
Dövlətimizə və xalqımıza sədaqət andı içib vəzifələrinin icrasına başlayan hər bir
polis əməkdaşının fəaliyyəti xalqa xidmət funksiyalarının yerinə yetirilməsinə,
polisin nüfuzunun artmasına yönəlmişdir. Üzləşdikləri çətinliklərə baxmayaraq,
ömrünü polis peşəsinə bağlayanlar alçaldılmanı, qanunları pozmağı, rütbələrinin
aşağı salınmasını öz şərəflərinə sığışdırmayıblar. Məhz belə əsl polislərin -
peşələrinə sidq-ürəklə bağlı olanların, dövlətçiliyin marağını daim üstün tutanların,
torpağı uğrunda şəhid olanların sayəsindədir ki, ölkəmizdə vətəndaşların
təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri beynəlxalq təşkilatlar,
dünya dövlətləri də yüksək dəyərləndirir. Bu səbədəndir ki, bu gün Azərbaycan
çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə,
dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır.
Xidməti fəaliyyəti heç də yalnız xoşməramlı xarici qonaqların layiqli səviyyədə
qarşılanmasından ibarət olmayan polisin işinə az-çox bələd olanlar bilir ki,
qloballaşmanın təkcə müsbət deyil, zərərli təsirlərinin də get-gedə daha çox hiss
olunduğu indiki zamanda sabitliyi, ictimai asayişi təmin etmək necə ağır zəhmət
hesabına başa gəlir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və şəxsən cənab nazir Vilayət
Eyvazov, Nazirliyin vacib strukturlarından olan Baş Dövlət Yol Polisi İdarəsinin
rəisi, polis general-mayoru cənab Ramiz Zeynalovun şərəfli polis zabiti kimi
xidməti də, həyat yolu da təkcə polis peşəsini seçmiş cavan kadrlara deyil,
ümumiyyətlə, dövlətə, dövlətçiliyə xidmət etməyi özünə həyat kredosu etməyi
düşünən bütün gənclərə örnəkdir. Onun zəngin karyerası və xalqımız, dövlətimiz
tərəfindən yüksək qiymətləndirilən xidməti fəaliyyəti barədə məlumatları əlçatan
informasiya resurslarından öyrənmək asandır. Bununla belə ən vacib olanlarını
xatırlatmağı özümüzə borc bilirik.
Arayış: Zeynalov Ramiz Məhəmmədəli oğlu 1951-ci il fevralın 19-da Tovuz
rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Qovlar qəsəbəsi
orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki
ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov
filialını bitirmişdir.
Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad
İnstitutunda elmi işçi kimi başlamışdır. 1974–1975-ci illərdə sovet ordusu
sıralarında hərbi xidmətdə olmuşdur. 1975-ci ildən yenidən həmin institutda
fəaliyyətini davam etdirmişdir.
1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilmişdir. 1976-cı ildən
Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində
əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat
Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə
isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində
çalışmışdır. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə
"polis general-mayoru" rütbəsi verilmişdir. 1995-ci ildə "İgidliyə görə" medalı,
2006-cı ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Ailəlidir, bir övladı və 3 nəvəsi var.
Polis general – mayoru Ramiz Zeynalov əməkdaşlardan tələb edir ki, hərəkət
iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına
ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar. Eyni zamanda,
sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah
olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada
biləcək digər hallara yol verilməməlidir. İdarə rəisi başlıca vəzifənin hərəkət
iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və
tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil
qəzalarından qorunması kimi vacib və şərəfli vəzifələrin icrasını həyata keçirmək,
yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaq
olduğunu bildirir.
