XX əsrdə Azərbaycan xalqı bir neçə dəfə qaçqınlıq və məcburi köçkünlüklə üzləşmişdir. Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq etmiş, ermənilərin daha çox torpaq əldə etmək cəhdləri isə bir əsrdə 4 dəfə azərbaycanlıların öz doğma yurdlarından didərgin salınması ilə nəticələnmişdir.
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən bu ərazidə yaşamış 250 min azərbaycanlı öz doğma yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirdi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olundu, 700 min nəfərədək azərbaycanlı öz doğma yurdunda məcburi köçkünə çevrildi.
Beləliklə, hazırda Azərbaycanda son 20 ildəki təbii artımla 1 milyon 200 min nəfərə yaxın qaçqın, məcburi köçkün və «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs vardır. Doğma ocaqlarından didərgin salınmışsoydaşlarımızın bütün qayğıları, problemləri Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilmişdi.
Ulu öndərin öz yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət, qayğı, himayədarlıq siyasəti onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Cənab Prezident 2004-2017-cı illərdə qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən müxtəlif tədbirlərdə 33 dəfə, o cümlədən yeni salınmış yaşayış qəsəbələrin və məhəllələrinin böyük əksəriyyətinin açılışında şəxsən iştirak etmiş, həmçinin problemə həsr olunmuş bir beynəlxalq konfrans və iki geniş müşavirə keçirilmiş, bir dövlət proqramı və ona 2 əlavələr təsdiq edilmişdir.
Yeni salınmış qəsəbələrin açılışlarında cənab Prezidentin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsən iştirak etməsi və məcburi köçkünlərlə səmimi söhbətləri soydaşlarımızın həyatında unudulmaz, xoş xatirələrə çevrilmişdir
Cənab İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən ölkədə bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi.
2006-cı ildə Bərdə (3 çadır düşərgəsi) və Ağcabədi (1 çadır düşərgəsi) rayonlarındakı 4 çadır düşərgəsinin, 2007-ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsinin ləğvi də təmin edilərək, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı vaxtından bir il əvvəl yerinə yetirilmişdir.
Eyni zamanda ölkədə olan, istismar müddəti başa çatmış 16 fin tipli qəsəbə ləğv edilmiş, bununla da ölkə üzrə mövcud olan fin tipli qəsəbələrin ləğvi prosesi başa çatdırılmış və orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülmüşlər.
Ötən dövr ərzində Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 saylı Sərəncamı ilə «Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə» Dövlət Proqramı, 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamı ilə «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı» təsdiq edilmiş, 2007-ci il 31 oktyabr tarixli 2475 saylı, 2011-ci il 21 fevral tarixli 1346 saylı Sərəncamlar ilə isə 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramına «Əlavələr» edilmişdir.
Ötən müddətdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılmış, ölkə Prezidenti tərəfindən 108 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 379 qərar və sərəncam, Milli Məclis isə 34 qanun qəbul etmişdir.
Dövlət Proqramları və Əlavələr qaçqın və məcburi köçkünlərin sosial müdafiəsində, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır və onlar uğurla icra edilir.
Ümumiyyətlə, 2001-2017-ci illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,3 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 97 müasir qəsəbə salınmış, 52,300 ailə və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Yeni salınmış yaşayış məntəqələrində 153 məktəb, 6 musiqi məktəbi, 61 uşaq bağçası, 60 tibb məntəqəsi, 59 mədəniyyət mərkəzi, 2 olimpiya İdman kompleksi tikilmiş, 745 kilometr yol, 985 kilometr su, 1720 kilometr hava elektrik, 487 kilometr qaz xətti çəkilmiş, 850 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.
Lakin qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bu möhtəşəm işlərə bəzi məmurların rəvac verdikləri korrupsiya hüquqpozmaları, mənzil növbəsində duran vətəndaşlara münasibətdə ayrı-seçkiliyə yol vermələri kimi neqativ hallar kölgə salır. Buna misal olaraq, Bakının Binəqədi rayonunun Həmzə Babaşov küçəsində məskunlaşmış məcburi onlara verilməli olan evlərlə bağlı qanun pozuntusu ilə bağlı etirazlarını yada salmaq olar. Hələ 2017-ci ilin dekabr və bu ilin yanvar ayında da həmin ərazidə yaşayan məcburi köçkünlər Dərnəgül ərazisində magistral yolu bağlamışdılar. Onlar evlərin verilməsində pul amilinin rol oynadığını, ev bölgüsündə ailə üzvlərinin sayının nəzərə alınmamasına narazılıqlarını bildirirdilər. Sakinlər söyləyirdilər ki, qanuna görə, 2 nəfərdən ibarət ailə 1, 3 nəfərdən ibarət ailə 2, 5 nəfərlik ailə isə 3 otaqlı mənzillə təmin olunmalıdır. Lakin onlara ailə tərkibindən asılı olmayaraq, 1 otaqlı mənzil verilir.
Etiraz aksiyaları sonralar da təkrarlanıb. Yarımçıq tikilidə 1990-cı illərdən etibarən Xocalı, Ağdam, Füzuli və digər işğal altında olan ərazilərimizdən məcburi köçkünlər məskunlaşıblar. Tikilidə bir neçə dəfə yanğın baş verib. Kanalizasiya sistemi bərbad, kommunal xətlərin də hamısı nasaz vəziyyətdə idi. Hazırda ərazidə iki yarımçıq tikili qalıb ki, onların da yaxın günlərdə tamamilə sökülməsi nəzərdə tutulub.
Redaksiyamıza ərizə ilə müraciət edən Füzuli rayonundan olan məcburi köçkün Əliyev Rameş Fazil oğlu da sözügedən Həmzə Babaşov küçəsindəki yarımçıq binada məskunlaşıb. Yazır ki, başqaları kimi ona da mənzillə təmin olunacağı barədə söz veribmişlər. Lakin orada yaşayanların əksəriyyəti mənzillə təmin olunsalar da, ona ev verilməyib. Onun sözlərinə görə Qaçqınkomun Binəqədi rayonu üzrə nümayəndəsi Abış müəllim deyib ki, "sənin mənzil kuponun hazırdır, yaxın vaxtda mənzillə təmin olunacaqsan". Xatırladır ki, Komitə sədri Əli Həsənovun qəbulunda olub və sədr onun mənzillə təmin edilmək hüququnun olduğunu təsdiqləyib. Di gəl, indiyədək mənzilsiz qalıb, müraciətlərinə də baxılmır. Odur ki, probleminin ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdir.
Xatırladaq ki, sözügedən ərazidə çoxmərtəbəli binaların tikilməsi nəzərdə tutulub. Hündürlükdə yerləşən ərazi olduqca əlverişli yerdədir. Onu da qeyd edək ki, məcburi köçkünlərin illərdir, yaşadıqları bu uçuq-sökük tikililərin ətrafı “milyonerlər məhəlləsi” kimi adlanır. Həmin məhəllədə ard-arda villalar ucaldılıb. Elə Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərov və keçmiş vergilər naziri Fazil Məmmədovun da villaları məhz bu məhəllədədir.