Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
İl yarım bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi internatda yetişmiş gənclərə mənzillər paylayanda böyük oyunun üstü açıldı. Əvvəla məlum oldu ki, ailə tərkibinin sayından asılı olmayaraq, hər birinə cəmi 40 kvadratlıq mənzillər bağışlanıb.
Yəni, ailədə 5 nəfər olan da, 2 nəfər olan da həmin 40 kv-lıq mənzildə yaşamağa məhkumdu. Nazirliyin bu addımı atmasına səbəb isə yuxarı kvadratlı, yəni 3-4 otaqlı mənzilləri satışa çıxarması idi. Şikayət edən vətəndaşların sözlərinə görə, həmin mənzillərin Çıxarışları hazırlanıb və satışa qoyulub. Bununla da ƏƏSMN internatda böyümüş gənclərə belə geniş mənzillər verilməsini rəva bilməyib, onların üzərindən ev alverinə başlayıb. Bunun həm hüquqi, həm mənəvi tərəfini geniş izah etməyə ehtiyac yoxdur.
Lakin bununla məsələ bitmirdi; demə, ev sahibləri inventarların olmasına qol çəkiblərmiş, deyilib ki, mənzillər mebellə, avadanlıqla təmin olunacaq. Hətta açılış mərasimində Prezident iştirak edərkən də dövlət başçısına məlumat verilib ki, mənzillər avadanlıqla təmin edilib. Ancaq bütün bunların maskarad, saxtakarlıq olduğu üzə çıxıb. Mənzillərdə mebellərdən söhbət gedə bilməz. Bu da böyük narazılıq və qalmaqal yaradıb. Nazir Sahil Babayevin qazi və şəhid ailələrinə, təqaüdçülərə etdikləri az deyil, internat uşaqlarına da artıq haqsızlığa yol verir. Hətta inventar tələb edənlər arasında bəziləri sutkalıq həbsə göndərilib. Şikayətçilər deyirlər ki, bu məsələlərin başında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov dayanır.
Valideyn himayəsindən məhrum olmuş, Abşeron rayonu, Mazazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivi, bina 3, blok 1, mənzil 11 də yaşayan Ramiz İbrahimzadə yaşadığı binada baş verən qanun pozuntuları və digər neqativ hallarla bağlı şikayət etdiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun ona qarşı qanunsuz hərəkətlərindən, qüvvədə olan məhkəmə qərarlarını icra etməməsindən şikayət edərək, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarından kömək istəyir.
Ramiz İbrahimovzadənin şikayətinə və ərizəyə qoşma edərək redaksiyamıza göndərdiyi sənəd surətlərinə görə, hər şey “Məzun Evi” Sosial Müəssisəsinin sakini Seymur Kazımlının qabağa verilməsi, nəhayətdə Seymurun özünün və vəd verdiyi yoldaşlarının aldadılması ilə başlayıb. Belə ki, Sosial Müəssisənin müdiri Rüxsarə Axundovanın təklifinə inanan Seymur Kazımlı mənzil növbəsində olan və qabağa düşmək istəyən özü kimi kimsəsiz internat məzunlarından pul alıb, məmurlara ötürüb. Nəhayətdə isə aldadılıb, nə evlər həmin şəxslərə verilib, nə də pulları geri qaytarılıb. 2019-cu ilin axırlarında
Seymur Kazımlı həbs edilib. Maraqlı vəzifəli şəxslərin, onların vasitəçi əlaltıları Validə Axundova, Vüsalə Abbasova məhkəməyə təzyiqi nəticəsində S.Kazımlı 2 saylı İstintaq Təcridxanasından azadlığa buraxılıb. Ramiz İbrahimzadənin sözlərinə görə, o vaxt Seymurun əlində olan, korrupsioner ortaqlarının səsi yazılmış audio-diskin bir nüsxəsini indilərdə əldə edə bilib. Məhz həmin səs yazıları Seymurun şəriklərini qorxudub və onun həbsdən çıxmasına kömək etmək məcburiyyətində qalıblar.
Ona yaradılan müxtəlif süni bürokratik maneələrə baxmayaraq, məhkəmə çəkişməsi yolu ilə mənzillə təmin olunduğunu qeyd edən Ramiz İbrahimzadə DSMF-nin keçmiş Sosial təminat şöbəsinin müdiri, hazırki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun valideyn himayəsindən məhrum olmuş şəxslərin sənədlərini tam dolğun araşdırmadan onları mənzillə təmin etdiyini yazıb, hətta yalnış olaraq mənzillə təmin olunan adamlardan Əsədova Dünya Dəmir qızının, Haqverdiyev Rafiq Cəfər oğlunun, Rəşad və Elşad Novruzov qardaşlarının da adlarını çəkib. Həmçinin həmin qardaşların dayısı oğlunun da “Məzun Evi”ndən saxtakarlıqla mənzil aldığını bildirib.
Həmçinin qeyd edib ki, “Məzun Evi” Sosial Müəssisəsinin rəhbərliyi, binaların komendantı bəzi kimsəsizləri şərləyib guya “daxili intizam qaydalarını pozduqlarına görə” akt tərtib edib yaşadıqları mənzildən məhrum edir, sonra da həmin boşalmılş mənzilləri satırlar.
Maraqlıdır ki, “Məzun Evi” Sosial Müəssisəsindən mənzil almaq üçün rüşvət verən, lakin niyyəti baş tutmayan şəxslər arasında eləsi var ki, özü bir yana, anası şikayət edib Seymurdan və onun rüşvətxor şəriklərindən verdiyi rüşvəti küçənin ortasındaca geri istəyir. Hətta ananın tələbi video-qeydə də alınıb, əldə görüntülər var. Haqlı olaraq ortaya sual çıxır: Əgər həmin şəxs həqiqətən valideyn himayəsindən məhrum idisə, bəs indi necə olub ki, anası üzə çıxıb?
Haqq işi uğrunda mübarizəsində israrlı olan Ramiz İbrahimzadə etdiyi çoxsaylı müraciətlərinə əhəmiyyət verilmədiyinə, cavablandırılmadığlna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müraciətlərə cavab verilməsi tələbi barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, cavabdeh Sosial Xidmətlər Agentliyi ilə dəyişdiriləndən sonra məhkəmənin 28.03.2022-ci il tarrixli qərarı ilə iddiası təmin edilmişdir. Sonradan qərar icra edilmədiyi üçün cərimə tətbiq edilməsi ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə onun Sosial Xidmətlər Agentliyinə qarşı “müraciətlərə cavab verilməsi” tələbi barədə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30.10.2023-cü il tarixli, 2-1(112)-2894/2022 nömrəli qərardadı ilə icra icraatına xitam vermişdir. Həmin qərardaddan narazıdır, qərardadı qanunsuz, özününsə hüquqlarını kobud surətdə pozulmuş hesab edir. Qərardadın ləğv edilməsi xahişi ilə 31.10.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət etmişdir.
R.İbrahimzadəyə qəribə gələn işin o tərəfidir ki, bir vaxtlar korrupsionerlərin zavalına gələn Seymur Kazımlı indi özü əks-cəbhəyə keçib. R.İbrahimzadə yazır ki, 25.04.2025-ci il tarixdə Seymur onun arxasınca düşərək şər-böhtan atmaq məqsədilə video-görüntüyə alıb. O da Seymura irad bildirib, hüquq-mühafizə orqanlarına şikayət edəcəyini deyib: “Seymur qabaqdangəlmişlik edərək özünü haqlı çıxarmaq üçün mənim telefonuma vatsap səs yazıları atıb mənə bildirdi ki, guya mən ona hücum etmişəm, əlindəki telefonu alıb sındırmışam. Dedi ki, artıq polisə şikayət edib, ekspertizadan keçirmişəm. Mayın 29-da bildim ki, onun yalan məlumatı əsasında başlanılmış iş artıq Abşeron polisindədir. Mənim Seymurla bağlı əlimdə sübut sayılacaq yetərli məlumatlar var. Müraciət etdiyim qurumlar düzgün araşdırma aparmır, müraciətimin məzm ununa uyğun olmayan cavablar verirlər. Odur ki, meüraciətimin qanunauyğun qaydada araşdırılmasına köməklik etməyinizi xahiş edirəm”.
Mövzuya qayıdacağıq.
Baş redaktor:X.Ə.Quliyeva