
Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşlara məxsus pul vəsaitlərinin ələ keçirilməsi faktları geniş yayılmış cinayətlərdəndir. Bu növ cinayətlər çox vaxt turizm şirkətlərinin rəhbər vəzifəli şəxsləri tərəifndən törədilir. Məsələn, keçən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən və vətəndaşlardan daxil olmuş məlumatlar üzrə “Recent Group” və “Area Alfa Group” MMC-lərin rəhbər vəzifəli şəxsləri barəsində araşdırma aparmışdı. İstintaqla qeyd edilən hüquqi şəxslərin direktorları Sevinc Aslanova və Kamil Curayevin Almaniya, Hollandiya, Slovakiya və başqa ölkələrə iş vizası və dəvəti alınması, eləcə də digər növ məşğulluq məsələlərinin həllinə dair yalan vədlər verməklə 2023-2024-cü illər ərzində ayrı-ayrı vətəndaşlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini onların etibarından sui-istifadə edərək almalarına dair əsaslı şübhələr müəyyən edilmişdi. Sonra da faktlar üzrə zərərçəkmiş şəxslərin dairəsi və vurulmuş ziyanın məbləğinin tam müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilmişdi.
Əsas şikayətlər insanların aldadılaraq pullarının mənimsənilməsi, verilən vədlərdən tamamilə fərqli fəaliyyət sahəsinə cəlb edilməsi ilə bağlıdır. Nəticədə iş üçün xaricə üz tutan şəxslər getdiyi ölkədə çətin vəziyyətdə qalır və qeyri-qanuni miqrant səviyyəsinə düşür. Eyni zamanda, mütəşəkkil cinayətkar qrupların qurbanına çevrilir. Təəssüflər olsun ki, bu tipli problemlər hələ də xaricdə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin vasitəçilərə müraciət etmək həvəsini azaltmayıb. İnsanlar hər zaman vasitəçi şirkət axtarışındadırlar.
Xızı rayonu Giləzi qəsəbəsində qeydiyyatda olan və yaşayan 1979-cu il təvəllüdlü Səfərov Fizuli Mürsəl oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək “Baku World Travel” şirkətinin rəhbəri tərəfindən dələduzluq əməlinə məruz qaldığını bildirmişdir.
F.Səfərov yazır ki, şirkət rəhbəri Teymurov Kənan Ələddin oğluna İngiltərədə işə düzəlmək üçün 08.08.2024-cü il tarixdə həmin şirkətin Nərimanov rayonu, A.Aqarunov küçəsi ərazisində yerləşən baş ofisində 7500 (yeddi min beş yüz) AZN pul verib: “Başlanğıcda mənə dedi ki, 3 ay ərzində mənim sənəd işlərimi bitirib əmrimi verdirəcək, işə çıxacağam. Halbuki, indiki vaxta qədər onun verdiyi 3 ay müddəti müxtəlif bəhanələr gətirərək heç bir iş görməyib. 11 ay sonra, yəni 2025-ci ilin aprel ayında mənim viza sənədlərim İngiltərədən
geri qaytarıldı.
Geri qayıtmanın səbəbini soruşduqda. Mənə sənədlərin saxta olduğunu bildirdilər. 25.05.2025-ci ilin may ayından Teymurov Kənan bəyə dəfələrlə zəng etsəm də, zəng çatmadı. Həmin vaxtdan bu günə qədər mənim Kənan bəylə əlaqəm yoxdur, telefon zənglərimə cavab vermir. Yuxarıda qeyd etdiyim faktlları ictimailəşdirib oxucu kütləsinə çatdırmağı, aidiyyəti üzrə dövlət orqanlarına göndərib mənə kömək etməyinizi xahiş edirəm”.
Redaksiya olaraq F.Səfərovun verdiyi telefon nömrəsinə zəng vurub Kənanın atası Ələddin Teymurovdan oğlunun harada olması barədə məlumat öyrənnmək istədik. Ələddin Teymurov oğlunun müxtəlif şəxslərə borclu olduğunu, həmin şəxslərin də onu axtardığını etiraf etdi. Həmçinin bildirir ki, Kənan yeddi aydı valideynlərindən ayrılıb, həyat yoldaşı ilə də boşanma ərəfəsindədir, işləri məhkəmədədir.
F.Səfərov isə iddia edir ki, K.Teymurov yalnız formal olaraq arvadından boşanır, ərizə verməzdən əvvəl əmlakını həyat yoldaşının adına keçirib ki, müsadirədən yayındırsın. Hərçənd, bütün hallarda həmin əmlak birgə nikah dövründə əldə olunmuşdur.
“Əsli ilə doğrudur”
Baş redaktor: X.Ə.Quliyeva