Ölkəmizdə dövlət rəhbərliyi tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təminatı, bu kateqoriyadan olan gənclərin təhsil haqlarının dövlət hesabına ödənilməsi və başqa güzəştlər edilməsi sahəsində xeyli iş görülmüşdür. Bu istiqamətdə tədbirlər dövlət proqramlarına uyğun olaraq indi də davam etdirilməkdədir. Azəırbaycanın qüdrətli ordusu var və gec-tez torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırıq. Daha bir qarış torpağımızın əldən verilməsindən, bir daha soydaşlarımızın didərgin düşməsindən isə söhbət belə gedə bilməz. Deməli, bu kateqoriyadan olan bəlli sayda vətəndaşlarımızın mənzil probleminin birdəfəlik həlli də çox uzaqda olan məsələ deyil. Lakin, sözügedən qəbildən olan vətəndaşlarımız arasında elələri var ki, problemləri gözləmir, dərinləşir. Redaksiyamıza Ağdam rayonundan məcburi köçkün Hüseynli Əfsanə Şakir qızının müraciətnaməsi daxil olmuşdur. Əfsanə xanım yazır: "Məlum edirəm ki, 1995-ci ildə mənim atam - Ağdam rayonundan məcburi köçkün Hüseynov Şakir Aydın oğlu anam Hüseynova Nəcibə Bayram qızı ilə ailə həyatı qurublar. Bu evlilikdən sonra, yəni 1996-cı ildə mən dünyaya gəlmişəm. 2010-cu ildə atam faciəli surətdə vəfat etdi. Anam diabet xəstəsidir, əmək qabiliyyətini itirib, hal-hazırda II qrup əlildir. Özüm Slavyan Universitetinin İngilis dili fakültəsini bitirmişəm. Magistraturada oxuyuram. İqtisad Universitetinin Malkiyyə-kredit şöbəsinin II kurs tələbəsiyəm. Slavyan Universitetində təhsil aldığım zaman şəhərdə yaşamağıma baxmayaraq, evim olmadığından, həmin universitetin tələbə yataqxanasında qalırdım. Təhsilim bitdikdən sonra artıq oranın tələbəsi sayılmadığımdan mənim oirada qalımağıma icazə vermədilər. Xəstə anamla mən çox acınacaqlı vəziyyətdəyik. Hal-hazırda mən və anam yaşamağa yerimiz olmadığından, Müşfiqabad qəsəbəsində müvəqqəti olaraq qohum evində məskunlaşmışıq. Hörmətli redaksiya, yuxarıda qeyd etdiyim faktları ictimailəşdirib mənə köməklik etməyinizi xahiş edirəm". Əfsanə xanım müraciətnaməsinə yazdıqlarının sübutu kimi xidmət edən sənədlərin surətlərini də əlavə etmişdir. Hər şeydən göründüyü kimi, alimlik yolu ilə irəliləyən parlaq zəka sahibi, atasız, anası xəstə, məcburi köçkün gənc xanım məişət qayğıları, evsizlik, ehtiyac burulğanında ilişib qalmışdır. İntellekt kapitalını artırmağı hədəfləmiş, qaçqın və köçkünlərini ev-eşiklə təmin etməsi ilə öyünən dövlət onu büdrəməyə qoymamalıdır.
İsfəndiyar Cəbrayılov