Azərbaycan İdeyası

Dillər Universitetinin açılan qapıları...

Tarix:20-02-2017, 11:45
Baxış Sayı:761

  Dillər Universitetinin açılan qapıları...

2000-ci ildən 2016-cı ilə qədər qapısını tanımadığım Dillər Universitetinin nəzdində yaradılan İctimai Nəzarət Şurasına təzəcə üzv təyin olunmuşam. Azərbaycan Dövlət Dillər Universitetindən söz düşəndə onun tarixini Qorxmaz Quliyevə qədərki və Qorxmaz Quliyevdən sonrakı dövrlər kimi 2 yerə bölmək olar. 1994-cü ildə bu ali məktəbə rektor təyin olunan professor Quliyev demokratik idarəçilik gətirdi, universitetdə təhsil mühiti yaxşılaşdı. Əlbəttə, o zaman tədris işləri üzrə prorektor işləmiş Səməd Seyidov onun kadrı sayılırdı. Qorxmaz Quliyevin böyük alim və demokratik rektorluğunu nazir Misir Mərdanov həzm edə bilməzdi. Ona təhsilin bütün pillələrində avtoritar, dayaz savada və düşüncəyə malik, əliəyri adamlar daha çox lazım idi. Nəhayət, 2000-ci ildə həmin adam tapıldı və professor Qorxmaz Quliyev onunla əvəzləndi. İndi mətbuatdan aldığımız məlumatlara görə, universitetin pulları yağmalanıb, yeyinti 10 milyonlarla ölçülür.
Mənəviyyatsızlığa fikir verin, Dillər Universitetinin saytında Universitetin tarixi bölümündə Qorxmaz Quliyevin rektor işlədiyi 7 illik dövr yoxdur. Başqa bir mənəviyyatsızlıq - Universitetin tanınmış məzunları içərisində professorlar Qorxmaz Quliyev, Zeydulla Ağayev, Zahid Quliyev və Fəxrəddin Veysəlovun adı yoxdur. Universitetin keçmişinin üstündən xətt çəkmək çürük avantüradan başqa bir şey deyil. 2000-ci ildən 2015-ci ilə qədər bu universitetin tanınmış alimləri Zeydulla Ağayev, Çərkəz Qurbanov, Zahid Quliyev insult keçirib, dünyalarını dəyişiblər, Oruc Musayev və Qorxmaz Quliyev Universitetdən didərgin salınıb.
Dillər Universitetinin post-seyidov dövrünü idarə etmək həddindən artıq çətindir. Qeyd etdiyim kimi Universitetin vəsaitləri dağıdılıb, insanlar arasında özgələşmə uçurumu dərinləşib, özbaşınalığın həddi-hüdudu olmayıb.
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı bütün sahələrdə olduğu kimi təhsil sahəsinə də artıq öz töhfəsini verməkdədir.
Bu qanun Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Dillər Universitetində yaradılan və Məşvərətçi qurum funksiyasını yerinə yetirən İctimai Şuranın üzvləri qış imtahan sessiyasının gedişatını izlədi və müxtəlif tədbirlərdə iştirak etdi. Bizə normal işləmək üçün bütün şərait yaradılmışdı.
Vaxtilə böyük nüfuza malik olan bu Universitetin düşdüyü durum bizi dəhşətə gətirdi. Bundan əvvəl mətbuatda gedən məlumatlardan bilirdim ki, bir ildə Universitetə 178 nəfər işçi qəbul olunub, hətta ixtisası uyğun gəlib-gəlməmək söhbəti olmayıb. Elmi dərəcəsi olmayanlar dekan, kafedra müdiri təyin olunublar. Nə xəbərmiş, nə qaça-qaçmış, anlamaq çətindir...
İndiki Universitet rəhbərliyi uzun illər baş alıb gedən neqativ halların kökünün kəsilməsində israrlı görünürdü. Qarşıda universitetdə korlanmış təhsil mühitini sağlamlaşdırmaq, təhsilin keyfiyyətini yüksəltmək, sessiya zamanı yol verilən neqativ halların aradan qaldırılmasına nail olmaq kimi mühüm vəzifələr durur. Bütün bunlarla yanaşı, universitetə dəyən maddi və mənəvi zərərlərin aradan qaldırılmasını təmin etmək olduqca vacibdir. Universitet vəsaitlərinin yağmalanması maddi-texniki bazanın vəziyyətindən, professor müəllim heyəti və digər işçilərin durumundan hiss olunurdu. Məncə Universitetə dəyən maddi və mənəvi ziyanın ödənilməsində Təhsil Nazirliyi də öz sözünü deməlidir. Təhsil Nazirliyi universitetlərin dirçəlməsində, həmçinin insan kapitalının inkişafında maraqlı tərəfdir.
İctimai Şura olaraq sessiya dövründə hazırladığımız hesabatı Elmi Şuraya təqdim etdik. Şuranın sədri “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyev sessiya dövründə müşahidələrimiz və İctimai Şuranın qarşısında duran vəzifələr barədə geniş məruzə etdi. Uzun illərdir ilk dəfə idi ki, QHT rəhbərləri və müstəqil ekspertlərin Ali məktəbin Elmi Şurasında iştirakının şahidi oldum. Bu, həm də professor - müəllim heyəti üçün yenilik idi. Elmi Şurada həmçinin Təhsil Nazirliyinin Akkreditasiya komissiyasınn bu universitetdə apardığı Akkreditasiyanın nəticələrini də dinlədik. Hesabatdan məlum oldu ki, yarıtmaz idarəçilik və dağıdıcılığın son 5 ildə (2010-2015-ci illər) kadr hazırlığının keyfiyyətinin dəhşətli dərəcədə aşağı düşməsinə ciddi təsiri olmuşdur.
İctimai Şuralar bütün sahələrdə olduğu kimi Ali məktəblərdə də üfüqi idarəetmənin dərinləşməsinə imkan yaradan qurumlardır. Dünyanın qabaqcıl universitetlərinin idarəçilik fəlsəfəsinin özəyini üfüqi idarəetmə təşkil edir. Fikrimcə, bu qurumlar ictimaiyyətlə universitet rəhbərliyi arasında rasional münasibətlərin formalaşmasında mühüm rol oynayacaq.
Gəldiyim son qənaət bundan ibarətdir ki, hər bir ali məktəb rektoru özündən sonra gələni problemlər bataqlığına qərq etməməlidir. Problemlərin aradan qaldırılması çox vaxt apardığından inkişaf ləngiyir, ikiqat itiririk. Bizə elə gələ bilər ki, bunun zərəri yalnız tələbələrə dəyir. Heç bu da az deyil, amma zərər bütünlüklə ölkəyə dəyir.
Yaxşı dəyişiklər bizi də həvəsləndirir. Rəhbərlik etdiyim “XXI Əsr Təhsil Mərkəzi” yaxın dönəmdə universitetlərdə təhsilin keyfiyyətini öyrənməyin kriteriyaları və metodlarını hazırlamaq üçün layihəyə başlayacaq. Əsaslı hesabat vermək bütün dünyada tətbiq edilir. Universitetlər təhsilin keyfiyyətini artırmaq üçün bütün yollara başa vururlar. Hər kəsi köməyə çağırırlar. Yoxsa bəzi rektorlar ali məktəbin qapısını elə bağlayır ki, oradakı tələbələr də sözün həqiqi mənasında öz doğma universitetinin həyatına daxil ola bilmir. Halbuki universitet rektorun yox, tələbənindir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO