Neftçala rayonunun Bankə qəsəbəsində yerləşən keçmiş S.M. Kirov adına Balıqçılıq Kombinatı (hazırkı Bankə Balıq Kombinatı) 1842-ci ildə əsası qoyulmuş, Azərbaycanın ən qədim və əfsanəvi balıqçılıq müəssisələrindən biridir. Sovet dövründə SSRİ-nin ən böyük və önəmli balıq emalı müəssisələrindən biri kimi fəaliyyət göstərmişdir. 19-cu əsrin sonlarında tikilən inzibati binası əvvəllər məşhur xeyriyyəçi H.Z. Tağıyevə məxsus olmuşdur. Uzun illər regionda iqtisadiyyatın və balıqçılığın əsasını təşkil edən kombinat, təəssüf ki, son illərdə baxımsız vəziyyətə düşüb. Ərazi yaxınlığında ekosistemi qorumaq məqsədilə Xəzər dənizinə nərə cinsli balıq körpələrinin buraxılması kimi tədbirlər həyata keçirilir.
Keçmiş S.M. Kirov adına Balıqçılıq Kombinatının (Bankə Balıq Kombinatı) fəaliyyəti, işçilərin stajı, zavodun daxili əmrləri və tarixi sənədləri müəssisə 1996-cı ildə fəaliyyətini tam dayandırdıqdan sonra rəsmi dövlət arxiv fondlarına təhvil verilmişdir. Kombinatın sovet dövrünə və müstəqilliyin ilk illərinə (1996-cı ilə qədər) aid olan kadr sənədləri, maaş cədvəlləri və daxili əmrləri Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Salyan regional filialında (Neftçala rayonu bu filialın xidmət dairəsinə daxildir) və ya birbaşa Neftçala Rayon Dövlət Arxivində saxlanılır. Kombinatda çalışmış şəxslərin iş stajı və ya əməkhaqqı barədə arxiv arayışını almaq üçün DOST və ya ASAN Xidmət mərkəzlərinə müraciət edilməlidir.
Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsi, ev26 ünvanda yaşayan Bayramov Akif oğlu da təlimata uyğun surətdə ƏƏSMN tabeliyində DOST Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinə pensiya təminatı üçün müraciət etmiş, 16.10.1975-ci il tarixdən 18.12.2001-ci il tarixədək keçmiş Kirov adına balıqçılıq kombinatında əmək fəaliyyətini əks etdirən əmək kitabçasını təqdim etmişdir. Lakin 3 saylı Bakı DOST Mərkəzində, sonradan isə DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialında nədənsə əmək kitabçasında yer alan məlumatların mötəbərliliyinə “əsaslı şübhə” ilə yanaşmışlar və fəaliyyət dövrünün araşdırılmasını zəruri bilmişlər. Mərkəz filialın vətəndaş Bayramova verdiyi 11 iyul 2025-ci il tarixli “yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” cavab məktubunda Fondun 2 saylı Şirvan-Salyan regional filialının 19.06.2025-ci il tarixli aktına istinad olunaraq bildirilir ki, Kirov adına balıqçılıq kombinatının heç bir sənədləri (əmr kitabları və əmək haqqı cədvəlləri) Neftçala rayon Dövlət Arxivinə verilməyib və həmin idarənin hüquqi ünvanı məlum deyil. Bu səbəbdən də sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir.
Beləliklə, vətəndaş Akif Bayramov 2020-ci ildən yaşa görə təyin edilmiş 220 manat məbləğdə sosial müavinətlə kifayətlənməli olmuşdur.
Maraqlı bir sual qarşıya çıxır: Neftçala balıqçılıq kombinatının Akif Bayramovun göstərdiyi dövrdə əmək fəaliyyəti ilə məşğul olmuş, sonradan pensiya üçün müraciət etmiş heç bir işçisinin stajı təsdiqlənməyib? Axı DSMF-nun məktubunda kombinatın konkret bir işçisinin deyil, ümumiyyətlə müəssisənin özünün sənədlərinin tapılmadığı iddia olunur.
Qeyd edək ki, Akif Bayramovun qardaşı 1954-cü il təvəllüdlü Rabil Bayramovun da əmək tarixçəsinin xeyli dövrü məhz balıqçılıq kombinatına aiddir. O da işlədiyini sübut edə bilmir. Halbuki, əmək kitabçasında kombinatdan əvvəl və sonra başqa müəssisələrdə işlədiyini əks etdirən qeydlər vardır.
Mövzuya qayıdacağıq.
“Korrupsiya və Qanun”