5 ildən artıq işlədiyim Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından qanunsuz olaraq işdən azad olunmuşam. Poliklinikaya yeni təyin olunan rəis Mehriban Quliyeva gələn gündən “təmizləmə” işləri aparır. 40 nəfərdən artıq işçini işdən çıxarıb, boşalan yerlərə isə rüşvət alaraq yeni işçilər götürür”. Bunu virtualaz.org saytının redaksiyasına gələn şikayətçi - 2010-cu ildən poliklinikada təsərrüfat bacısı vəzifəsində çalışan Nigar Kazımova bildirib. 4 banka 20 min manata yaxın kredit borcu olduğunu deyən N.Kazımovanın sözlərinə görə, poliklinikadan aldığı 280 manat maaşla həm ailəsini dolandırıb, həm də borcunu ödəyib.
Şikayətçi bildirir ki, M.Quliyevaya yalvararaq işdən çıxarmamasını xahiş etsə də, heç bir xeyri olmayıb: “Dedim ki, necə deyirsiniz, elə işləyim, harada istəyirsiniz, oturum, amma məni işdən çıxarmayın. Çünki bu işə çox ehtiyacım var. Həyat yoldaşım işləmir, oğlum hərbi xidmətdə idi, qızım tələbədir. Həmişə işimdə fəxri fərmanlarımla seçilmişəm. Səhər 6.30-dan işdə olmuşam, şəxsi heyət gələnə qədər hər yeri silib-süpürüb təmizləyirdik. İşimizdə heç bir qüsur yox idi. Amma yeni rəis heç nəyə baxmadı, məni işdən çıxardı, əvəzimə 500 manat alaraq başqa bir işçini qoydu. Səbəb isə göstərmədi, dedi ki, məndə müdafiə nazirinin əmri var, kimi istəsəm çıxararam, kimi istəsəm saxlayaram. Amma əmək kitabçamda qeyd olunub ki, ştat ləğv olunduğuna görə işdən azad olunmuşam”. Onunla yanaşı, həmin vaxt 34 həkimin işdən azad olunduğunu deyən şikayətçinin sözlərinə görə, onlar hamısı saxta sənədlə işdən azad olunublar. Əslində ştatın ləğv olunması ilə bağlı nazirin əmri yoxdur.
Buna görə Nəsimi Rayon Məhkəməsinə müraciət edən N.Kazımova bildirir ki, məhkəmə onun xeyrinə qərar çıxarıb: “Mən məhkəmədə tələb etdim ki, ştatın ləğv olunması ilə bağlı əmri göstərsinlər. Bir saxta əmr göstərdilər, amma orada nə nazirin imzası, nə də möhürü var idi. Məhkəmə mənim xeyrimə qətnamə çıxardı və işimə bərpa elədi. Amma saxta sənədlə məni Apellyasiya Məhkəməsinə verdilər, Apellyasiya Məhkəməsi də mənim xeyrimə qərar çıxardı. Hazırda kassasiya şikayəti verilib. Apellyasiya qətnaməsi qüvvəsini almamış bu dəfə Baş Qərargah rəisinin əmri ilə məni yenidən işdən çıxardılar. Mənə məktub gəldi ki, 22 sentyabrdan 31 dekabra qədər işə bərpa edirlər. Belə çıxır ki, poliklinikada həmin vaxtda ştat olub. Demək, M.Quliyeva saxta sənədlə məni işdən çıxarıb. Bununla bağlı bir də onu məhkəməyə verdim, bir də qətnamə çıxdı və barəsində tədbir görülməsi üçün hakimin qərarı nazirliyin Tibb Baş İdarəsinə göndərildi. Amma orada həmin qərar gizlədilərək ört-basdır edilib”.
Bütün istansiyalara müraciət etdiyini deyən N.Kazımovanın sözlərinə görə, prezidentin müdafiə məsələləri üzrə köməkçisi Məhərrəm Əliyevin,Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın, Respublika Hərbi Prokuroru Xanlar Vəliyevin, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin qəbulunda olub. Amma şikayət baxılması üçün xüsusi nəzarətlə yenidən Müdafiə Nazirliyinin hüquq idarəsinə göndərilir və idarəsinin rəisi N.Kazımovanın tam qanuni olaraq işdən çıxarılması ilə bağlı cavab verir.
“Ötən ay müdafiə nazirinin I müavini, şəxsi heyət üzrə baş idarə rəisi Kərim Vəliyevin də qəbulunda oldum. Dedi ki, narahat olmayın, nazirə bu barədə bildirəcəyəm. Amma ona da yol tapdılar. Bizi 2 gün əvvəl çağırıb həmin saxta sənədi göstərdi ki, qanuni olaraq işdən çıxarılmışıq. Dedi ki, siz nazirlikdə başqa işə keçiriləcəksiniz. Belə çıxır ki, Müdafiə Nazirliyinin Hərbi Poliklinikasında qanunlar işləmir? 285 manat alırdım. Hər nədirsə, bu işə ehtiyacım var. 51 yaşım var, bundan sonra harada iş tapacağam? M.Quliyeva 10-15 ilin işçiləri ilə müqaviləni ləğv edir, 3 aylıq müqavilə bağlayır. Bütün işçilər qorxurlar, çünki hamının borcu var, işlərini itirə bilərlər. Məni pis kimi təqdim etmək üçün sanitarların dilindən haqqımda şər xarakterli izahatlar alır. Həkimləri 20 min manata, tibb bacılarını 4-5 min manata işə götürür. Ona görə də, köhnə işçiləri yola salır. Axı poliklinika onun özəl müəssisəsi deyil. Əgər həkim çıxır və yerinə həkim təyin olunursa, bu necə ixtisardır? Belə çıxır ki, məhkəmə qətnaməsi poliklinikada keçmir. Halbuki, məhkəmə qətnaməsində də göstərilib ki, həmin ştat ləğv olunmayıb. Bu xanıma isə heç kim cəza vermir...”
Problemlə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi tibb xidməti polkovnik-leytenatı Mehriban Quliyevanın virtualaz.org-a bildirdiyinə görə, hazırda N.Kazımova tərəfindən məhkəməyə verilib və məhkəmə qərarları icraatdadır: “O xanım məhkəməyə müraciət edib. Qərar icraatdadır. Düzdür, N.Kazımovanın işlədiyi ştat ixtisar olunub. Amma o, başqa bir işə göndəriləcək”. Poliklinika rəisi haqqında həkimlərin və tibb bacılarının rüşvət alınaraq işə götürülməsi ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Həmin qadın çox şey deyə bilər. Bunu araşdırmaq isə hüquq-mühafizə orqanlarının işidir. Başqa heç nə deyə bilmərəm”.