Azərbaycan İdeyası

Sara Ağayeva: “Təəssüf ki, döyüş bölgəsində psixoloji yardım göstərdiyimiz qazilər arasında...” - MÜSAHİBƏ

Tarix:21-01-2021, 11:43
Baxış Sayı:62

Son günlər cəmiyyətdə şəhid ailələrinə, eləcə də qazilərə psixoloji yardımların göstərilməsi ilə bağlı məlumatlar paylaşılır. Bu istiqamətdə bir çox qurumların nəzdində yaradılan sosial-psixoloji dəstək xidmətləri var. Lakin bu gün həmsöhbət olduğumuz qəhrəmanımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılan Sosial Xidmətlər Agentliyinin nümayəndəsidir.
Belə ki, budəfəki müsahibimiz nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Sosial Müəssisələrlə iş Departamentinin müdiri Sara Ağayevadır.
Sara xanım noyabr ayının 18-dən bu günə qədər ölkə üzrə müxtəlif regionlarda şəhid ailələri, qazilərlə söhbət edərək onlara psixoloji dəstək olub.
Bu günə qədər fəaliyyətləri çərçivəsində nə qədər insana psixoloji dəstək göstərildiyini, həmin insanlarla hansı çətin şərtlərlə əlaqələr yaratdıqlarını isə elə öz dilindən eşidək.
Oxu.Az Sosial Xidmətlər Agentliyinin Sosial Müəssisələrlə iş departamentinin müdiri Sara Ağayeva ilə müsahibəni təqdim edir:

- Nə zamandan fəaliyyətə başlamısınız?

- Biz bu sahədə fəaliyyətə başlayanda məqsədimiz vətəndaşlara əlimizdən gəldiyi qədər kömək etmək və istiqamət vermək idi. Psixo-sosial iş ilə bağlı fəaliyyətə 2020-ci ilin 18 noyabrından başlamışıq. İlk başlayanda mülki vətəndaşlara və mülki şəhidlərin ailələrinə sosial-psixoloji yardımlar göstərirdik.
 Sara Ağayeva: “Təəssüf ki, döyüş bölgəsində psixoloji yardım göstərdiyimiz qazilər arasında...” - MÜSAHİBƏ
Müraciət əsnasında psixoloqlar vətəndaşlarla söhbət edir, onların vəziyyətini qiymətləndirir və növbəti seansların əyani, yoxsa uzaqdan davam etdirilməli olduğuna qərar verir. Bəzən elə zənglər olur ki, psixoloqlarımız həmin şəxsləri həkim psixiatrlara yönləndirirlər. Bütün hallarda əyani görünüşlər vəziyyəti daha ağır, kəskin olanlara şamil edilir. Burada daha çox şəhid anaları nəzərdə tutulur ki, onlar üçün övlad itkisinin təsiri çox ağır formada olur. Onların mövcud vəziyyətlə barışmaları üçün sosial-psixoloji dəstək və müəyyən zaman gərəkli olur. Daha yaxşı olar ki, həmin şəxs öz mühitindən çıxsın. Bu proseduralar pandemiyadan sonra daha aktiv şəkildə davam etdiriləcək. Hazırda onlayn psixoloji dəstək xəttimiz daha aktivdir.

Düşünün dağlıq rayonlarda, ucqar kənddə yaşayan insanlar var. Orada müharibədən zərərçəkən psixoloji dəstəyə ehtiyacı olan şəxslər ola bilər. Onlara əyani şəkildə yardım göstərilməsi bəzi hava şərtlərində mümkünsüz ola bilir. Odur ki, artıq onlayn sistemlə çalışmaq daha geniş sferanı əhatə edir.

- Heç olubmu hansısa şəhid ailəsinin qohumu sizə müraciət etsin, lakin psixoloji yardıma ehtiyacı olduğu deyilən şəxs bunu qəbul etməsin?

- Bəli bu cür məqamlarla da rastlaşırıq. Biz heç kimi məcbur etmirik. Bu proses könüllülük əsasında aparılır. Psixologiyada qayda var ki, şəxs psixoloji yardım almağı öz istəyi ilə qəbul etməlidir ki, effekt olsun. Heç kim heç kimi buna məcbur edə bilməz. Psixoloqlarımızdan biri regionlardan birində yaşayan şəhid ailəsini ziyarət etmişdi. Ailə sosial-psixoloji yardım təklifinə ilk olaraq etiraz etdi. Amma müəyyən müddət sonra həmin şəhid anası özü müraciət edərək, psixoloji dəstəyin davam etdirilməsini istədiyini demişdir.

İlkin mərhələdə bəzən insanlar bunu qəbul etmir. Amma başa düşürlər ki, təkbaşına bu cür itkiləri qəbul etmək çətindir.

- Yaralı qazilərə sosial-psixoloji yardım göstərdiyinizi dediniz. Seanslardan sonra nəticələr sizi qane etdimi?

- Bizim ziyarət etdiyimiz qazilərlə söhbətlərimiz uğurlu gedirdi. Təəssüf ki, döyüş bölgəsində psixoloji yardım göstərdiyimiz qazilər arasında vəziyyəti ağır olanlar da olub. Məyusluqla deməliyəm ki, onların bəziləri artıq şəhid olub. Psixoloji yardımla bağlı müsbət geri dönüşlər alırıq. Qarşıdakı günlərdə əsirlikdə olmuş və artıq vətənə qaytarılan əsgərlərlə də psixoloji söhbətlərin aparılması nəzərdə tutulub.

- Seansların ortalama effektivlik müddəti nə qədərdir?

- Bu şəxsin vəziyyətindən asılıdır. Müalicə beş seans ola bilər, üç seans da. Bunu tam dəqiq demək mümkün deyil. Aylar, illərlə davam edən psixoloji yardımlar da olur. Xüsusilə də posttravmatik stress sindromunun aradan qaldırılması uzun zaman alır. Bizim məqsədimiz ilkin psixoloji dəstəkdir. Artıq iki ay tamam olub ki biz ilkin psixoloji yardım göstəririk.

Ümumilikdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət ayrılıb. Paralel olaraq, bütün dövlət qurumları tərəfindən zəruri olan diqqət və qayğı göstərildiyi üçün bu istiqamətdə görülən işlər müsbət nəticələr verir.

- Bütün bu prosesləri nə qədər heyət ilə həyata keçirirsiniz?

- Təxminən 100 nəfərlik heyətlə çalışırıq. Əksəriyyəti psixoloqlardan ibarət olan peşəkar qrupun içərisində sosial işçilər də var. Bu sahədə əməkdaşlıq etdiyimiz psixoloqların hər biri xüsusi meyarlar əsasında seçilib və müəyyən iş təcrübəsinə malikdirlər.

- Agentliyin, eləcə də sizin departamentinizin pandemiyadan sonra fəaliyyət istiqamətlərində yenilik gözlənilirmi?

- İnşallah pandemiyadan sonra bir çox istiqamətlərdə yeni layihələr həyata keçiriləcək. Bu istiqamətdə qarşıya çox ciddi məqsədlər qoyulub və komanda olaraq bütün prosedurların öhdəsindən gələcəyik. Hədəf qruplarına daxil olan şəxs və şəxslərə sosial-psixoloji xidmətlərin yüksək səviyyədə göstərilməsi ilə bağlı daim yeniliklər olacaq. Bu barədə daha sonra məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür