Azərbaycan İdeyası

Hicran Hüseynova – Haqqın zərif gücünün təcəllası

Tarix:Bu gün, 15:13
Baxış Sayı:0

Hicran Hüseynova – Haqqın zərif gücünün təcəllası

Azərbaycan qadını, tarixən, azad düşüncəli, təmiz qəlbli, nikbin ruhlu olmuş, mənsub olduğu ailənin, elin-obanın yükünü kişilərlə bərabər paylaşmaqla cəmiyyətin inkişafına önəmli töhfələr vermişdir. Türklərin qadına nəcib münasibətini aydın şəkildə ortaya qoyan “Kitabi Dədə Qorqud” dastanında da qadının cəmiyyətdə tutduğu üstün mövqe özünün real əksini tapmışdır.
Tariximizin həssas məqamlarında Azərbaycan xanımlarının göstərdiyi sarsılmaz iradə, əvəzsiz fədakarlıq, sonsuz vətənpərvərlik əsrlər ərzində ənənəyə çevrilmiş və milli dəyərimiz səviyyəsinə yüksəlmişdir.
Müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır.
Bu gün respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.
Yarandığı ilk gündən xeyirxahlıq və ümid məbədinə çevrilən Heydər Əliyev Fondu Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinə, gender bərabərliyinin təmin olunmasına mühüm töhfələr verir. Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi üçün müstəsna əhəmiyyət daşıyır.
Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər haqqında söz açdığımız Hicran xanım Hüseynavanın da şəxsiyyətində parlaq təcəssümünü tapır.
Arayış:
Hicran Hüseynova 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1972–1977-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. 1985-ci ildə dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi dərəcəsi alıb. 2001-ci ildə "Azərbaycan Avropa inteqrasiya sistemində" mövzusunda dissertasiyanı müdafiə edib və siyasi elmlər üzrə doktor dərəsi alıb. 2007-ci ildə isə Azərbaycanın Prezidenti yanında Ali Atestasiya Komissiyası tərəfindən ona professor adı verilib. 20-dən çox monoqrafiya, dərslik və elmi məqalənin müəllifidir.
1977–1988-ci illərdə Bakı şəhəri 189 saylı orta məktəbin müəllimi, 1988– 1993-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi, baş müəllimi, 1993– 2006-cı illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin dosenti, professoru, dekan müavini, 2000–2006-cı illərdə Bakı Dövlət Universiteti Elmi Şurasının sədri olmuşdur. 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının üzvüdür. 2006-cı ildən Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya kafedrasının müdiridir. 1999–2003-cü illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, 2006–2020-ci illərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışmışdır.
2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 41 saylı Sumqayıt I dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Hicran Hüseynova, 32,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Hicran Hüseynova, Milli Məclisin ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri oldu. Milli Məclisin deputatı səlahiyyətlərinin icrasına başlaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə azad edildi.
2024-cü il oktyabrın 8-də Azərbaycan — Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
12 avqust 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hicran Kamran qızı Hüseynova “Şöhrət” ordeni ilə təltif edilib
12 avqust 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədridir. Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Böyük Britaniya, Çin, Fransa, İtaliya, Koreya, Küveyt, Rusiya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
ATƏT-in və Avropa Şurasının gender üzrə ekspertidir.
Fransanın Milli Fəxri Legion ordeninə layiq görülmüşdür. Rus və ingilis dillərini bilir.
Hicran Hüseynova ailəlidir, 2 övladı var. Onun atası — Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olan Kamran Hüseynovdur.
Hicran xanım Hüseynova istər komitə sədri, istərsə də millət vəkili kimi fəaliyyətində qadın və uşaq problemlərinin həlli üçün var gücü ilə çalışmış, bu sahədə kreativ ideyaların, çoxsaylı səmərəli təşəbbüslərin müəllifi olmnuşdur.
