Azərbaycan İdeyası

Polis əməkdaşı qeyri-qanuni sahibkarı olduğu obyekti icarəyə verdiyi şəxsin əşyalarını niyə girov saxlayıb?

Tarix:Dünən, 14:46
Baxış Sayı:113



Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, bina 64, mənzil 56 ünvanda yaşayan Meyyubov Elxan Salman oğlu “Korrupsiya və Qanun “ qəzeti redaksiyasına 21 noyabr 2024-cü il tarixli yazılı müraciət edərək, Bahadur adlı polis əməkdaşının qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və ona maddi və mənəvi ziyan vurduğunu bildirmiş, məsələnin mediada ictimailəşdirilərək aidiyyati qurumların diqqətinə çatdırılmasını xahiş etmişdir.
Ərizədən oxuyuruq:
“2019-cu ildə Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi-36 ünvanda, “Kubinka” adlanan ərazidə Bahadur adlı polis əməkdaşından ona məxsus qeyri-yaşayış sahəsi olan obyekti icarəyə götürərək maşın təmiri sexi kimi istifadə etmişəm. O, mənimnlə rəsmi qaydada icarə müqaviləsi bağlamasa da, lakin hər ay məndən 400 manat icarə haqqı almışdır. Daha sonra isə o, 2022-ci ilin axırlarında icarə haqqını 450 manata qaldırmışdır. Beləliklə, mən ona 2024-cü ilin iyul ayına qədər aylıq 450 manat ödəmişəm. Lakin iyul ayında o, yenidən icarə haqqını qaldırmaq üçün müxtəlif bəhanələr gətirməklə məndən obyektdən çıxmağı tələb etdi. Həmin ərəfədə isə müştərilərimin avtomobillərinin təmiri ilə bağlı tamamlanmamış işlərim qalmışdı. Ona görə də Bahdurdan xahiş etdim ki, mənə bir həftə vaxt versin. O, əəvvəlcə bununla razılaşsa da, lakin dörd gündən sonra obyekti bağlayaraq məni ora buraxmadı. Obyektdə isə mənə məxsus dəyəri 5000 manatdan yuxarı əşyalarım qalmışdır. Həmin əşyalar maşın qaldırıcı qurğu, forsunka yuyan aparat, avtomobil mühərriki, verstak masası, nakladkalar, filtrlər, bolt-qaykalar, avtomobilə aid alətlərdir. Dəfələrlə ondan yuxarıda qeyd etdiyim əşyaları qaytarmağı tələb etsəm də, lakin o, bildirir ki, məndən sonra obyekti iki ay arendaya vermədiyinə görə ona ziyan dəyib və ona görə də əşyalarımı mənə qaytarması üçün ona həmin iki aya görə 900 manat pul ödəməliyəm. Hesab edirəm ki, bu şəxs polis xidməti ilə bir araya sığmayan hərəkətlərə yol verib, qan unsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu azmış kimi, digər tərəfdən, əşyalarımı qanunsuz olaraq özündə saxlayaraq geri qaytarmır...”
Müraciətdə qeyd olunan faktların araşdırılması məqsədilə sözügedən obyektin yerləşdiyi ünvana yollandıq. Şikayətçi ilə bir daha söhbət aparıb bəzi xüsusatları dəqiqləşdirdik. Məlum oldu ki, Bahadur Əliyev Qaradağ Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi vəzifəsində işləyir. Elxan Meyyubov bildirdi ki, Bahadur Əliyevin guya onun iki ay vaxtını yubatması barədə iddiası yalandır. Faktiki icarə münasibətləri sonuclanandan sonra yalnız bir neçə gün xəstə olduğuna görə əşyalarının arxasınca gələ bilməyib. Dediyinə görə, girov saxlanan özünə və müştərilərinə məxsus əşyaların arasında sındırılıb-dağıdılanlar da olub. Mübahisənin səbəbi Elxanın emalatxananın döşəməsinə quraşdırdığı qaldırıcı krandır ki, onun da guya sökülüb aparılacağı təqdirdə yerinin yenidən təmir olunaraq əvvəlki vəziyyətinə qaytarılması üçün müəyyən maddi vəsait tələb olunur. Halbuki, həmin yerdə daha əvvəl də yəqin ki əvvəlki icarəçinin qaldırıcı kranı olub, sadəcə, Elxan onu özününkü ilə əvəzləyib.
