“Lider TV”nin Rusiyadakı müxbiri Anar Həsənovun qonşu ölkənin xarici işlər naziri Sergey Lavrova verdiyi suala görə işdən qovulması ilə bağlı yaranan müzakirələr səngimək bilmir. Bu məsələyə görə jurnalistin kanaldan uzaqlaşdırılması ilə bağlı versiyalar meydana çıxır.
Diqqətçəkən məqamlardan biri A.Həsənovun indiyə qədər olan susqunluğudur. O, barəsində gedən söz-söhbətlər, işini itirməsinə səbəb olan hadisə ilə bağlı bir kəlmə də danışmayıb. Yalnız “Lider TV”dən azad olunmasını AzadlıqRadiosuna açıqlamasında təsdiqləyib və “başqa heç bir açıqlama vermək istəmirəm” deyib.
Ötən ilin aprelində daha bir azərbaycanlı jurnalistin başına buna oxşar hadisə gəlmişdi. Türkiyənin “İhlas” xəbər agentliyinin Moskva müxbiri, Rusiya telekanallarında Azərbaycanın maraqlarını daim müdafiə edən Fuad Abbasov işdən çıxarılmışdı. O zaman həmkarımız nəinki susmuş, hətta işini itirməsində açıq şəkildə Rusiya hökumətinin əlinin olduğunu bildirmişdi.
Qeyd edək ki, müxbirin başına gələnlərdə əsas səbəbkar kimi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu göstərilir. Onun təqdimatından sonra jurnalistin işini itirdiyi iddia olunur. Rusiyadakı səfirliyimizdən bununla bağlı ölkə.az-a açıqlama verilib. Səfirliyin mətbuat xidmətindən “Səfirlik öz işi ilə, diplomatik fəaliyyətlə məşğuldur. ”Lider TV" isə müstəqil telekanaldır, özləri bilir, kimi işdən çıxarır, kimi işə götürür. Jurnalistin işdən çıxarılması məsələsi ilə bağlı telekanala müraciət olunsa, daha yaxşı olar", deyə bildirilib.
A.Həsənovla bağlı məsələyə dair mövqelərdə ikitirəlik yaranıb. Doğrudur, əksəriyyət onu açıq şəkildə müdafiə edir, jurnalistin peşə fəaliyyətinə uyğun olaraq, verdiyi suala görə işdən qovulmasını ədalətsiz hesab edir. Amma bununla belə, bunun əksini deyənlər də var. Onların da arqumentləri ondan ibarətdir ki, kanal rəhbərliyi ilə razılaşdırmadan, özü də elə bir mötəbər konfransda Dağlıq Qarabağ münaqişəsinin həllində açar rolunu oynayan bir dövlətin XİN rəhbərinə belə bir sual ünvanlamaq doğru deyil. Hətta bu tipli sualların təmsil etdiyi ölkəni də pis vəziyyətə saldığı qeyd olunur.
Mətbuat Şurasının sədri Əflatun Amaşov həmkarımızın işdən azad olunması haqqında fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb: “Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələsində Azərbaycan jurnalistinin - ”Lider TV"nin müxbiri Anar Həsənovun Sergey Lavrova ünvanladığı sual ola bilsin ki, uğurlu deyildi. Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedirsə, zənnimcə, daha vacib məqamlara diqqət yetirmək lazım idi. Məsələn, 2016-cı ilin “aprel müharibə”sindən sonra Lavrovun şəxsində Rusiya yeni sülh planı irəli sürmüşdü. Nizamlama prosesindəki son və deyərdim ki, daha real mərhələ məhz bu plan idi. Ancaq biz gördük ki, plan icra olunmadı. Ermənistan məsələyə əhəmiyyət vermədi. Rusiya isə sözünün üstündə durmadı. Lavrovdan bunun səbəbini soruşmaq olardı. Nəzərə alaq ki, Rusiyanın yüksək vəzifə tutan nümayəndəsinə birbaşa sual vermək şansı hər zaman ələ düşmür. Şansdan maksimum yararlanılmalı idi.
İkincisi, jurnalistin işdən çıxarılması “Lider TV” rəhbərliyinin müstəsna səlahiyyətində olan məsələdir. Əlbəttə, o, istedadlıdırsa, səmərəli fəaliyyəti ilə seçilirsə, potensialından digər vəzifələrdə də istifadə etmək olardı.
Üçüncüsü, bəzi adamlar bildirirlər ki, Anar Həsənov jurnalist peşəsinə uyğun olmayan dəst-xətt seçirmiş. Müxtəlif təmənnalı işlər görürmüş. Mən bu yanaşmanı məqbul saymıram. Əgər belə işləri olubsa, ona qarşı tədbir vaxtında həyata keçirilməliydi. O adamlar da gərək həmin vaxt dilə gələydilər, fikirlərini bildirəydilər. Hər bir halda işçisini işdə saxlayıb, yaxud uzaqlaşdırmaq bir daha deyim, “Lider TV” rəhbərliyinin səlahiyyətində olan məsələdir".
BQP sədri, deputat Fazil Mustafa da məsələyə münasibət bildirib: “Anarın işdən azad olunmasında səfirin hansısa rolu olmayıb. Çox güman ki, sual əvvəlcədən razılaşdırılmayıb, müstəqil addımına görə narazılıq yaranıb.
Hər halda, Azərbaycan Rusiya ilə münasibətlərdə haqlı olaraq hədsiz ehtiyatlılıq nümayiş etdirir və Rusiyanın açıq mövqe bildirməsi indiki şərtlərdə faydamıza deyil. Rusiyanın mövqeyinin tədricən, həm də qapalı şəkildə dəyişə biləcəyinə daha çox ümid bəslənilir. Sualda hansısa təhqir olmadığına görə bunu nə Rusiyanın tələbinə, nə də Rusiyanın xoşuna gəlməsinə görə gerçəkləşdirdikləri inandırıcı deyil. Fikrimcə, məsələyə jurnalistin öncədən razılaşdırılmamış davranışı səbəb olub. Bütün hallarda bunlar əsas vermir ki, bir suala görə jurnalist işdən uzaqlaşdırılsın. Bu addımı yanlış hesab edirəm".
YAP-çı deputat Elman Məmmədov jurnalisti müdafiə edib. Ölkə.az-a açıqlamasında o bildirib ki, jurnalistin sual verməsi qəbahət deyil:
“Burada jurnalist yazıq nə qəbahət iş görüb? Jurnalist sual verərək, öz işini görüb də! Sual vermək jurnalistin peşə borcudur, işidir. Burada jurnalist kimisə təhqir etməyib, söyməyib. Ancaq sual verib. Düşünürəm ki, sual verməyə görə də kimisə cəzalandırmaq doğru addım deyil”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev "Yeni Müsavat"a açıqlamasında A.Həsənovun işdən uzaqlaşdırılmasında heç bir əsasın olmadığını söyləyib: “Bu, sırf siyasi qərardır. Burada yeganə bir problem var. Bizim xaricdə işləyən jurnalistlərimiz dili daha fəal bilməli, ifadələri daha yaxşı seçməlidirlər. Bundan əvvəl də Amerikada bir problem yaşamışdıq. Amma bu sualın qoyuluşunda heç bir problem yoxdur. İndiyə qədər dəfələrlə belə suallar verilib, sadəcə, şikayət edən yox idi. Azərbaycanda səlahiyyəti olan şəxslər jurnalistlərə daha hörmətlə yanaşmalıdırlar. Lavrov onun sualına təmkinlə cavab verdi. Sadəcə, cavabında bir ifadə var idi. Dil qüsuruna işarə vururdu. Amma təmkinli cavab verdi, indi yalan cavab verdi, bu başqa məsələdir. Bizimkilər olmayan yerdən qaşımaqla qan çıxardılar. Təəssüf ki, ölkəmizdə hakim dairələrdə Rusiya mətbuatına, rəhbərliyinə həddən artıq həssaslıqla yanaşanlar çoxdur”.
YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovsa olaya daha ehtiyyatlı mövqe bildirib:
“Hansısa bir qurumun rəhbərinin verdiyi qərarı müzakirə etmirəm. Bunu etikaya uyğun saymıram. Jurnalistin sual vermək peşə fəaliyyətidir. Amma burada əsas söhbət jurnalistin peşə fəaliyyəti, yaxud verdiyi suala görə işdən çıxarılıb-çıxarılmaması ilə bağlıdır. Bəli, çıxarıla bilər. Məsələni jurnalistin sual verdiyinə görə işdən çıxarılması üzərində qurmaq olmaz. Jurnalist harada, hansı sualı verməli olduğunu bilməlidir. Söhbət dövlətarası əlaqələrdən və ölkəmizin bir nömrəli problemindən gedir. Bu sualla jurnalist başqa sahələrin fəaliyyət dairəsinə müdaxilə etmiş oldu. O elə bir sualdır ki, hökmən razılaşdırılmalı idi, redaksiyanın özü ilə. Çünki sıradan bir sual deyil. Qarşı tərəf belə qiymətləndirib ki, jurnalist bu məsələnin ictimailəşdirilməsi üçün öyrədilib. Mən özüm siyasi qəzetin redaktoruyam. Müxbir razılığım olmadan belə sual verə bilməzdi. Mən isə dövlət məsələsi olduğuna görə, müəyyən razılıq olmadan müxbirə deməzdim ki, belə sual ver. Əsas məqam budur. Səfirin təqdimat verdiyi deyilir. Əgər səfir bunu zəruri hesab edirsə, yenə burada dövlətlərarası münasibət məsələsi əsasdır. Bu baxımdan, telekanalın doğru addım atdığını düşünürəm. Jurnalistin verdiyi sualı təsadüf sayıram. Hətta mənə elə gəldi ki, fikrini formalaşdırmaqda çətinlik çəkdi, tərəddüd etdi. Sanki əvvəlcədən suala hazır deyildi, qəfildən ağlına gəlmişdi. Məsələnin siyasi yükünü bilmədən peşə xətasına yol verib. Kanal onu cəzalandırsa belə, öz işidir. Biz mükafat verəndə alqışlayırıq, elə ki, cəzalandırma oldu, başlayırıq söz azadlığından, demokratiyadan danışmağa. Görün nə qədər jurnalist bu hadisədən dərs götürəcək. Bunu jurnalistikanın növbəti dərslərindən biri sayıram”.
Azərbaycan XİN-in məsələyə münasibətini öyrənmək cəhdi isə yenə də alınmadı.(musavat.com)