Sabirabad rayonu Güdəcühür kəndində qeydiyyatda olan, qaz təsərrüfatı nəzarətçisi vəzifəsində işləyən Umudlu İkram İlham oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, xidməti vəzifəsini yerinə yetirərkən, həmkəndlisi Əsgərli Ziyad Mayıl oğlu və onun atası Əsgərov Mayıl Zayıd oğlu tərəfindən döyüldüyünü, ağır xəsarətlər aldığını, lakin şikayət etdiyi Sabirabad RPŞ-nin İstintaq Bölməsində ona zərər yetirən şəxslərin barəsində onlardan birinin tamam məsuliyyətdən kənarda qalmasını, digərinə isə çox yüngül cəza tədbiri seçilməsini nəzərdə tutan qərar çıxarılmasından şikayətlənmişdir.
Belə ki, RPŞ İB-nin müstəntiqi Asiman Bəkirovun icraatında olan 240716033 №-li cinayət işi üzrə çıxardığı 13 oktyabr 2024-cü il tarixli QƏRARla Əsgərli Ziyad Mayıl oğlu barəsində Cinayət Məcəlləsinin 127.1. maddəsi ilə (Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) elan olunmuş ittiham qanuni və əsaslı hesab edilmişdir ki, bu da iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin şikayətçinin nöqteyi nəzərincə, Ziyad Əsgərlinin əməllərində CM-nin 127.2.1 və 127.2.3-cü maddələrinin əlamətləri aşkardır və eləcə də ona atası Mayıl Əsgərovla birgə ittiham verilməliydi (Eyni əməllər: 127.2.1. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; 127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə... beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır).
Vətəndaş Umudlu İkram İlham oğlunun redaksiyaya yazdığı ərizəyə qoşma etdiyi sənəd surətlərindən görünür ki, onun amnsızca döyüldüyünü, burun sümüyünün sınması, qapalı kəllə-beyin travması və bədəninin müxtəlif nahiyələrindən sağlamlığının uzun müddətə pozulması ilə nəticələnən digər xəsarətlər alması tibb müəssisələrində qeydə alınan xəstəlik tarixçələri ilə, Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi ilə təsdiq olunub. Həmçinin bəlli olur ki, 2024-cü ilin iyul ayından məlum cinayət işi üzrə icraat müstəntiq Asiman Bəkirov tərəfindən üç dəfə dayandırılmış, üç dəfə təzələnmişdir.
İkram Umudlu bildirir ki, xidməti vəzifəsini yerinə yetirən zaman dəfələrlə Əsgərov Mayıl Zayid oğluna məxsus qaz sayğacına “texniki müayinə aktı” yazmağa cəhd etmiş, evdə olmadıqları üçün müayinə baş tutmamışdır. 29.05.2024-cü il tarixdə günorta Ziyad ona zəng edərək sayğaca baxış keçirməyi təklif edərək görüş təyin etmiş. İkram onu yolda maşınına götürmüş, lakin Ziyad ondan evə getmədən aktı elə maşındaca tərtib etməyini israr etmişdir. İkram buna razı olmadıqda aralarında mübahisə düşmüş, Ziyad onun üz nahiyəsindən yumruqlar vurmağa başlamış, hətta maşını xəlvət yerə (bəndin arxasına) sürməsini təkid etmiş, onu deşik-deşik edəcəyi ilə hədələmişdir. İkram özündə güc taparaq maşını Ziyadın qardaşının işlətdiyi çayxananın qarşısına sürmüşdür. Orada Ziyadın atası Mayıl da oğluna kömək edərək İkramı döyməyə davam etmişlər: “Mayıl oğluna dedi ki, bunu çayxananın həyətinə apar, ölsə də orada ölsün, polisə bizim obyektə hücum etdiyini deyərik”. Onu ata və oğulun əlindən Mayılın qardaşı oğlu (həm də İkramın sinif yoldaşı) Münasib və Pənah Əliyev adlı başqa həmkəndliləri birtəhər almışlar. Hətta avtomobilinə oturandan sonra da hücumlarını davam etdirib maşının pəncərəsini açmağa cəhd ediblər. İkramı atası İlham Umudlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparmış, oradan da “102” çağrı mərkəzinə zəng vurub hadisə barədə məlumat vermişlər.
