Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni 1) xroniki psixi xəstəlik, 2) psixi fəaliyyətin müvəqqəti pozulması, 3) əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.
Qanunun mənasından göründüyü kimi, anlaqsızlıq iki meyarla xarakterizə olunur: Tibbi və hüquqi meyar. Tibbi meyar psixi xəstəliyin olması deməkdir. Məsələn, xroniki psixi xəstəliklər anlaqsızlıq üçün əsas təşkil edir. Şizofreniya, epilepsiya, proqressiv iflic, beyin siflisi və s. bunun kimi müalicəsi olmayan və ya çətin müalicə olunan xəstəliklər müəyyən olunduğu zaman şəxsin anlaqsız vəziyyətdə cinayət törətməsi güman edilir.
Psixi fəaliyyətin müvəqqəti pozulmasına pataloji affekti və manikal depressiv psixozu misal çəkə bilərik.
Kəmağıllılıq (oliqofreniya) isə anadangəlmə və ya uşaqlıq dövründə yaranan əqli zəiflik vəziyyətidir ki, onun da 3 dərəcəsi var: 1)idiotizm 2)inbesillik 3)debillik və s... psixi xəstəliyə isə abstinensiya, qarabasma vəziyyətini nümunə gətirə bilərik.
Anlaqsızlıq vəziyyəti istintaq və məhkəmə tərəfindən məhkəmə-psixiatriya ekspertizasının rəyinə əsasən müəyyən edilir.
Hüquqi meyar cinayət törədən şəxsin əməlinin kriminal xarakterini dərk etməməsi və öz hərəkətlərini idarə etmək iqtidarında olmamasıdır. Məhz hüquqi meyarın müəyyən edilməsindən sonra şəxsin anlaqsızlığı barədə qəti rəyə varmaq olar. Beləliklə, şəxsin anlaqsız hesab edilməsi üçün hər iki meyar - tibbi və hüquqi meyar eyni anda mövcud olmalıdır. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilər.
Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır:
Cinayət Məcəlləsinin 93.2-ci maddəsinə əsasən, bu Məcəllənin 93.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən məhkəmə psixi pozuntusu olan şəxsə ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edə bilər.
1981-ci il təvəllüdlü Şamıyev Sənan Asif oğlu 1993-ci il təvəllüdlü Rəhimov Əziz Məmməd oğlu ilə birlikdə 8 noyabr 2024-cü il tarixdə tanımadıqları bir nəfərdən danışmaq məqsədilə telefonunun alıb soyğunçuluq məqsədilə ələ keçiriblər. Ertəsi gün Sənan Yasamal Polis İdarəsinin 29-cu Bölməsinin sabiq müstəntiqi Xəyyam Bağırzadə tərəfindən şübhəli şəxs qismində tutulur. Elə həmin gün Əziz Rəhimov və Ağamehti Seyfullayev də da tutulurlar. İki gün sonra onların hər üçünə Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilərək ittiham elan olunur və barələrində 3 aylıq həbs qətimkan tədbiri seçilir. Ağamehti Seyfullayevin vəsatəti qəbul edilərək barəsində başqa yerə getməmək tədbiri seçilir. 01 aprel 2025-ci il tarixdə Ağamehtinin cinayət əməli törətməsi sübuta yetmədiyindən, onun barəsində cinayət təqibinə xitam verilir. 02 aprel 2025-ci ildə Rəhimov Əziz Məmməd oğluna əvvəlki məhkumluğu ödənilmədiyi üçün eyni maddə ilə yenidən ittiham elan olunur.
Bakı şəhər prokurorunun 04.02.2025-ci il tarixli qərarı ilə ibtidai istintaqın müddəti 09 aprel 2025-ci il tarixədək uzadılır. Eyni zamanda paralel olaraq Yasamal məhkəməsi Sənan Şamıyevlə Əziz Rəhimovun həbsdə saxlama müddətlərini həmin tarixədək uzadır. Daha sonra məhkəmə qərarı ilə Sənan Şamıyevin həbsdə saxlanılma müddəti 29 aprel 2025-ci il tarixədək uzadılır.
Qəribə burasıdır ki, Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Rəşad Nuriyevin tərtib etdiyi, Yasamal rayon prokurorunun təsdiq etdiyi 09 aprel 2025-ci il tarixli ittiham aktının mətnində bir yerdə zərərçəkən şəxsə vurulan ziyanın məbləği 300 (üç yüz), digər yerdə 165 (bir yüz altmış beş) manat göstərilir.
İttiham aktında Sənan və Əzizin spirtli içki düşkünü olduqları, telefonu ələ keçirəndə də içkili vəziyyətdə olduqları, telefonun üstündə onun polis tərəfindən tapılmasını asanlaşdıracaq sim-kartın olduğunun fərqinə varmayacaq dərəcədə sərxoş olduqları, tibbi müayinə nəticəsində orta dərəcəli alkoqol sərxoşu olduqlarının müəyyən edildiyi, telefonu da 80 manata satıb içkiyə verdikləri, zərərçəkmişə qarşı zor tətbiq etmədikləri (və bunun zərərçəkənin özü tərəfindən də təsdiqlənməsi), Sənanın evsiz olması, çöldə yatması, səfil həyat sürməsi barədə ifadələr yer alıb. Bundan başqa, yüngülləşdirici hal kimi, Sənanın himayəsində 2, Əzizin himayəsində 4 azyaşlı uşağın olması da qeyd edilir.
İttihamnamədə yer alan ədalətsizlik əslində psixi xəstə olan Sənan Şamıyevin üzərində keçirilmiş ekspertizasının nəticəsi olaraq 10 mart 2025-ci il tarixli rəydə göstərildiyi kimi Sənanda üzvi şəxsiyyət pozuntusunun müəyyən edilməməsi, anlaqlı hesab edilməsidir. Halbuki, Sənan Şamıyev baş-beynin üzvi xəstəliyindən sonrakı şəxsiyyət pozuntularından əziyyət çəkdiyi, aqressivliyi, əsəb gərginliyi, yuxusuzluğu, özünə xəsarət yetirməyə meylliliyi, dərmanlara çətin tabe olduğu ruhi xəstəlikdən, şizofreniyadan uğursuzcasına müalicə aldığı tibb müəssisələrinin (Sumqayıt psixiatriya xəstəxanası, Salyan rayonlararası psixiatriya xəstəxanası, Füzuli rayon mərkəzi xəstəxanası) həkim - nevropatoloqlarının imzaladıqları müayinə vərəqlərində öz əksini tapıb.
Daha təəssüf doğurucu hal budur ki, S.Şamıyevin valideyni onun xəstəlik tarixçəsini əks etdirən sənədləri polisə təqdim etsə də, həmin sənədlər vaxtında işə tikilməmişdir. Valideyn bildirir ki, xəstəlik tarixçələri dövlət tərəfindən tərəfindən təyin olunmuş vəkilin vəsatətindən sonra işə daxil edilsə də, məhkəmə tibb ekspertləri də, polis müstəntiqi də, rayon prokuroru da həmin sənədlər sanki yoxmuş kimi üstündən sükutla keçmişlər. Sənanın yaxınları ümid edirlər ki, heç olmasa, Yasamal rayon məhkəməsi bu xüsusatı görməzdən gəlməyəcək.
Mövzuya qayıdacağıq.
"Korrupsiya və Qanun"