Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 189, mən.26 ünvanında yaşayan Səfərov Ramin Rövşən oğlu ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, bildirib ki, 29.10.2019-cu il tarixdə o, “Baku City” MTK arasında Bakı şəhəri, Nərimanov rayonu, Əlizadə küçəsi 42/9 mənzil ünvanında yerləşən ona məxsus mənzil barədə Əvəzləşdirmə müqaviləsi bağlayıb.
Həmin müqavilənin müvafiq bəndinə əsasən “Baku City” MTK Bakı şəhəri, Nərimanov rayonu, Əlizadə küçəsi 42/9 mənzil ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulan binada ona məxsus olan, faktiki sahəsi 45 kv.m mənzilin güzəştli şərtlərlə binanın C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56.6 kv.m və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 kv.m 2 otaqdan ibarət olan təmirsiz, kirayə haqqı ödəmədən mənzilləri 24 ay ərzində “Mülkiyyətçi”-yə verməyi öhdəsinə götürmüşdür. Yazır ki, o, qeyd edilən müqavilənin şərtlərinə əməl edərək ona məxsus mənzili vaxtında boşaltmış və binanın hazır təhvil verilməsi vaxtını gözləyib. Lakin təəssüflər olsun ki, müqavilədə 28.10.2022-ci ildə evin tikilib təhvil verilməsi müddəti göstərilsə də, bu günə qədər bina təhvil verilməmiş və o, işsiz olduğu üçün kirayədə yaşamağa maddi imkanı çatmır. Şirkət rəhbərliyindən adı çəkilən ünvanda inşa edilən çoxmənzilli yaşayış binasında ona məxsus evin tezliklə təhvil verilməsinin təmin edilməsini xahiş etsə də, xeyri olmamışdır.
“02.02.2023-cü il tarixdə “Baku City” MTK-nın mənə göndərdiyi № 09/02 saylı məktubda bildirdilər ki, Sizə ayrılmış mənzillər təmir üçün hazır vəziyyətdədir, lakin, mən evə gedib baxanda isə evdə hələ də təmir işləri gedirdi. Mən tələb edəndə ki, evi mənə rəsmi qaydada təhvil verin, həmin MTK-nın Yavuz adlı işçisi mənə dedi ki, ev hazırdı, gedin təhvil alın. Qeyri-rəsmi qaydada yaşayış üçün hazır olmayan binanı mən qəbul etmədim” – şikayətçi qeyd etdiyi faktların ictimailəşdirib, aidiyyatı rəsmi şəxslərə göndərilməsini, geniş oxucu kütləsinə çıxarılmaqla bu məsələnin həllində ona köməklik göstərilməsini redaksiyadan xahiş etmişdir.
Şikayətçinin ərizəsinə qoşma edərək redaksiyaya təqdim etdiyi sənəd surətləri arasında Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 26.10.2022-ci il tarixli 2(005)-2648/2022 №-li Qətnaməsinin surəti də vardır.
Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Rüstəmov Taleh Bəxtiyar oğlunun Cavabdehin nümayəndəsi Vəkilova Zemfira Dursun qızının Cavabdehin vəkili Abdullayev Yasər Əbülfəz oğlunun iştirakı ilə, İddiaçı “Baku City” Mənzil Tikinti Kooperativinin cavabdeh Səfərov Ramin Rövşən oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi və əmlakların geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə keçirilmiş həmin məhkəmədə “müəyyən edilib” ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının İcrası ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti ilə “Baku City” Mənzil Tikinti Kooperativi arasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 ünvanında yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi barədə 17 aprel 2017-ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 42/9 ünvanında yaşayan sakinlər yaşayış sahələrini sökmək üçün “Baku City" Mənzil Tikinti Kooperativə təhvil verməyi, MTK isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarında sakinlərə təhvil verdikləri mənzilin sahəsinin 20% artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək kompensasiya şəklində sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürür.
