Tərəflər boşandıqdan sonra əsas problemlərdən biri də uşağın xaricə getməsi zamanı ortaya çıxır. Qanunvericiliyə görə, valideynlərdən biri digərinin razılığı olmadan uşağı ölkə hüdudlarından kənara çıxara bilməz. Lakin bəzən valideynlərdən birinin əsassız etirazı uşağın təhsil, müalicə və ya istirahət məqsədilə xaricə səfərinə mane olur.
Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən uşaq kimin himayəsindədirsə, o zaman digər valideynin notariat qaydada təsdiq edilmiş razılığı tələb olunur. Əks halda uşağın xarici ölkəyə çıxarılmasına icazə verilmir.
Uşaqların xarici ölkəyə çıxarılması zamanı razılığı tələb olunan valideyn notariat qaydasında razılıq verməzsə, bu zaman iş məhkəmə qaydasında həll edillir, yəni uşaq əgər anaya verilibsə, bu zaman ana uşağın xaricə getməsinə izn verilməsi ilə iddiası ilə məhkəməyə müracitət etməlidir. Məhkəmə daha çox uşağın lehinə ola biləcək halları nəzərə alaraq qərar verir. Uşağın lehinə olan hallar isə uşağın sağlamlığı, yəni onun xaricdə müalicəsi ilə əlaqədar ola bilər eyni zamanda təhsili ilə əlaqədar seminar və konfransda iştirak etməsi və idman oyunlarında iştirak etməsi uşağın lehinə olan hallardır.
Uşağın xaricə getməsində digər valideynin razılığı da çox əhəmiyyətlidir. Hər bir valideyn öz övladı barəsində məlumatlı olmaq eyni zamanda görüş hüququ vardır. Uşağın xarici ölkəyə getməsi zamanı isə bu görüş hüququnu həyata keçirə bilmir və bu səbəbdən məhkəmə qərar verərkən hər bir halı nəzərə almalı və buna əsasən qərar verməlidir. Bundan əlavə BMT-nin Uşaq hüquqları haqqında konvensiyasının 3-cü maddəsinə əsasən dövlət orqanları, məhkəmələr uşaqların maraqlarının təmin edilməsinə riayət etməlidirlər.
Qəbələ şəhəri, Zarağan 2, M.Abduyev küçəsi, ev 51, mənzil 15 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 584 ünvanda yaşayan Fazilli Sparə Firdovsi qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirib ki, 2015-ci ildən birgə nikahda olduğu Heybətov Qürbət Nurməmməd oğlundan üç il sonra boşanmış, Qəbələ rayon məhkəməsinin 2(025)-184/2018 saylı, 16 may 2018-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, onların 2016-cı il təvəllüdlü övladı Heybətli Nurməmməd Qürbət oğlunun anasının himayəsində qalması və yetkinlik yaşınadək saxlanılması üçün Heybətov Qürbət Nurməmməd oğlundan 05.12.2017-ci il tarixdən hesablanılmaqla hər ay sabit məbləğdə 136 manat aliment məbləğinin alınaraq Sparə Firdovsi qızına verilməsi qət edilmişdir.
Uşağın zamanla məsrəfinin artmasını, ölkədə 2025-ci ildən etibarən yetkinlik yaşına çatmamış uşaqlar üçün yaşayış minmumunun dəyişdirilərək 246 manat müəyyən edilməsini nəzərə alaraq yenidən məhkəməyə müraciət edərək alimentin indeksasiya edilməsini xahiş etmişdir. Qəbələ rayon məhkəməsi 8(025)-163/2025 saylı, 07.11.2025-ci il tarixli qərardadı ilə ərizəni təmin etmiş, aliment məbləğinin dəyişdirilərək, uşaq üçün ölkə üzrə aylıq müəyyən eduilmiş minimum əmək haqqının 1,046 misli həddində sabit pul məbləğində tələbkarın xeyrinə tutulması qərara alınmışdır.
Fazilli Sparə Firdovsi qızı şikayətlənir ki, qarşı tərəf üç aydır ki, aylıq alimenti ödəmir. Həmçinin, uşağı ilə maraqlanmır, onunla görüşməyə can atmır, heç bir qayğı və nəvaziş göstərmir. Bu azmış kimi, anaya uşaqla birgə yay tətilində Türkiyəyə istirahətə getməsi üçün etibarnamə verməkdən imtina edir.
Qanunvericiliyə görə, uşağın himayəsinə verildiyi valideyn ölkədən çıxışın uşağın mənafeyinə uyğun olduğunu sübut etməyə məcbur deyil. Sübutetmə yükü etiraz edən valideynin üzərinə düşür. Uşağın xaricdə müalicə olunması, beynəlxalq idman yarışlarında iştirak etməsi, xaricdə ali təhsil məqsədilə keçirilən imtahanlara qatılması və digər təxirəsalınmaz hallarda məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edərək uşağın digər valideynin razılığı olmadan müəyyən müddətə ölkədən çıxmasına icazə verə bilər. Ailə münasibətlərindən irəli gələn bu mübahisələrdə "Mediasiya haqqında" Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakı tələb olunur. Mediasiya nəticə vermədikdə məhkəməyə müraciət edilir. İddia ərizəsində uşağın xarici ölkəyə aparılmasının məqsədi aydın şəkildə əsaslandırılmalıdır.
Məhkəmə təcrübəsində əksər hallarda, etiraz əsaslandırılmadıqda, iddialar təmin edilir. Çünki razılığın əsassız olaraq verilməməsi valideynin və uşağın sərbəst hərəkət etmək hüququnun məhdudlaşdırılmasına səbəb olur.
Doğrudur, övladının xarici ölkəyə aparılmasına valideynin etirazı bəzi hallarda əsaslı hesab oluna bilər. Bura uşağın silahlı münaqişə və ya təbii fəlakət zonasına aparılması, gedilən ölkədə kütləvi epidemiyanın olması vəziyyəti yaxud uşağın həyat və sağlamlığı üçün açıq təhlükə yaradan digər halla bur daxildir. Ancaq bizim misalda ananın uşağını aparmaq istədiyi xarici ölkə döyüş gedən Ukrayna deyil, qardaş ölkədir.Üstəgəl, Sparə Türkiyəyə daimi yaşamaq üçün deyil, konkret olaraq orada yaşayan bacısıgilə qonaq getməyə hazırlaşır. Başqa sözlə, uşağın təhlükəsizliyi üçün narahat olmağa heç bir əsas yoxdur.
Redaksiya olaraq, uşağın özü ilə də görüşüb anasının təşəbbüsünə münasibətini soruşduq. 10 yaşlı məktəbli olan Qürbət bildirdi ki, atasının onlara etibarnamə verməsini səbirsizliklə gözləyir, çünki Türkiyəni gəzib-görmək onun arzusudur.
“Korrupsiya və Qanun”