Azərbaycan İdeyası

“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb

Tarix:Bu gün, 13:15
Baxış Sayı:102

“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb

Tikinti şirkətləri ilə evi sökülən vətəndaşlar arasında olan mübahisə və münaqişələrin sayı ilbəil artır. Bu müstəvidə mövcud olan problemlərin gərginliyi Bakı şəhərinin Yasamal rayonunun Alatava ərazisində Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında sakinlər içəridə ola-ola "Melissa Group" adlı tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılanda öz apogeyinə çatdı. .Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdıldı. Şirkət rəsmiləri isə bildirdilər ki, hadisə ilə bağlı tapşırığı şirkət verməyib, işçilər səhvən ediblər. Nəticədə söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılaraq cinayət məsuliyyətinə cəlb olundular. Başqa sözlə, iş kasıbın başında çatladı.

Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi, ev 49 ünvanda yaşayan və qeydiyyatda olan Qafarova Sevinc Dimes qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına 22.04.2025-ci il tarixli ərizə ilə müraciət edərək bildirib ki, göstərdiyi ünvandakı ona məxsus fərdi həyət evini Bakı şəhərində pilot layihəsi üzrə tikinti – inşaat işləri aparan “RR Construction” MMC onunla müqavilə bağlayaraq sökmüşdür. Lakin fərdi evin sahəsi düzgün hesablanmamış, müqavilənin şərtləri pozulmuşdur. Belə ki, şirkət rəhbərliyi tərəfindən ona qazi qardaşı ilə birlikdə ilkin olaraq 50000 (əlli min) manat ödənilmiş, daha 50000 (əlli min) manat ödəyəcəklərini boyun alasalar da, vədlərini yerinə yetirməmişlər. Şikayətçi hesab edir ki, şirkət rəhbərliyi onların sadəlövhlüyündən və səmimiyyətindən sui-istifadə edərək, onları aldatmışlar. Odur ki, məsələnin mediada ictimailəşdirilməsini, haqq etdikləri pulun onlara ödənilməsinə köməkdarlıq edəcək aidiyyəti orqanların diqqətinə çatdırılmasını redaksiyadan xahiş etmişdir.

S.Qafarovanın ərizəsinə əlavə edərək redaksiyaya təqdim etdiyi sənəd surətlərindən görünür ki, sözügedən sökülmüş evin ondan başqa daha 5 nəfər hüquq sahibləri də vardır və Sevinc xanım rəsmən onların hamısını təmsil edir. 2 mərtəbəli, 7 otaqlı, 5 eyvanlı, 1 sanitar qovşaqlı, 1 dəhlizli evin texniki pasportuna əsasən ümumi sahəsi 147,9 kv.m, yaşayış sahəsi 106,2 kv.m, köməkçi sahəsi 41,7 kv.m, tikinti altı sahəsi 111,1 kv.m. göstərilib. Evin 1 otağının 1/3 hissəsi S.Qafarovaya aiddir və tikinti şirkəti ilə bağlanmış 21.10.2024-c ü il tarixli alqı-satqı müqaviləsində göstərilir ki, guya şirkət evi 30000 (otuz min) manata alıb və S.Qafarovaya düşən 1/3 hissənin müqabilində 20000 (iyirmi min) manat ona ödəyib.

S.Qafarovanın 1/3 paya sahib olduğu otağın bir hissəsi də qardaşı Bağırov Ələkbər Dimes oğluna məxsusdur. Bacı və qardaşın şirkət rəhbərliyi ilə bağladıqları 20 avqust 2022-ci il tarixli əvəzləşmə müqaviləsində göstərilir ki, mülkiyyətçilər yeni tikiləcək binada onlara vəd olunan 18 kv.m. (15 m2 + 20 %) sahədən əlavə daha 10 kv.m. sahəni almaq üçün şirkətə 20000 (iyirmi min) manat ödəniş etməlidirlər. Çünki yeni inşa olunacaq binada qalan ən kiçik 1 otaqlı mənzilin sahəsi 28 kv.m.-dir. Halbuki sökülən fərdi evdə 16,9 kv.m. payı olan Məlikova Qeyiz Nəriman qızına ümumi sahəsi 24 m2 olan, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş mənzil verilməsi razılaşdırılmışdır. Belə çıxır ki, mülkiyyətlərindəki otağın sahəsinin cəmi 3 m2 əskik olması onlara 20000 (iyirmi min) manata başa gəlmişdir.

S.Qafarovanın probleminin həllinə kömək üçün üz tutduğu Yasamal Rayon İcra Hakimiyyəti isə ona məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Halbuki, Bakı ŞİH 24.06.2021-ci il və 02.12.2022-ci il tarixli sərəncamları ilə “RR Construction” MMC-nə sözügedən binanın layihələndirilməsinə icazə verəndə söküləcək evlərin mülkiyyətçilərini razı salmaq öhdəliyinə imza atdırmışdı. Bəs elə isə nəyə görə şirkətin üzərinə götürdüyü öhdəliyə necə əməl etməsinə nəzarət etməmişdir?

Bundan başqa, tikinti şirkəti bir məsələni də unudur: S.Qafarova və qardaşı Ə.Bağırov ev sökülməzdən əvvəl təkcə onlara məxsus 1 otaqdan deyil, ümumi sanitar qovşaqdan, dəhlizdən, eyvandan, həyətdən də istifadə etmək hüququna malik olublar. Belə çıxır ki, şirkət 20000 (iyirmi min) manata onlara əslində sanitar qovşaq, dəhliz və eyvan satmışdır.

Xatırladaq ki, "RR Constructions” MMC Bakıda fəaliyyət göstərən qalmaqallı şirkətlərdən biri kimi tanınır. "RR Constructions” MMC-nin direktoru Nadir Abdullayevin qardaşı Rafail Abdullayev 2017-ci ildən 2019-cu ilədək Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb. “RR Construction” şirkətinin paytaxtın Yasamal rayonunun "Kubinka" kimi tanınan ərazisində aparılan söküntü işləri ilə bağlı başqa vətəndaşların da şikayətləri olub. Belə ki, şirkətin əlverişsiz şərtləri ilə razılaşmayan vətəndaşların hərəkət etməsinin qarşısını almaq üçün evlərini blokadaya aldığı barədə məlumatlar var.

Mövzuya qayıdacağıq.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
İctimai nəqliyyatda yaşlılarla cavanlar arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”
İctimai nəqliyyatda yaşlılarla cavanlar  arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”
Bakıda avtobus "Land Cruiser"lə toqquşdu
Bakıda avtobus "Land Cruiser"lə toqquşdu
Bank kartlarından pullar belə oğurlanır – Üç məqam
Bank kartlarından pullar belə oğurlanır – Üç məqam
Serj Sarkisyanın etirafı: Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi
Serj Sarkisyanın etirafı: Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi
Güclü külək Bakıda AĞACLARI AŞIRIB
Güclü külək Bakıda AĞACLARI AŞIRIB
İranda fövqəladə vəziyyət elan edildi - 40 ölü, 1205 yaralı... YENİLƏNİB.
İranda fövqəladə vəziyyət elan edildi - 40 ölü, 1205 yaralı...  YENİLƏNİB.
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır