli Sadıqov hazırki vəzifəsinə 2016-cı ildən təyin olunub. Bəli, düz başa düşdünüz, məhz təyin olunub, hesab edilir ki, seçilməyib. İşlədiyi müddətdə ATİAHİ üzvü olan Füzuli məktəblərinin müəllimlərinin sosial rifahının yaxşılaşdırılması, əmək və istirahət hüquqlarının qorunması naminə heç bir iş görməyib. Çünki internet üzərindən ötəri araşdırma aparanda belə son illər rayon müəllimlərinin əmək hüquqları uğrunda mübarizələrini əks etdirən, xüsusilə də dərs bölgüsündə üzləşdikləri ədalətsizliklərlə bağlı çoxsaylı qalmaqallı informasiyalara rast gəlmək olar. “Korrupsiya və Qanun” qəzetində də bu mövzuda xeyli tənqidi məqalələr dərc olunub. Bildirilir ki, ödənişlərin kartla həyata keçirilmədiyi əvvəlki illərdə Əli Sadıqovun sədrlik etdiyi Komitənin işində saxtakarlıq daha çox olub, müəllimlərin adına ərizələr tərtib olunaraq Həmkarlar İttifaqının xətti ilə pullar yazılıb və mənimsənilib, sanatoriyalar göndəriş vərəqələri (“putyovkalar”) 500 manata satılıb. Araşdırılma aparılsa, məlum olar ki, bu yolla daha çox maddi yardımları Əlinin öz qohum-əqrəbası alıblar. Bu müstəvidə neqativ proseslər indi də səngiməyib. Qeyd olunur ki, Əli Sadıqov onun sərəncamına verilmiş xidməti avtomobili özünün və ailə üzvlərinin şəxsi məqsədinə istifadə edir. Həmin maşını Qobu Park – 3 yaşayış massivində yerləşən Füzuli rayon 4 saylı orta məktəbin qarşısında tez-tez görmək olar – Əli qızını dərsə aparıb-gətirir. Hal-hazırda da Əli Sadıqov bu qanunsuz əməllərini davam etdirməkdədir.
ATİAHİ Füzuli rayon Komitəsi tərəfindən təşkil olunan və foto-video vasitələrlə reklam edilərək “gözə soxulan” müxtəlif adlı (müsabiqələrdə fərqlənən gənc müəllimlərin mükafatlandırılması, yaşı 65-i ötmüş müəllimlərə hədiyyələr verilməsi və s.) tədbirlərdə də faktiki xərclənəndən xeyli artıq pul vəsaitlərinin silindiyi deyilir.
Əli Sadıqovun arxasında duran, onun toxunulmazlıq statusu verən şəxsin kimliyini deyə bilmərik. Amma redaksiya olaraq öz növbəmizdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Respublika Həmkarlar İttifaqları Konfederasiyasına müraciət ünvanlayacağıq.
“Korrupsiya və Qanun”