"İranın nüvə proqramı artıq yoxdur."
Dünyanı sükuta qərq edən bu açıqlama, əslində, bəlkə də, başqa faciənin başlanğıcı idi. İllərlə qurulan, elə illərlə də izlənən İranın nüvə proqramı indi yalnız dağıntı və radiasiya izləri buraxır. Gələcək nəsillərin sümüyünə qədər hopacaq səssiz bir zəhər - torpağın dərin qatına çökəcək, suyun yaddaşına yazılacaq və bəlkə də, bir gün ən günahsız bədənlərdə xərçəng kimi oyanacaq.
Siyasi zəfərlə təbiət fəlakəti arasındakı sərhəd bəzən bir bombanın ağırlığı qədər incə olur. Bu dəfə həmin sərhəd aşılıb. Dünya yenə nəfəsini tutub baxır. Amma bu dəfə soruşmur: "Kim qalib gəldi?" Bu dəfə soruşur: "Görəsən, biz də məhv olacağıq?"
Açıqlamadan sonra dünya bir anlıq susdu. Milyonlarla insan ekranlara baxdı, amma bu dəfə maraqdan yox - narahatlıqdan. Bu bəyanat təkcə bir ölkənin texnoloji imkanlarının sıradan çıxarılması deyildi. Bu, görünməz və təxirəsalınmaz bir təhlükənin - radiasiyanın - artıq sərhəd tanımadan yayılmağa başlaya biləcəyinin siqnalı idi.
Əgər həqiqətən də İranın nüvə obyektlərinə ağır hava zərbələri endirilibsə, bu, bir hərbi əməliyyatdan çox, ekoloji faciəyə çevrilə bilər. Zənginləşdirilmiş uran, istifadə edilmiş yanacaq çubuqları, nüvə tullantıları olan obyektlər partlayıbsa, onların tərkibindəki radioaktiv maddələr havaya, torpağa və suya yayıla bilər. Bu, ilk baxışdan görünmür. İnsan nə baş verdiyini anlamaz, amma yavaş-yavaş bədən ona xəbər verir. Gözlərdə yanma, dodaqlarda quruluq, səbəbsiz başağrısı, halsızlıq, ürəkbulanma, daxili bir narahatlıq hissi. Sonra qusma gəlir. Dəri solur, sonra qızarır. Bir neçə gün içində saç tökülməyə başlayır. İnsan yuxuda belə nəyinsə içini dələn bir soyuqluqla oyandığını hiss edir. Radiasiya od deyil, amma yandırır.
Radiasiyadan qaçmaq olmur. O, nə çiyinlərdə daşınır, nə də ayaq səsləri var. Əgər bir dəfə bədənə nüfuz edibsə, hər hüceyrəni ayrı-ayrılıqda məhv etməyə başlayır. Bunu anlamadan əvvəl tək istədiyin - sağ qalmaq olur. Pəncərəni örtmək, su içmək, evin alt qatına enmək, bəlkə də, ilk ağlına gələnlər olur. Amma bu, çox vaxt yetərli olmur. Çünki sən gecikmisən. Bütün dünya gecikib.
Nüvə obyektləri bombalandıqda və ya zədələndikdə ətraf mühitə yayılan ən təhlükəli nəticə - radiasiyadır. Radiasiya gözlə görünmür, səs çıxarmır, iyi yoxdur. Amma bədənə daxil olanda hüceyrələrə hücum edir, genetik kodları pozur, xərçəngə səbəb olur, gələcək nəsilləri xəstə doğmağa məhkum edir. Əgər əməliyyat zamanı İranın nüvə reaktorlarının, uran anbarlarının yerləşdiyi obyektlərdə partlayış və yanğın baş veribsə, bu zaman ətrafa alfa, beta, qamma və neytron şüaları yayılıb. Bu şüaların yayılma radiusu isə hava şəraitindən, küləkdən, relyefdən və obyektin növündən asılı olaraq yüzlərlə kilometrə çata bilər.
Təcrübə göstərir ki, nüvə sızmaları ilk anlarda o qədər də hiss olunmur. Çernobıl hadisələrində də insanlar ilkin mərhələdə sadəcə halsızlıq, ürəkbulanma və başağrısı ilə üzləşmişdilər. Ancaq illər sonra həmin regionlarda xərçəng halları sürətlə artmış, torpaq və su istifadəyə yararsız hala gəlmişdi.
Radiasiyanın ilk əlamətləri: bədən necə xəbər verir?
Radiasiya təsirinə məruz qalan insanlar ilk növbədə bu əlamətlərlə qarşılaşırlar:
Qusma və ürəkbulanma (əsasən ilk bir neçə saatda)
Halsızlıq, bədən ağrıları və başgicəllənmə
Dərinin yanması və qızarması, xüsusilə əllər, üz və boyun nahiyələrində
Saç tökülməsi, xüsusən güclü şüalanma zamanı
İmmunitetin zəifləməsi, qanın tərkibində dəyişikliklər (leukosit azalması)
Bəzən bu əlamətlər sadəcə zəhərlənmə kimi qəbul edilə bilər, lakin problemin qaynağı atomun nüvəsində gizlənirsə, o zaman tibb belə aciz qala bilər.
Radiasiyadan qorunmağın yolları
Sığınacaq tapın - Ən azı beton və qalın divarlarla əhatələnmiş bir yerə keçin. Radiasiya şüaları incə materiallardan rahat keçə bilir, amma beton və torpaq maneə ola bilir.
Su və ərzaq ehtiyatı yığın - Çölə çıxmaq təhlükəli ola bilər. Ona görə də qapalı məkanda bir neçə gün qalmaq üçün konservləşdirilmiş yeməklər və qablaşdırılmış su saxlayın.
Pəncərələri izolyasiya edin - Şüşələrdən və çərçivələrdən şüalanmış hava içəri girə bilər. Plastik örtüklə bağlamaq, hava keçirməzlik yaratmaq məsləhətdir.
Radioloji xəbərdarlıqları izləyin - Hökumətin və mütəxəssislərin verdiyi xəbərləri izləmək lazımdır. Hər bir məlumat bir həyat qurtara bilər.
Kalium yod - Bu dərman radioaktiv yodun qalxanabənzər vəziyə toplanmasının qarşısını alır.
Əgər bu, həqiqətən də belədirsə - yəni İranın nüvə proqramı Pentaqonun dediyi kimi "tamamilə" yox edilibsə - bəlkə də siyasi cəhətdən dünya üçün bir "təhlükə" aradan qalxıb. Amma bunun əvəzində görünməz bir düşmən - radiasiya - səssizcə sərhədləri aşır, bədənlərə nüfuz edir, torpağa hopur, suda həll olur. Və biz - bu Yer üzünün sakinləri - gözümüzü göyə dikib, "görəsən nə zaman hiss edəcəyik?" - deyə düşünürük.