Həmin gün, 2009-cu il oktyabrın 13-ü Moskvanın mərkəzində yerləşən “Vaqankovskaya” qəbiristanlığının ətrafını OMON tam mühasirəyə almışdı. Əzizlərinin qəbrini ziyarətə gəlmiş qoca nənələri belə içəri buraxmırdılar. Həm polis, həm də dəfnə rəhbərlik edən “Ded Xasan” ən yüksək səviyyədə təhlükəsizlik tədbiri görmüşdülər. Amma heç kimin xəbəri yox idi ki, dəfnə xüsusi olaraq iki nəfər killer də göndərilib. Dəfn başa çatandan sonra isə onlar öz missiyalarını həyata keçirəcəklər. Killerlər dəfnə Ramizi, “Qorbatı Ramiz”i vurmaq üçün göndərilmişdilər. Vurdular da…
Bunu da oxu: Lotu Hikmətin “Dayı”sı, Ded Xasandan əmr, “Qorbatı”nın heyrətamiz sonu... – I YAZI
“Çox ağır yer idi Şuşa türməsi. Təsəvvür edin, o qədər də böyük olmayan bu həbsxanada 800-900 adam saxlanılırdı. Özü də “qırmızı zon” sayılırdı. Ora nə düz-əməlli yemək aparmaq olurdu, nə də hansısa sovqat. Dustaqlara da olmazın əziyyət verirdilər. Dustaqların arasında böyük hörməti vardı Ramizin. Həbsxanadakı özbaşınalığı, ədalətsizliyi görürdü, mübahisə edirdi. Buna görə də tez-tez karserə salınırdı”.
Ramizin məhkəməsi bir aya yaxın çəkdi. O vaxtkı qanunlara görə, onu ölüm cəzası gözləyirdi. Amma istintaq düz-əməlli heç nəyi sübut edə bilməmişdi. Elə prokuror da hökm oxuyanda güllələnmə cəzasından vaz keçdi. Ramiz Fərzəliyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Hakim isə bir gün belə aşağı düşmədi. Fərzəliyev 15 il müddətinə azadlıqdan məhrum edildi. Ramizi Azərbaycanda çox saxlamırlar. O, Saratov şəhərində yerləşən 1 saylı cəzaçəkmə müəssisəni etap olunur. Düz 10 il orada cəzasını çəkir. Burada o, “Çikun” ləqəbli İqor Çikunov və “Xapala” ləqəbli Vladimir Xapalovla tanış olur. Bu həmin “Xapala”dı ki, 90-cı illərdə Saratova nəzarət edirdi. Onunla hətta yerli hakimiyyət orqanları belə hesablaşmaq zorundaydılar.
Yaxın qohumunun dediklərindən: “Atası yanına gedirdi tez-tez. Evdəkilərdən isə heç nə istəmirdi. Bircə onu deyirdi k, mənə çoxlu kitab göndərin. Ya yanına gedəndə, ya da bağlamayla ona kitablar göndərirdik. Sizə bir maraqlı məqamı da deyim. O, bütün rus ədəbiyyatını oxumuşdu. Rus dilində təhsil almışdı deyə, əsasən bu dildə oxuyurdu. O azadlığa çıxanda Saratovda böyük bir kitabxanası qaldı. Həmin kitabxana hələ də o türmədədi”.
Ramiz 1992-ci ildə azadlığa çıxıb Sabirabada qayıdır. Artıq əmisi oğlu Hikmət Muxtarov kriminal aləmdə söz yiyələrindən biriydi. “Sabirabadlı Hikmət” kimi keçmiş SSRİ-də tanınırdı. Amma maraqlısı odur ki, Hikmət ona “Dayı” deyirdi. Ümumiyyətlə, bu dayı məsələsi də maraqlı mövzudur. “Təkcə Hikmət yox, çoxları onu “Dayı” deyə çağırırdı. Ona “Qorbatı” ləqəbini belində bir balaca əyrilik olduğuna görə veriblər. Amma Saratovda türmədə yatanda ləqəbi “Kobra Ramiz” olub”.