Cəmiyyət bir çox hallarda DYP əməkdaşlarının xeyirxahlığına dəlalət edən
hadisələrin şahidi olur və alqışlayır. Qeyd olunmalıdır ki, yol polisi işçiləri
xeyirxahlıq müstəvisində nümunəni məhz BDYPİ rəsi, general-mayor Ramiz
Zeynalovdan götürürlər. Xatırlayırsınızsa, məhz R. Zeynalovun göstərişi ilə DYP-
nin şəhərlərarası bütün stasionar postlarında sürücülərin qısa müddətli istirahəti
üçün şərait yaradıldı. Bu addım yorğun və yuxulu sürücülərə kömək etmək
məqsədi ilə atıldı və yol polisinin guya sürücülərin yol hərəkəti qaydalarını
pozmasında maraqlı olduqları barədə dolaşan söhbətlərin hədyan olduğunu
göstərdi. Onu da bilmək lazımdır ki, "Yol hərəkəti haqqında" qanuna əsasən
yorğun halda avtomobili idarə etmək qadağandır.
Yol polisi həm də gələcəyimiz olan uşaqlarımızın əlindən tutur. Yol hərəkətinin
təhlükəsizliyinin, yeraltı və yerüstü piyada keçidlərindən istifadənin vacibliyinin
məktəblilər arasında təbliğinin təşkil edilməsi məqsədilə daxili işlər orqanları
tərəfindən ümumtəhsil müəssisələrində şagirdlər arasında praktik təlimlər həyata
keçirilir. BDYP-nin əməkdaşları orta məktəblərdə şagirdlərlə görüşlər keçirir,
məktəblilərə piyada keçidlərindən istifadənin əhəmiyyəti barədə maarifləndirici
məlumatlar və yol qəzalarının baş vermə səbəbləri mövzularında nəzəri biliklər
verirlər. BDYPİ-nin həyata keçirdiyi bu layihənin məqsədi yol qəzalarında insan
itkisinin qarşısını almaq, işıqforun nizamlayıcısına, piyada keçidinə diqqət çəkmək,
yol hərəkəti təhlükəsizliyi şüurunu qazandırmaq və maarifləndirmə işləri
aparmaqdır.
Baş Dövlət Yol Polisi İdarəsi öz əməkdaşlarının hərtərəfli hazırlıq səviyyəsinin
daim yüksək həddə saxlanılması ilə qayğılanır. Ölkəmizdə gənclərə, idmana
göstərilən dövlət qayğısının nəticəsində Azərbaycan təmsilçiləri idman aləmində
sayılıb-seçilən, ən güclülərdən hesab olunurlar. İstər ölkəmizdə keçirilən
yarışlarda, istərsə də beynəlxalq arenalarda əldə edilən uğurların da əsasında məhz
dövlətimizdə idmanın inkişafı, yetişməkdə olan gənc nəslin sağlam böyüməsi üçün
yaradılan şərait durur. Qeyd etmək lazımdır ki, bu uğurların qazanılmasına polis
idmançıları da əhəmiyyətli töhfələr verirlər. Daxili İşlər Nazirliyinin bütün
strukturlarında olduğu kimi, BDYPİ də öz əməkdaşlarının respublika və
beynəlxalq səviyyəli idman yarışlarında iştirakını təmin edir.
Yol polisi ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbirlərin təşkilinə əhəmiyyətli
dəstək verir. 2024-cü ildə paytaxtımızda keçirilən COP 29 tədbiri ilə əlaqədar
şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkildi ki,
həmin zolaqlarla tədbir müddətində operativ və oyunlara cəlb edilmiş avtomobillər
istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olundu. Bununla
əlaqədar Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin
olunması məqsədi ilə Baş DYP İdarəsi paytaxtın mərkəzi hissəsində yerləşən idarə,
müəssisə, təşkilat rəhbərlərindən, habelə həmin ərazilərdə müxtəlif sahələr üzrə
fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən xahiş etdi ki, tədbirin keçiriləcəyi
ərəfədə özlərinə və işçilərinə məxsus nəqliyyat vasitələrinin yalnız yolların hərəkət
hissələrindən kənarında yerləşən duracaqlarda saxlanılmasını təmin etsinlər. İş
yerlərinin yaxınlığında belə duracaqları olmayan şəxslərə isə həmin günlərdə
ictimai nəqliyyatdan istifadəyə daha çox üstünlük vermələri tövsiyə olundu. Baş
DYP İdarəsinin paytaxtımızda keçirilən bu mühüm tədbir zamanı bütün hərəkət
iştirakçılarını yol qaydalarına ciddi riayət etməyə və yollarda həmrəy olmaq
çağırışı hərəkət iştirakçıları tərəfindən anlaşıqla qarşılandı və əməl edildi.
