İntihar edən oğlunun borclanmasında fakültə dekanı olan atanın özünün də “xidmətləri” varmış
Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Qədəmgah küçəsi ev-38 ünvanda qeydiyyatda olan Dadaşova Qızqayıt Mahmudağa qızı əslini ölkə Prezidentinə, surətini “Korrupsiya və Qanun” qəzeti redaksiyasına göndərdiyi yazılı müraciətdə özünün və həyat yoldaşı Dadaşov Namiq Hacıbaba oğlunun savadsızlığından istifadə edilərək evlərinin əllərindən alındığını bildirmişdir.
Yazır ki, qeyd etdiyi ünvanda birgə yaşayırlarmış. Özü kafedə qabyuyan işləmiş, yoldaşı isə təsadüfi işlərdə fəhləçilik edirmiş. Onlara xeyli miqdarda pul lazım olub. Q.Dadaşova bu məqsədlə baldızının oğlundan onlara köməklik göstərməsini xahiş edib. Qohumu onu dostu Araz Cəfərli ilə tanış edib. Ertəsi gün Araz atası Araz Cəfərov ilə birlikdə görüşüb söhbət etmək üçün Qızqayıtın baldızının evinə gəliblər. Allahverdi ona deyib ki, oğlu Araza baş etibarnamə versinlər, qalan işləri özü həll edəcək – onların evini girov qoyub bankdan pul götürüb onlara verəcək.
Q.Dadaşova yazır ki, baş etibarnaməni alandan sonra Araz Cəfərli İsa Əliyev adlı şəxslə birlikdə Qızqayıtgilin evini onların xəbəri olmadan onlayn üsulla 50000 (əlli min) manata satıblar. Yalnız 6 aydan sonra İsa Əliyev onlara bildirib ki, evi o satın alıb, evi tərk eləməlidirlər. Şikayətçi həmçinin bildirir ki, hüquqlarını müdafiə etmək üçün müraciət etdikləri vəkillər qarşı tərəfə satılıblar. Nizami rayon prokurorluğuna müraciətləri də fayda verməyib. Nərimanov rayon Polis İdarəsində isə onlara bildiriblər ki, evlərini satan Araz Cəfərov inthar edib, o üzdən işə xitam verilib.
Q.Dadaşova eşitdiklərinə inanmır, onun fikrincə, Araz ya sağdır, gizlənir, ya da ona özünü asmaqda kömək ediblər. İşin şübhə doğuran tərəfi prokurorluğun Arazın cinayət ortaqları olan atası Allahverdini, İsanı və oğlu Nicatı, Qızqayıtın baldızı oğlu Ricayı məsuliyyətə cəlb etməməsi, onlayn alqı-satqını rəsmiləşdirən 50 saylı Notariat kontorunun rəsini sorğulamaması, bir sözlə, əhəmiyyətli faktlara və hallara düzgün hüquqi qiymət verməməsi, cinayət iştirakçılarının əhatə dairəsini dürüst müəyyənləşdirməməsidir.
Şikayətçinin verdiyi əlavə məlumata görə, əslən naxçıvanlı olan İsa Əliyev muxtar respublikanın Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qohumudur (hadisənin baş verdiyi vaxt V.Talıbov vəzifədə olub – red.) və bununla öyünür, başqa neçə-neçə adamın da mal-mülkünü ələ keçirib. Allahverdi Cəfərov isə Pedaqoji Universitetin fizika-riyaziyyat fakültəsinin dekanıdır.
Müraciət müəllifi bildirir ki, məsələ ilə əlaqədar baş prokurorun qəbulunda olublar və onların işinin araşdırılması prokuror Röyal Xankişiyevə tapşırılıb. Lakin Dadaşovların gözləntilərinin əksinə olaraq, prokuror cinayət işinin xitam olunmasına dair qərar verib. Beləliklə, bir qəpik belə almadan evləri əllərindən çıxıb.
Q.Dadaşova yeganə ümidinin dövlət başçısına qaldığını bildirib və məsələnin mediada ictimasiləşdirilməsini redaksiyamızdan xahiş etmişdir,
Redaksiyadan: 2022-ci ilin sentyabr ayının əvvəlində internet saytlarında yayılan məlumata görə, Xətai rayonunda yaşayan 29 yaşlı Cəfərli Araz Allahverdi oğlu evin həyətindəki pilləkənin sürahisində özünü iplə asıb. Nəticədə o, yerindəcə keçinib. Əlçatan informasiya mənbələrində intiharın hansı səbəbdən baş verdiyi barədə məlumat yoxdur. Atası Allahverdi Cəfərov isə keçən ilin iyul ayında çalışdığı ali təhsil müəssisəsində hazırki vəzifəsinə irəli çəkilib. Məntiqlə CM-nin “intihar həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb. Ehtimallardan biri bu ola bilər ki, Araz Cəfərli çoxlu borcu olduğuna görə öz həyatına son qoymuş olsun. Elə olan halda bəlkə Arazın borclarının yaranmasında çəkdiyimiz misalda olduğu kimi atası və adları qeyd olunan digər şəxslərin də “xidmətləri” olub – yenidən araşdırmağa dəyər.
Korrupsiya və Qanun