“Ermənilərin öldürə bilmədiyi atamı Xocavənd polisinin bizə qarşı düşmən münasibəti öldürdü” +VİDEO
Tarix:Dünən, 14:17
Baxış Sayı:105
Bəzi şəxslər dövlətin onlara verdiyi imtiyazlardan, cəmiyyətin onlara bəslədiyi hörmət və ehtiramdan sui-istifadə edirlər. Təəssüf ki, son zamanlar belələrinin arasında şəhid ailəsi üzvlərinə də rast gəlinir.
Füzuli rayonu “Qayıdış – 7” qəsəbəsində yaşayan Cəbiyev Novruz Atamoğlan oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, şəhid atası tərəfindən aldadıldığını bildirmişdir. Özünün və atasının 44 günlük Vətən müharibəsi iştirakçıları olduqlarını qeyd edən Novruz Cəbiyev yazır ki, 10 nəfərdən ibarət ailənin heç bir üzvü işləmir. Əlisahib adlı şəhid atası ona günü 50 manata fəhləlik işi təklif eləyib. Sonra isə Əlisahib qohumları Xəyyam və Ayxan ilə əlbir olaraq onu şərlədib, dəfələrlə tapşırıqla Füzuli rayon məhkəməsinə 8, 10, 15 sutkalığa, Xocavənd məhkəməsi 8 və 15 sutkalığa həbs etdirib. Axırıncı dəfə həbs olunduğunu eşidən Novruzun atası infarkt keçirib vəfat edib. Çünki daha əvvəl Xocavənd rayonunda 77 AL 414 nömrə nişanlı pikap markalı maşında ona güllə atıldığını, ona və qardaşına Xocavənd rayon Polis İdarəsinin rəisi Xəyyam müəllimin göstərişi ilə işgəncə verildiyini eşidəndə xeyli sarsılıbmış. Odur ki, Novruz Cəbiyev redaksiyadan məsələni ictimailəşdirməyi, aidiyyati orqanların diqqətinə çatdırmağı xahiş etmişdir: “Ermənilərin öldürə bilmədiyi atamı Xocavənd polisinin bizə qarşı düşmən münasibəti öldürdü”.
Qeyd edək ki, polis-polkovnik leytenantı Mirhüseynov Xəyyam Cahangir oğlu 2019-cu ilin aprel ayından Xocavənd rayon Polis Şöbəsinə rəis vəzifəsinə təyin edilib. Xocavənd RPŞ – nin inzibati binası Hadrut qəsəbəsində yerləşir. Xocavənddə soydaşlarımızın tam məskunlaşması hələ təmin edilmədiyindən, polisin əsas işi stasionar postlara nəzarət etməkdən, işğaldan azad edilmiş ərazilərə keçən vətəndaşların bundan ötrü müvafiq icazəsinin olub-olmmamasını müəyyən etməkdən ibarətdir. Görünür, həmin ərazilərə Əlisahib kimi imtiyazlı şəxslərin işini nisyə görməyə getmək icazəli olur, amma pulunu tələb etmək üçün gedəndə icazə deyil, həbs verilir.