Xanım millət vəkili qadınların böyük bir hissəsinin əmək bazarında aktiv iştirak edə bilməməsinin səbəblərindən biri kimi, məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığını göstərmiş, uşaq bağçalarının, eləcə də gün ərzində qayğı mərkəzlərinin sayının artmasını həm uşaqlarımızın inkişafı, həm də işin keyfiyyətinin artırılması, işçilərin övladları ilə bağlı qayğılarının azaldılması və məşğulluqda gender bərabərliyinin qorunması baxımından əhəmiyyətli saymışdır.
Qadınları sosial şəbəkələrə, pis vərdişlərə, dini sektalara, populist aksiyalara aludə olmamağa səsləyən Hicran Hüseynova qızların təhsildən yayındırılması, erkən nikaha daxil edilmələri kimi neqativ hallara qarşı mübarizənin önündə olmuşdur.
Ölkəmizdə həssas qrupların, xüsusilə valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərə mühüm töhfələr verən Hicran Hüseynova ali qanunverici orqanda bu kateqoriyadan olan şəxslərin hüquqlarının qorunmasına yönəlik təkliflərlə çıxış etmiş, mütərəqqi qanunların qəbulunda fəal iştirak etmişdir.
Mediada hansısa qadın və ya uşaq haqqında yer alan şou xarakterli məlumatlar Hicran xanımı narahat edir, qeyd olunan müstəvidə jurnalistlərə daha güclü treninqlərin keçirilməsinə ehtiyac olduğunu vurğulayır: "Mətbuatda qadın haqqında xəbər yazanda onun adını qabartmaq, yaşayış yerini açıq-aşkar yazmaq düzgün deyil. Sonra o qadın orada necə yaşayacaq, necə barışığa gedəcək? Bir dəfə də görməmişəm ki, o yazıdan sonra jurnalist nəticə çıxarsın. Faktı şişirdir və başqa da heç bir şey olmur. Bu tip xəbərlər qadınların sonrakı taleyinə mənfi təsir göstərir".
Qadınların sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində görülən tədbirləri alqışlayan Hicran Hüseynova bu fikirdədir ki, qadının iqtisadi baxımdan müstəqil və güclü olduğu ailələrdə normal mühit yaranır: “Həmin qadın maddi cəhətdən ailəsinə kömək edə bilir. Belə ailələrdə sağlam düşüncəli uşaqlar böyüyürlər. Təhsilli qadın hər zaman çalışacaq ki, uşaqları təhsil alsın, irəli getsin”.
Şəxsən bu sətirlərin müəllifi jurnalistika fəaliyyətində Hicran xanım Hüseynovaya birbaşa özləri və ya media üzərindən müraciət edən vətəndaşların, seçicilərinin problemlərinin tam və ya qismən həllinə nail olduqlarının dəfələrlə şahidi olmuşdur. Hicran xanıma pənah aparıb naümid qalmayan çoxsaylı vətəndaşların minnətdarlıq nidalarını eşitmişik. Elə son dövrlərdə vətəndaşlar – Axundova Xatirə Abdulməcid qızı, Xanbabayeva Sevil İslam qızı, Məmmədova Zümrüd Əsgər qızı problemlərinin müsbət həllinə köməklik göstərdiyi üçün millət vəkili Hicran Hüseynovaya qəzetimizin tribunasından təşəkkürlərini ifadə etmək üçün redaksiyamıza müraciət etmişlər.
Şübhə etmirik ki, özü bir Qadın-Ana kimi nümunə olan professor Hicran Hüseynova Azərbaycan Qadınının ölkəyə, dövlətə, cəmiyyətə daha çox xeyir verməsi naminə hələ çox iş görəcək, savab əməllərinin sırasını daha da artıracaqdır.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin Baş İstintaq İdarəsinə
Ədliyyə Nazirliyinin Baş İstintaq İdarəsinə
Hakim xəyanətinin illərlə axıtdığı göz yaşları
Hakim xəyanətinin illərlə axıtdığı göz yaşları
Əli Kərimlinin əmisi oğlunun törətdiyi cinayət ört-basdır edilir – Şəriki tam məsuliyyəti öz boynuna götürür
Əli Kərimlinin əmisi oğlunun törətdiyi cinayət ört-basdır edilir – Şəriki tam məsuliyyəti öz boynuna götürür
Dördüncü ildir pasport qeydiyyatına alınmayan vətəndaş yeni 2026-cı ildən nə gözləyir?
Dördüncü ildir pasport qeydiyyatına alınmayan vətəndaş yeni 2026-cı ildən nə gözləyir?
Sevir Vətənini səmimi-qəlbdən
Sevir Vətənini səmimi-qəlbdən
Hicran Hüseynova – Haqqın zərif gücünün təcəllası
Hicran Hüseynova – Haqqın zərif gücünün təcəllası
Böyük Bəhmənlidə yanğın: Müraciətlərə laqeyd yanaşan məmurların səhlənkarlığı ucbatından...
Böyük Bəhmənlidə yanğın: Müraciətlərə laqeyd yanaşan məmurların səhlənkarlığı ucbatından...
Nazirliyin vəzifəli şəxsi qeyri-leqal işə cəlb etdiyi fəhlənin pulunu vermir
Nazirliyin vəzifəli şəxsi qeyri-leqal işə cəlb etdiyi fəhlənin pulunu vermir