
2025-ci ildə neftçalalı fermerlərin aqrar sığorta barədə məlumatlandırılması
istiqamətində maarifləndirmə tədbirləri davam etdirilib. Bu silsilədən yaddaqalan
tədbirlərdən biri may ayının 8-də baş tutub. Həmin gün Neftçala Rayon İcra
Hakimiyyətinin və Aqrar Sığorta Fondunun birgə təşkilatçılığı və Neftçala Su
Meliorasiya Sistemlərinin İstismarı idarəsinin, Neftçala Dövlət Aqrar İnkişaf
Mərkəzinin, rayon ərazisində xam pambıq tədarük edən pambıq şirkətlərinin yerli
nümayəndələrinin, Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairəsi üzrə
nümayəndələrinin, bələdiyyə sədrlərinin, fermerlərin iştirakı ilə “aqrar sahədə
risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması” mövzusunda
Neftçala Rayon İcra Hakimiyyətində geniş tərkibdə maarifləndirmə tədbiri
keçirilib. Tədbir açıq elan edilməzdən öncə Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin
və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların
ruhu bir dəqiqəlik sükutla yad edilib.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın
təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev tədbiri giriş sözü
ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən tədbirlərdən biri kimi
2020-ci ildən fəaliyyətə başlayan aqrar sığorta mexanizminin inkişafından, aqrar
sığortadan faydalananlar arasında Neftçala rayonundan olan fermer və
təsərrüfatların mövcudluğundan, Neftçala rayonunun da eyni zamanda ölkəmizdə
böyük kənd təsərrüfatı potensialı olan və ümumilikdə bölgədə becərilən pambıq
məhsulunun daxili bazarla yanaşı, xaricə də ixrac edilərək ölkənin qeyri-neft
ixracına və iqtisadi rifahına öz töhfəsini verən rayonlardan biri olduğunu diqqətə
çatdırdı.
Aqrar Sığorta Fondunun Lənkəran-Astara, Salyan-Şirvan və Mil-Muğan üzrə
koordinatoru Rafət Əsgərov, aqrar sahədə baş verə biləcək risklərin, mənfi
təsirlərin aradan qaldırılması, müştərək sığorta mexanizmi vasitəsilə sığortalanma
işinin təşkili istiqamətində görüləcək tədbirlər barədə yığıncaq iştirakçılarına ətraflı
şəkildə məlumat verdi. Fermerlərlə təşviqedici görüşdə eyni zamanda onları
düşündürən, narahat edən məsələlər dinlənildi, qarşılıqlı fikir mübadiləsi aparıldı,
səsləndirilən təkliflər nəzərə alındı və bu istiqamətdə tədbirlərin görüləcəyi diqqətə
çatdırıldı. Maarifləndirmə tədbiri Xol Qaraqaşlı kəndində fermer Cəlal Əhədovun
pambıq sahəsində yerli sakinlərin, kənd təsərrüfatı məhsulları becərən torpaq
mülkiyyətçilərinin iştirakı ilə davam etdirildi, pambıqçılığın inkişafında aqrar
sığortanın rolundan, təbii fəlakətlər, yanğınlar, bitki xəstəlikləri və zərərvericiləri,
üçüncü şəxslərin hərəkətləri nəticəsində təsərrüfatlara dəyən zərərin aqrar sığorta
vasitəsilə kompensasiya olunmasından geniş söhbət açıldı. Aqrar sığortanın ölkədə
dayanıqlı kənd təsərrüfatı sisteminin qurulmasına mühüm dəstək göstərməsi,
fermerlərin bu istiqamətdə yaxından iştirak etməsi geniş şəkildə təşviq edildi.
Rayonun iqtisadi potensialı və mövcud imkanların reallaşdırılması üçün
dövlətin dəstək alətləri səlis işləyir
08 iyul 2025-ci il tarixdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı ilə sahibkarlarla növbəti görüş Neftçala rayonunda keçirilib. Neftçala
Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş görüşdə kənd təsərrüfatı,
sənaye, balıqçılıq, pambıqçılıq sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar,
eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonun iqtisadi potensialı və
mövcud imkanların reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə ətraflı
məlumat veriblər. Bildirilib ki, Neftçala təbii resursları, sənaye potensialı və kənd
təsərrüfatı imkanları ilə istehsal, emal və ixraca yönəlik fəaliyyət üçün əlverişli
imkanlar təklif edən rayondur. Burada müxtəlif güzəştlər təklif edən Neftçala
Sənaye Məhəlləsinin imkanlarından istifadə etməklə istehsalın qurulması, müasir
texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlığa nail olmaq, balıqçılıq və dəniz
məhsulları üzrə yerli brendlər yaradaraq ixracyönlü fəaliyyət üçün imkanlar
genişdir. Neftçalada kənd təsərrüfatı məhsullarının yerində emalı əlavə dəyər
yaratmaq üçün geniş potensiala malikdir. Diqqətə çatdırılıb ki, dövlətin təqdim
etdiyi dəstək mexanizmləri barədə məlumatlı olmaqla sahibkarlar rayondakı biznes
imkanlarını daha sürətli və səmərəli reallaşdıra bilərlər. Biznes sahəsindəki
yeniliklər, dövlət dəstəyi alətləri barədə məlumatlandırma, əlaqələndirmə və
məsləhət xidməti üçün sahibkarlar KOBİA-nın bölgədə fəaliyyət göstərən KOB
dostu ofislərinə müraciət edə bilərlər.
Tədbir çərçivəsində sahibkarların torpaq təyinatının dəyişdirilməsi, balıqçılıq
təsərrüfatının genişləndirilməsi, biznes fəaliyyətinin maliyyələşdirilməsi və digər
məsələlərlə bağlı fikir, təklif və ehtiyacları dinlənilib, müvafiq məsələlər ətrafında
müzakirələr aparılıb, sualları cavablandırılıb.
Həmçinin, KOBİA nümayəndələri Neftçala Sənaye Məhəlləsində fəaliyyət
göstərən "AzProduct" MMC-nin balıq emalı və “KƏHF” MMC-nin balıq yemi
istehsalı müəssisələrində olub, istehsal prosesi və gələcək planları ilə bağlı
sahibkarlarla fikir mübadiləsi aparıblar.