Azərbaycan İdeyası

İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi

Tarix:17-02-2025, 15:16
Baxış Sayı:105

İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri təsdiqləyib.

Bununla bağlı President.az məlumat yayıb.

Dəyişikliklə İnzibati Xətalar Məcəlləsində 220-ci maddə aşağıdakı redaksiyada verilir:

"Maddə 220. Qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması

220.1. "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qida zənciri obyektlərinin təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsinə görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

220.2. "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qida zənciri obyektlərinin və subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmadan qida sahəsində fəaliyyət göstərməsinə görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

220.3. Qida zənciri subyektləri tərəfindən qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərinin həyata keçirilməsi zamanı "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə əməl edilməməsinə görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

220.4. "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş məhsulların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

220.5. Qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, yaxud müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

220.6. İdxal olunmuş məhsulların idxal sağlamlıq aktı olmadan satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

220.7. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının ilkin istehsalına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

220.8. "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə cavab verməyən qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə - fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

220.9. Təhlükəli qida və yem məhsullarının ilkin istehsalına, istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

220.10. Qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada bildirişin göndərilməməsinə görə - vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir".

Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 221.1-1-ci və 221.3-1-ci maddələr əlavə edilir:

"221.1-1. Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə - inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

"221.3-1. Bu Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərərin vurulmasına görə - inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir".

Eyni zamanda, Məcəlləyə 221.12 - 221.14-cü maddələr əlavə edilir:

"221.12. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə - vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

221.13. Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən aptek təşkilatının Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

221.14. Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim edilməməsinə görə - əlli manat məbləğində cərimə edilir".

OXŞAR XƏBƏRLƏR
Hazırda qar yağan rayonlar - FAKTİKİ HAVA
Hazırda qar yağan rayonlar - FAKTİKİ HAVA
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd
Qaçqınlar müəssisələrinin fəaliyyət göstərməsini istəyir: - “Azərneftyağ”-ın rəhbərliyinin isə məqsədi başqadır!
Qaçqınlar müəssisələrinin fəaliyyət göstərməsini istəyir: -  “Azərneftyağ”-ın rəhbərliyinin isə məqsədi başqadır!
Ali Məhkəmənin hakimləri - Ş.Hidayevi, A.Hüseynovu, Z.M.Quliyevi “NSN” kiçik müəssisəsinin təsisçilərinə qarşı xüsusi ağır cinayət əməlləri törətməyə kim və nə təhrik etmişdir?!
Ali Məhkəmənin hakimləri - Ş.Hidayevi, A.Hüseynovu, Z.M.Quliyevi “NSN” kiçik müəssisəsinin təsisçilərinə qarşı xüsusi ağır cinayət əməlləri törətməyə kim və nə təhrik etmişdir?!