Avropadan olan müşahidəçilər belə sayır
Aprelin 2-də Ermənistanda keçirilmiş parlament seçkiləri nəticəsində “Qarabağ” klanının 19 illik mütləq hakimiyyəti bir qədər də möhkəmləndi.
Korrupsiya və Qanun saytı İstiPress-in məlumatına görə, 1998-ci ilin fevralında hərbi çevriliş nəticəsində Ermənistanda hakimiyyəti ələ keçirmiş Qarabağ ermənilərinin lideri Serj Sarkisyan baş nazir qismində özü üçün ömürlük hakimiyyət təmin etmiş oldu. İndiki baş nazir, Qarabağ ermənisi Karen Karapetyan isə 2018-ci ildə ölkə prezidenti kürsüsünə gətiriləcək.
Sarkisyana bu imkanı Ermənistan mərkəzi seçki komissiyasının (MSK) açıqladığı rəqəmlər yaradır. MSK-nın məlumatına görə, onun rəhbərlik etdiyi hakim Respublika Partiyası səslərin 49,12%-ni əldə edib. Bu, hakim parityaya deputat yerlərinin 54 faizini əldə edərək təkbaşına hökumət qurmağa imkan yaradacaq. Yəni artıq Sarkisyanın səslərin 6,57%-ni qazanmış “Daşnaksutyun”la koalisyon hökumət qurmağa heç bir ehtiyac qalmır. Respublika Partiyasının ən güclü rəqibi “Sarukyan” bloku səslərin cəmi 27,32%-ni və onların müttəfiqi olan “Çıxış” bloku 7,77%-ni əldə edib ki, onların hökumət qurmağa heç bir şansları yoxdur.Beləliklə, Ermənistanda növbəti seçkilərə qədər həm baş nazir, həm də prezident qarabağlı olacaq. Bu isə Azərbaycanla Ermənistan arasında Qarabağ danışıqlarının heç bir nəticə verməyəcəyi anlamına gəlir. “Qarabağ” klanının mövqeyi aydındır: status-kvonu saxlamaq naminə danışıqları maksimum uzatmaq.
Klan təmsilçilərinin bu məsələdə rəsmi və qeyri-rəsmi şəxsi maraqları var - Azərbaycanın işğal edilmiş torpaqlarında becərdikləri məhsulları İrəvandakı emal zavodlarına göndərir və oradan Rusiyaya ixrac edirlər. Bununla, həm rəsmi müstəvidə özləri varlanırlar, həm də İrəvnda qismən məşğulluğu təmin edirlər. Qarabağ “klanı”nın hakimiyyətdə qalmasının və status-kvonu saxlamağa hər vəchlə çalışmasının əsas səbəbi isə “beynəlxalq sifariş”lə bağlıdır: Dağlıq Qarabağ artıq on illərdir ki, beynəlxalq narkotrafikin əsas yollarından biridir. Bir neçə il öncə Rusiya sərhədçiləri yolu azaraq Meğridən keçməyə cəhd edən bir yük maşınından 100 milyon dollarlıq narkotika müsadirə etmişdi.
İrəvan iki cəbhədə müharibəyə hazırlaşır
Erməni şərhçi Susanna Petrosyanın “Vestnik Kafkaza” portalında yazdığı məqalədə bildirilir ki, hakim partiyanın seçki uğurunun arxasında inzibati-maliyyə resursu dayanır və hakimiyət bundan tam istifadə edib: “İlk öncə, söhbət seçki qabağı rüşvətdən gedir… Seçicilərin satınalınması hakim partiyaya lazım olan nəticələrin təmin edilməsi üçün praktiki olaraq tək və güclü alətdir”.
Bu fikir Ermənistan seçkilərində iştirak etmiş beynəlxalq müşahidəçilərin də diqqətindən yayınmayıb. ATƏT-in demokratik institutlar və insan haqları üzrə missiyasının koordinatoru Sançes Amor da bildirib ki, seçkilərin nətijələrinə rüşvət ciddi təsir göstərdi. Ermənistan baş prokurorluğu da seçicilərə rüşvət verilməsi faktlarını istina etmirlər.
Təbii ki, Susanna Petrosyan milli maraqları nəzərə alaraq hakim partiyanın istifadə etdiyi ən tutarlı vasitədən - 1 milyona yaxın “ölü candan” danışmaq istəməyib. Real olaraq 2 milyondan az vətəndaşın yaşadığı bir ölkədə 2,5 milyon seçici sayından danışmaq gülməlidir. Yəni Sarkisyanın partiyasının adına yazılan 750 min səsin əksər hissəsinin "ölü canlar" hesabına təmin edildiyini müəyyən etmək çətin deyil. Onaların əksəriyyəti Ermənistanı 20 ildir ki, tərk edib və artıq başqa ölkələrin vətəndaşıdır. Xeyli hissəi artıq dünyasını dəyişib.
Ermənistanda keçirilən seçkilər Azərbaycanın atacağı addımları konkretləşdirdi. Rəsmi Bakının Qarabağın işğal edilmiş ərazilərini hərb yolu ilə azad etməkdən başqa yolu qalmır. Artıq Azərbaycan bütün siyasi, iqtisadi, diplomatik və hərbi gücünü bu istiqamətdə gücləndirməlidir.