AMEA-nın Dilçilik İnstitutu və Orfoqrafiya Komissiyası məhkəmə qərarlarının mətnlərinin də monitorinqini keçirməlidir - Bəlkə ayıbları qismən ötrülə
*
Əkbər Sadıqov qızı və nəvələri ilə
Məhkəmə qərar verib ki, Sadıqova Narıngül və uşaqları hazırda yaşadıqları bu "ev"dən də çıxarılsın.
Şək: "Göydə Allaha, yerdə öz Prezidentimə güvənirəm"
Masallı rayonunun Ərəb kənd sakini Sadıqov Əkbər Zərbalı oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdir ki, qızı Sadıqova Narıngülün boşanma prosesində onun pozulmuş hüquqlarının bərpası üçün köməklik göstərilməsini, problemin ictimailəşdirilməsini xahiş etmişdir.
Xatırladaq ki, bu məsələ hələ keçən ilin oktyabr ayından qəzetimizin diqqətindədir və oxucularımızın müzakirəsinə verilib. Bu mövzuda artıq bir dəfə qəzetimizdə "Qızımın bu vəziyyətə düşməsinin səbəbkarı doğma əmisidir, yad deyil..!" sərlövhəli, "Göydə kəsilmiş" nikahı tanımayan Şirvan Apellyasiya Məhkəməsinin "dırnaqarası" qətnaməsi" yarımbaşlıqlı məqalə də dərc olunmuşdu. Həmin məqalədən bəzi sitatların altını cızmaq istəyirik:
"Məlum edirəm ki, 2006-cı ildə qızım Sadıqova Narıngül Əkbər qızı Sadıqov İttifaq İsabala oğlu ilə qeyri-rəsmi ailə qurmuşdur. Qeyri-rəsmi nikahdan iki övladı (bir qızı, bir oğlu) dünyaya gəlmişdir. Qızımla İttifaq 2006-cı ildən 2017-ci ilə qədər birgə yaşayıblar. Bu dövrlərdə şəraiti yaxşılaşdırmaq məqsədi ilə dədə-baba yurdlarında ev tikmək qərarına gəliblər. Əvvəlcə tövləyə bənzər yerdə yaşayırdılar. Son vaxtlar heç bir ciddi səbəb olmadan qızımla əri arasında münaqişələr yarandı. Evi tikib qurtarandan sonra həmin evə bir qadın gətirdi. İki ay da həmin qadınla yaşadıqdan sonra onu o qədər incitdi ki, İttifaq evdə olmayanda o da evdən qaçıb getdi..."
Şikayətçi ata yazırdı ki, qızı bu vəziyyətə dözməyib 2017-ci ilin fevral ayında Masallı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qaydasında uşaqların atasının kimliyi müəyyən olunmuş və onların anası ilə birlikdə təzə evə köçürülməsi qərarı verilmişdir. Lakin qızın qaynatası, yəni Əkbər Sadıqovun qardaşı İsabala Sadıqov birinci qarşılıqlı iddia ərizəsi ilə instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi isə 07 iyun 2017-ci il tarixli qətnaməsi ilə Masallı rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini qət etmişdir:
"Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Sadıqova Narıngül Əkbər qızı azyaşlı uşaqları ilə birlikdə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Sadıqov İsabala Zərbalı oğlunun xüsusi mülkiyyətində olan Masallı rayonunun Ərəb kəndindəki 86, 8 kv. m. fərdi yaşayış evindən və 0, 39 ha torpaq sahəsindən çıxarılsın. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Sadıqov İsabala Zərbalı oğlu xüsusi mülkiyyətində olan Masallı rayonunun Ərəb kəndində 0, 39 ha torpaq sahəsində yerləşən 86, 8 kv. m. fərdi yaşayış evinə köçürülsün. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Sadıqova Narıngül Əkbər qızının cavbdeh, qarşılıqlı iddia üzrə iddiaçı Sadıqov İsabala Zərbalı oğluna və cavabdeh Sadıqov İttifaq İsabala oğluna qarşı "evə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi" tələbinə dair qarşılıqlı iddiası rədd edilsin".
İş materiallarından görünürdü ki, apellyasiya məhkəməsinin əsas istinad nöqtəsi tərəflər arasında rəsmi nikahın olmaması və Narıngülün gəlin köçdüyü evin ayrıldığı əri İttifaqa deyil, onun atasına məxsus olmasıdır. Diqqətiçəkəndir ki, Şirvan Apellyasiya Məhkəməsi çıxardığı qətnamədə "gəlin köçdüyü" sözlərini dırnaq işarəsi altında yazmışdır.
Qızının və nəvələrinin aqibətindən, qardaşının və qardaşı oğlunun dönüklüyündən məyus olan Əkbər Sadıqov o vaxt yenicə müalicə etdiyi Ali Məhkəmədən ədalətli qərar gözləyirdi. Lakin Ali Məhkəmənin Mülki Kollegiyasının 27 oktyabr 2017-ci il tarixli Qərarı onu bir daha məyus etmişdir. Ali Məhkəmə onun kassasiya şikayətini təmin etməmiş, apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Qərardan görünür ki, Ali Məhkəmənin Mülki Kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsinin mətnini olduğu kimi köçürmüş, hətta hərf və üslub səhvlərini də dəyişdirilmədən saxlamışdır. Belə çıxır ki, ali instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mətninin elektron formasını alaraq olduğu kimi köçürmüş, əvvəlki mətndə ter alan "gəlin köçdüyü" sözlərini dırnaq işarəsi altından çıxarmağa belə zəhmət çəkilməmişdir. Bir daha bəlli olur ki, yuxarı instansiya məhkəmələrinin aşağı instansiya məhkəməsində qəbul olunan qərarları dəyişməsinə sağlam mühakimə deyil, başqa meyar təsir edir. Belə çıxır, AMEA-nın Dilçilik İnstitutu və Orfoqrafiya Komissiyası məhkəmə qərarlarının mətnlərinin də monitorinqini keçirməlidir. Bəlkə ayıbları qismən ötrülə.
Qeyd: Masallıda yaşanan bu insanlıq dramı barədə video-reportaj qəzeytin internet saytında yerləşdirilib.
Amid Şüküroğlu