B.Əliyevə zəng vurub məsələyə münasibətini öyrənmək istədik. Gözlədiyimiz kimi, obyektin ona məxsus olduğunu dandı, nazirlikdə işləyən başqa Samir adlı şəxsə aid olduğunu bildirdi. Guya humanistlik nümayiş etdirərək, mübahisənin çözülməsi üçün konstruktiv həll yolu təklif etdi: “Ona (Elxana) deyin ki, qaldırıcı kranı aparmasın, biz ona 1000 manat verərik”. Təbii ki, Elxanın qiyməti qat-qat artıq olan kranı 1000 manata satmaq istəmədiyini dedik. Bu dəfə B.Əliyev gözləməyimizi xahiş etdi, yaxın dəqiqələrdə obyektə bir nəfərin yaxınlaşacağını, həmin şəxsin obyektin qapısını açıb əşyaları bizim şahidliyimizlə Elxana təhvil verəcəyini bildirdi. Həmin bir neçə dəqiqə düz üç saat çəkdi. Hər yarım saatdan bir zəng vurub B.Əliyevdən göndərdiyi adamın gəlib çıxmadığını deyəndə bizdən bir az daha gözləməyi xahiş edirdi. Nəhayət, həmin şəxsin qohumu olduğunu deyən Surəddin adlı bir arıq oğlan üç saatdan sonra gəlib çıxdı. Amma nə fayda, o da Bahadurun diktə etdiyi şərtin üstündə durdu: Qaldırıcı kran qalsın, digər əşyalar götürülə bilər. Bu dəfə E.Meyyubov kranın götürülməyəcəyi təqdirdə qarşı tərəfdən 1000 manat deyil, onun real qiymətinə yaxın məbləğ olan 4000 manat pulu ödəmələrini tələb etdi. Bu şərtə isə qarşı tərəf razılaşmadı. Hətta biz jurnalistlərə böhtan atmağa cəhd etdi ki, guya məsələyə hansısa marağımız müqabilində birtərəfli – Elxanın mövqeyindən yanaşırıq. Elxanın isə ruyhi xəstə olduğunu iddia etdi. Hətta çalışdı ki, ətrafdakı qonşuları da Elxanın üstünə qaldırsın. Beləliklə, mübahisə həll olunmamış qaldı. E.Meyyubov digər əşyaları da götürmədi. Yenidən B.Əliyevə zəng edib yaranmış vəziyyəti danışdıq. Obyektə sahibkarın deyil, başqa şəxsin gəldiyini, ortaq məxrəcə gəlinmədiyini dedik. Hirslənib dedi ki, “gedin, əlinizdən gələni edin”.
Bahadur bəy, bizim belimizdə tapança yoxdur, əlimizdən bircə yazmaq gəlir. Siz deyilik ki, məsləyimizə uyğun olmadığı halda qanunsuz sahibkarlıqla məşğul olaq. İcarəyə verək, amma icarə müqaviuləsi bağlamayaq, vergidən yayınaq. Adama deyərlər, öz vəzifə səlahiyyətlərindən şəxsi maraqların üçün istifadə etmirsənsə, obyektin sənə dəxli yoxdursa, niyə hətta qeyri-leqal da olsa, başqalarının icarə münasibətlərinə qarışırsan? Axı, şikayətçinin əlində sənin telefonla danışıqlarının sübutu kimi xidmət edəcək səs yazıları var. Şikayətçi hər ay sənin göstərişinlə Günel adlı xanımın bank kartına etdiyi icarə ödənişlərini təsdiqləyən qəbzləri də qoruyub saxlayıb. Niyə polis, qanun keşikçisi ola-ola, sənin üçün ən yaxşı halda şahidi olduğun qanunsuz sahibkarlıq fəaliyyətinə göz yummusan, hələ üstəlik, vasitəçilik etmisən?
E.Meyyubov israrlıdır ki, nəinki əşyalarının geri qaytarılmasına, həmçinin özünə dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə, eləcə də B.Əliyevin polis xidməti ilə uyğunsuzluq təşkil edən fəaliyyətinə görə yuxarı rəhbərliyi tərəfindən tənbeh olunmasına, obyektin əsl sahibkarının vergi qanunvericiliyinin tələblərini pozduğuna görə məsuliyyətə cəlb olunmasına nail olsun.
Mövzuya qayıdacağıq.

“Əsli ilə doğrudur!

Baş redaktor: Xuraman Əhlimanqızı

OXŞAR XƏBƏRLƏR
Polis əməkdaşı qeyri-qanuni sahibkarı olduğu obyekti icarəyə verdiyi şəxsin əşyalarını niyə girov saxlayıb?
Polis əməkdaşı qeyri-qanuni sahibkarı olduğu obyekti icarəyə verdiyi şəxsin əşyalarını niyə girov saxlayıb?
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