İstintaqa verdikləri ifadələrində Ziyad öz təqsirini boynuna almış, lakin münaqişənin başqa zəmində baş verdiyini bildirmişdir (Bu barədə bir az sonra məlumat verəcəyik). Ziyadın əmisi oğlu Münasib və qonşu Pənah isə ifadələrində Mayılın İkramın döyülməsində iştirak etmədiyini, əksinə, onları ayırmağa çalışdığını bildirmişlər. Müstəntiq qərarında dava-dalaşın ümumiyyətlə avtomobilin salonundan kənara çıxmadığını qeyd edib və o nəticəni çıxarıb ki, maşının kabinəsi ictimai yer deyil (?!) Bundan başqa, İkramın yalançı hesab elədiyi şahidlərlə üzləşdirilməsinin təşkil olunması barədə verdiyi vəsadət də müstəntiq tərəfindən təmin olunmayıb. Eləcə də qərarda hadisə yerinin mexanizminin müəyyənləşdirildiyi qeyd olunsa da, şikayətçi bunu yalan hesab edir. Çünki ən azından hadisə yerinin müayinə protokolu və ona əlavə olunduğu deyilən foto-cədvəldən xəbəri olmalıydı. Bundan başqa, İkramın əynində olmuş və istintaqa təqdim etdiyi iş paltarının, şalvarının yararsız vəziyyətə düşməsi müstəntiqin diqqətini çəkməmişdir. Axı avtomobilin dar kabinəsində əliyalın adam yanaşı oturduğu şəxsə uzaqbaşı yumruq-sillə ata bilər. Daha kürək, böyrək, bud nahiyəsindən necə və nəyə görə vurmalıdır?
İndi isə keçək ata və oğulun hadisənin baş verməsinə səbəb kimi təqdim etdikləri varianta: Onlar ifadə veriblər ki, mübahisə kənd sakini olan 14 yaşlı qızın üstündə düşüb. Ziyadın sevdiyi qız ona mesaj yazaraq İkramın onu yaşadığı küçəyə gələrək təqib etdiyini xəbər verib. Ziyad da İkramla məhz qısqanclıq səbəbindən dalaşıb.
Hərçənd, İkram bu versiya ilə razılaşmır və bildirir ki, qızın valideynləri onun adına söz çıxardıqları üçün “102” çağrı mərkəzinə zəng vuraraq ata və oğul Əsgərovlardan şikayət edib. Həmçinin fakt qarşısında qalan Əsgərovlar qızın valideynlərinin üstünə elçi göndəriblər. Lakin atası qızının hələ məktəbli olduğunu deyərək razılaşmayıb.
Həqiqətən də ata və oğul Əsgərovların özlərini müdafiə üçün seçdikləri, müstəntiqin qərarının mətnində “azad sevgi münasibətləri” kimi qeyd olunan üsul milli mentalitetimizdə əsl kişiyə verilən tələblərə qətiyyən uyğun deyil. Axı, 14 yaşlı qızın həddi-buluğa çatıncayadək Ziyadı sevməkdən vaz keçməsi, yaxud qarşıdakı illərdə Ziyadın özünün də başqa qıza vurula bilməsi istisna deyil.
Bütün sadalananlar azmış kimi, polis kapitanı Asiman Bəkirov zərərçəkən Umudlu İkram İlham oğlunun özünümüdafiə əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərini “görüb” və barəsində inzibati qaydada icraat açılmasına qərar verib. Həmin maddəyə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - müəyyən məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Əldə etdiyimiz son məlumata görə, İkram Umudlu aldığı xəsarət səbəbindən başında yaranmış şişlə əlaqədar səhhət durumu ağırlaşdığına və üzərində cərrahi əməliyyat aparılması zərurəti yarandığına görə məhkəməyə gələ bilməyib və o üzdən iclasın tarixi dəyişdirilib. Bu isə o deməkdir ki, İkrama az ağır deyil, məhz ağır xəsarət yetirilibmiş.
Mövzuya qayıdacağıq.
Xuraman Quliyeva