Həmçinin müqavilənin şərtlərinə görə MTK tərəfindən mənzil mülkiyyətçiyə təhvil verildiyi vaxtdan kirayə haqqının verilməsi dayandırılır. Həmin zaman bütün sakinlər MTK-ilə razılaşmış və müqavilə bağlamışlar. Göstərilən ünvanda yaşayan mülkiyyətçilərdən cavabdeh Səfərov Ramin Rövşən oğlu ilə MTK arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixində əvəzləşdilrilmə müqaviləsinə əsasən mülkiyyətçiyə məxsus olan faktiki sahəsi 45 m2 mənzilin əvəzinə güzəştli şərtlərlə binanın C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56.6 m2 və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 m2 2 otaqdan ibarət təmirsiz, kirayə haqqı ödənilmədən mənzilləri "Mülkıyyətçi”yə verməyi öhdəsinə götürmüşdür.
Hazırda tərəflər arasında olan 28 oktyabr 2018-ci il tarixli müqavilənin icrası qeyri mümkün olduğundan məhkəmə tərəfindən müqaviləyə xitam verilməsi zərurəti yaranmışdır. 28 oktyabr 2018-ci il tarixli müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımi qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar. Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər, onların iradəsindən asılı olmayan, müqavilə imzalandıqda nəzərə alınmayan və müqavilə imzalandıqdan sonra meydana çıxan daşqın, zəlzələ və digər təbiət hadisələri, habelə müharibə, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri fors-major kimi müəyyənləşdirilir. Belə ki, iddiaçı MTK tərəfindən inşa olunan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi. 42/9 ünvanında yerləşən çoxmərtəbəli binanın layihəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və İcra Hakimiyyəti tərəfindən dəyişikliklər aparıldığından, yəni 16 mərtəbəli bina tikilməsi nəzərdə tutulsa da, 9-10 mərtəbəli bina tikilməsi üçün razılıq əldə olunmuşdur. Bu səbəbdən də, binada mənzillərin sayı məhdud olduğundan, cavabdeh Səfərov Ramin Rövşən oğluna məxsus həmin binada C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56.6 kv.m və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 m2 2 otaqdan ibarət təmirsiz, kirayə haqqı ödənilmədən mənzillərlə təmin etmək mümkün deyildir.
Maraqlıdır, görəsən MTK rəhbərliyi layihədə dəyişiklik aparılacağını qabaqcadan bilə bilməzmiydimi? Yaxud, MTK dəyişiklik edilməyəcəyinə əmin olmadığı layihədən nəyə görə Ramin Səfərova mənzil vəd edib, onu xeyli müddət kirayəyə pul xərcləməyə vadar edib? Bundan başqa, bina 16 deyil, 10 mərtəbəli olacaqsa da belə, Ramin Səfərova vəd edilmiş 8-ci və 9-cu mərtəbələrdəki mənzillər niyə verilməməlidir? Əgər kimlərsə layihədən kənarda qalmalıdırlarsa, həmin şəxslər 11-ci və daha yuxarı mərtəbələrdən mənzil vəd edilmişlər olmalı deyillərmi? 8-ci və 9-cu mərtəbələrdən mənzil alacaq şəxslərin Ramin Səfərovdan nəyi artıqdır? Təəssüf ki, bütün bu suallar məhkəmədə MTK-nın nümayəndəsinə verilməmişdir.
Həmçinin, MTK nümayəndəsi iddianı onunla “əsaslandırmışdır” ki, guya tərəflər arasında müqavilə bağlanarkən cavabdeh Səfərov Ramin Rövşən oğlunun müqavilə bağlayarkən subyektiv hüququ olmamış və imzalanarkən qohumları ilə öz arasında məhkəmə mübahisəsinin olmasını MTK-dan gizlətmişdir (Qeyd olunan müqavilə cavabdeh Səfərov Ramin Rövşən oğlu tərəfindən imzalanmışdır. Lakin daha sonra Binəqədi Rayon Məhkəməsinin icraatında iddiaçı Səfərov Rövşən Rafiq oğlu cavabdehlər Vakilova Zemfira Dursun qızı, Səfərov Ramin Rövşən oğlu, Bakı şəhəri 38 saylı Notariat Kontoru və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı mənzil bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır).
Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkilova Zemfira Dursun qızı iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, “Baku City “ MTK tərəfindən 12 fevral 2022-ci il tarixdə məktub göndərilmişdir. Həmin məktubda qeyd edilir ki, 28 oktyabr 2019-cu il tarixdə imzalanmış əvəzləşmə müqaviləsinə əsasən C bloku 9-cu mərtəbədə 30 saylı 1 otaqlı 56.6 kvadrat metr və D blokunda 8-ci mərtəbədə 26 saylı 88 kvadrat metr 2 otaqdan ibarət təmirsiz mənzil sizə təhvil verilir. Bu məktubdan aydın olur ki, “Baku City” MTK həmin mənzilləri təhvil vermək üçün öz razılığını vermişdir. Müqavilə 28 oktyabr 2019-cu il tarixdə imzalanmış, qətnamə isə 2021-ci ilin oktyabr ayında qüvvəyə minmişdir. Əgər Səfərov Ramin Rövşən oğlunun müqavilə bağlanan zaman subyektiv hüququ olmamışsa, Vəkilova Zemfira Dursun qızına belə məzmunda məktub göndərilməməli idi. Oktyabr ayında mənzil təhvil verilməli idi, lakin “Baku City” MTK bu öhdəliyi yerinə yetirməmişdir. Sözügedən məhkəmə mübahisəsi sonlanan zaman əmlaklar cavabdehin anası Vəkilova Zemfiranın mülkiyyətinə keçmişdir. Səfərov Rövşən Rafiq oğlu isə bağışlanma müqaviləsinin ləğv edilməsi və əmlakların əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, müqavilə bağlanan zaman Səfərov Ramin Rövşən oğlunun subyektiv hüququ olmuşdur, lakin 2021-ci noyabr ayında bu hüquq “Baku City “ MTK-nın öz öhdəliyini yerinə yetirmədiyi səbəbindən itirilmişdir. Bizdə olan məlumata görə C bloku 9-cu mərtəbədə 30 saylı 1 otaqlı 56.6 kvadrat metr sahəsi olan mənzil dəfələrlə satılmışdır və “Baku City “ MTK-nın məqsədi həmin mənzili geri almaqdır. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
Nərimanov məhkəməsi hesab etmişdir ki, MTK-nın iddia tələbinin hüquqi əsasını Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 42/9, mənzil 68 ünvanında yerləşən mənzilə dair cavabdehin hüquqlarının qanuni qüvvəsini almış məhkəmə aktı əsasında etibarsız sayılması təşkil edir: “Belə ki, iş hallarının hüquqi qiymətləndirilməsi zamanı qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7530/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilinə dair Səfərov Rövşən Rafiq oğlunun adından Səfərov Ramin Rövşən oğlu arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/116 nömrə ilə qeyd edilmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız olması müəyyən olunmuşdur. Hazırki, iş üzrə mübahisə predmeti olan “Baku City” MTK ilə Səfərov Ramin Rövşən oğlu arasında olan Əvəzləşdirmə müqaviləsin 28.10.2019-cu il tarixdə bağlanmışdır. Qeyd olunan müqavilənin cavabdeh tərəfindən bağlanmasına əsas olmuş bağışlanma müqaviləsi məhkəmə qətnaməsi əsasında etibarsız hesab edildiyindən həmin müqavilə əsasında cavabdehin malik olduğu hüquqlar həmin tarixdən yəni 4Ə/116 nömrə ilə qeyd edlmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsi bağlandığı tarixdən etibarsız hesab edilir. Belə olan halda iddiaçının tələbinin mübahisə predmeti olan müqavilənin etibarsız hesab edilməsi hissəsində əsaslı olması müəyyən edilir”.
Məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edib ki, iddia tələbi qismən təmin edilərək, “Baku City” Mənzil Tikinti Kooperativinin cavabdeh Səfərov Ramin Rövşən oğlu arasından bağlanmış 28.10.2019-cu il tarixli “əvəzləşdirmə müqaviləsi” etibarsız hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
Məhkəmədə MTK nümayəndəsinə sual verilməyib ki, əgər Ə.Əlizadə küçəsindəki söküntüyə gedən ev Ramin Səfərova deyil, onun qohumuna (qohumlarına) məxsus olsaydı, MTK 10 deyil, 16 mərtəbəli ev tikəcəkdimi, MTK həmin şəxslə (və ya şəxslərlə) müqavilənin ləğv edilməsi barədə iddia qaldırmayacaqdımı?
Mövzuya qayıdacağıq.
Xuraman Quliyeva