Müstəntiqin qərarı: “Rüşvət alarkən aldatmaq niyyəti olmayıb”
Azərbaycan cəmiyyətinin ciddi problemlərindən biri də vətəndaşların ali məktəb diplomuna yiyələnmək şakəridir. Hər il qəbul imtahanlarında qeyri-müvəffəq nəticə göstərən abituriyentlər üzüntü yaşayır, bəziləri hətta intihara belə əl atırlar. Bəziləri tanış-biliş yanında utanmamaq üçün yerli və xarici ölkə universitetlərinə imtahansız qəbul olunmaq üçün vasitəçilər axtarır və elə bu zaman dələduzlara rast gəlirlər.
Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, 65 ünvanda qeydiyyatda olan və yaşayan Həsənzadə Könül Zaur qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, özünün və qohumlarının dələduzluğa məruz qaldıqlarını bildirmişdir. Bildirir ki, 2024-cü ilin aprel ayında bibisi oğlunu universitetə düzəltməyi vəd edən keçmiş iş yoldaşı Məmmədov Ramin Müzəffər oğluna onun işin düzəlməsi qarşılığında tələb etdiyi 7500 (yeddi min beş yüz) manat pul vermişlər. Görüşdə o, bibisi, bibisinin həyat yoldaşı, bibisi oğlu və Ramin Məmmədov iştirak etmişlər. Ramin onları əvvəlcə inandırıb ki, dayısı oğlu polis işçisidir, təhsil nazirliyində məsul vəzifədə işləyən Eşqi Bağırovun yaxın köməkçisi olub, onun vasitəsilə işi düzəldə bilər. Bir neçə ay sonra, iyul ayında başqa bir qohumu təhsil sahəsində işə düzəltmək üçün 10000 (on min) manat pulu borc adı ilə notarius vasitəsilə Raminə veriblər. Lakin o, nə vəd etdiyi işləri düzəldib, nə də pulları qaytarıb. Hərçənd, telefon danışıqlarında pulları aldığını, işi düzəldə bilmədiyini danmayıb.
Könül Həsənzadə qeyd edir ki, keçən ilin noyabr ayında DİN-nin “102” xidmətinə zəng vuraraq Ramin Məmmədovu şikayət edib. Onu və qohumlarını əvvəlcə Yasamal rayon 26-cı polis Bölməsinə çağırıblar, sonra işi Yasamal rayon Polis İdarəsinə yönəldiblər. İdarənin müstəntiqi polis mayoru Eldar Kazımov Könül Həsənzadəyə bildirib ki, Raminin idarəyə gətirilməsi təmin olunmadığına görə iş dayanmalıdır. Müstəntiqin verdiyi 15.03.2025-ci il tarixli qərarda adları keçən Məmmədov Ruslan Rəhman oğlunun, Rzayeva Şəmsiyyə Bəylər qızının onların işinə heç bir aidiyyətlərinin olmadığını bildirən K.Həsənzadə qeyd edir ki, əvvəllər danışığında təqsirini boynuna alan Ramin barəsində polisə şikayət ediləndən sonra hər şeyi danmağa başlayıb, hətta ona şər-böhtan atmağa çalışıb.
Təsəvvür edin ki, Ramin Məmmədovun yerini müəyyən edib dindirilməsini təmin edə bilməyən müstəntiq qəbul etdiyi 15.03.2025-ci il tarixli, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” absurd qərarda yazır ki, guya Raminin hərəkətlərində özgənin əmlakını aldatma və ya etibardanm sui-istifadə etmə yolu ilə ələ keçirmə niyyəti olmamışdır. Müstəntiq bu məsələnin üstündən elə keçib ki, sanki tərəflər arasında bir növ halal kommersiya sazişi olub və tərəflərdən biri sadəcə biznesdə uğursuzluğa düçar olduğuna görə özü istəmədən digərini də ziyana salıb. Halbuki, şikayətin məğzində qəbul imtahanı verə bilməyən şəxsi (K.Həsənzadənin bibisi oğlunu) rüşvət qarşılığında imtahandan yan keçirərək ali məktəbə qəbul etdirmə vədi durur. Bu isə cinayətdir. Qarşısında qanunun aliliyini təmin etmək məqsədi duran müstəntiq işin axırına çıxmağa çalışmalıydı ki, Raminin aldığı rüşvəti kimlərlə, korrupsiya cinayətləri törədən hansı vəzifəli şəxslərlə böldüyünü, cinayətkarların əhatə dairəsini müəyyənləşdirsin.
Mövzuya qayıdacağıq.
“Əsli ilə doğrudur!”
Baş redaktor: Xuraman Quliyeva