30 ildən çoxdur ki, hazırki vəzifəsində çalışan general Ramiz Zeynalovun şəxsi
nümunəsi əsasında yol polislərinin bütöv bir nəsli yetişmişdir. Bu nümunə əsasında
yetişmiş yol polisi müfəttişi kənardan necə görünür?: Hadisə yerində tibb işçiləri
olmadıqda xəsarət alan şəxslərə ilk tibbi yardım göstərir. Xəsarət alanı qayğı ilə
nəqliyyat vasitəsindən və ya yol kənarından təhlükəsiz yerə köçürür, onu
meteoroloji təsirlərdən qoruyur və sair sadə tədbirlərlə xəsarət alana yardım edir;
güclü qanaxma zamanı jqut qoyur və yaranı steril sarğı ilə sarıyır; tənəffüs
pozulduqda və ürək dayanması müşahidə olunduqda süni tənəffüs verir və ürəyi
masaj edir, sınığa xüsusi şinlər qoyur. Müfəttiş hadisə yerinə tə’cili yardım
avtomobili çağırmaq mümkün olmadıqda xəsarət alanı xidməti və ya başqa
nəqliyyat vasitəsilə tibb müəssisəsinə çatdırır. Müfəttiş hərəkətin digər
iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etməli, onlarla ünsiyyətdə insanın şərəf
və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməməlidir. O, hərəkət
iştirakçılarına cənab (xanım) sürücü (piyada və s.) və vətəndaş deyərək müraciət
edir. Qanun pozuntusu barədə iradları valideynlərə uşaqlarının yanında bildirmir.
Müfəttiş yolda məcburi dayanmış nəqliyyat vasitəsi sürücülərinə dayanmanın
səbəblərinin aradan qaldırılmasında kömək edir. O, lazım gəldikdə digər hərəkət
iştirakçılarını da yardım göstərilməsinə cəlb edir. Ümumi istifadədə olan nəqliyyat
vasitəsi texniki nasazlıq səbəbindən dayandıqda onun sərnişinlərini müfəttiş eyni
istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələri ilə yola salır. Müfəttiş yolu keçmək
istəyən qocalara, əlillərə və uşaqlara köməklik göstərir. Uşaqların tədris ocaqlarına
və geriyə hərəkəti zamanı müfəttiş yolun qəza təhlükəli sahələrində olur, onların
təhlükəsizliyini tə’min edir və s.
İnsan belə qəhrəmanlarla rastlaşan kimi dərhal insanın ürəyi nəcib duyğularla,
fəxarət hissi ilə dolur. Yol polisinin qayğılı münasibətindən yararlanan hərəkət
iştirakçıları xilaskarlarına minnətdarlıqlarını ifadə etmək üçün yüksək tribuna
axtarır, bu məqsədlə KİV-ə üz tuturlar. Həqiqətən də belə nümunəvi polis
əməkdaşlarının məmnunluq doğuran əməlləri barədə xoş sözlər eşidəndə “Mən
xalqımın xidmətçisiyəm” deyən möhtərəm Prezidentimiz İlham Əliyev cənabının
tövsiyələrinin ibrətamiz təsir gücü, əhəmiyyəti bir daha təsdiqlənir.
Çox hörmətli generallarımızı - cənab nazir Vilayət Eyvazovu, idarə rəisi Ramiz
Zeynalovu və onların timsalında Azərbaycan Polisini 31 dekabr – Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, onlara
həyatda və xidməti fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, qüvvədə olan
qanun və qaydalara, rəhbərliyin əmr və tövsiyələrinə layiqincə əməl edən asayiş
keşikçilərimiz bundan sonra da daha şövqlə çalışacaq, üzərlərinə düşən vəzifələrin
öhdəsindən layiqlə gələcəklər.