Həmsöhbətimiz bir məqama da toxunur. Dediyinə görə, həmin illərdə bir neçə sabirabadlı gəncin meyitinin ermənilərdən alınıb verilməsində onun böyük xidmətləri olub. “Sərdar Həmidovla da arası yaxşıydı. Atası Əliheydər müəllim Bakıda xəstəxanada yatırdı, Sərdar da, qardaşı İsgəndər Həmidov da ona baş çəkməyə gəlmişdi. O da yadımdadı ki, 93-cü ildə Sürətin dəstəsi rayonlarda icra hakimiyyətlərini devirəndə, ona xəbər göndərmişdi. Surətə demişdi ki, çalış, Sabirabada tərəflərə fırlanma. Yadımdadı, Sürətin dəstəsi Hacıqabuldan geri dönmüşdü”.
Ramiz Saratovdan gələndən, dustaqlığa son qoyandan sonra bir daha həbsxana həyatı yaşamadı. Amma kriminal avtoritetlər arasında böyük nüfuz sahibi idi. Həm Hikmət, həm rəhmətlik Lotu Bəxtiyar, sonradan Masallı Mamedin özü belə ona qanuni oğru adı verilməsini təklif ediblər. Amma hər dəfə etiraz edib. Oğru dünyasındakı tanınmışlara məsləhətlər verən “Dayı” özü “oğru” ləqəbini götürməkdən imtina etmişdi. “Heç nədə gözü yox idi. Amma əvəzində başına and içdikləri dostları var idi. Həmişə deyirdi, mənim bütün varlığım sizlərsiniz. O, adının və hörmətinin pula görə zədələnməsini istəmirdi.
Həmin dövrdə Azərbaycanda “obşak”a nəzarət onun ixtiyarında olub. Ramiz uzun müddət “obşak”a nəzarət edib. Bir də Biləcərili Qurban olub. Onlar çox təmiz və ədalətli olduqlarından “obşak” onlara tapşırılmışdı. Yəni hamı bilirdi ki, yığılan pullar qəpiyinə qədər ədalətlə xərclənir”, - deyir həmsöhbətimiz. 2001-ci ildə doğmalarının, dostlarının təklifi ilə evlənir. Bir qızı olur. Adətən Moskvada qərar tutur. Çünki bu şəhərdə çoxlu dostları vardı.
Elə Lotu Hikmət də məhz Moskvada yaşayırdı deyə, bu amilin də təsiri vardı. ”Çox hissiyyatlı adam idi. Anası rəhmətə gedəndə hamını evdən çıxarıb cənazəylə bir saat bir yerdə qaldı. Çıxanda ağlamaqdan üz-gözü şişmişdi. Təskinlik verdik. Qayıtdı ki, anamdan üzr istəyirdim, ona əziyyət verdiyimə görə”.
2006-cı ilin aprelində “Sabirabadlı Hikmət” və “Culfalı Bayram” Moskvada öldürüldü. Bu qətl azərbaycanlı kriminal avtoritetlər arasında çaşqınlığa səbəb oldu. Yeni liderin kim olacağı, başqa kriminal qruplaşmalarla əlaqələr sual altındaydı. Məhz belə bir vaxtda “Qorbatı Ramiz” bu çaşqınlığın qarşısını ala bilir. “Dayı” Masallı Mamedin üzərində dayandı...
Amma eyni zamanda onu başqa bir məsələ narahat edirdi. Rusiya hüquq-mühafizə orqanları Hikmətin qətlinin üstünü açmaqda sanki maraqlı deyildilər. Günün günorta vaxtında, Moskvanın mərkəzi küçələrindən olan “Leninqrad prospekti”ndə iki nəfər-özü də kriminal avtoritetlər qətlə yetirilmişdi. Və maraqlıdır ki, bu cinayət indiyədək açılmayıb.
Hikmət və Bayram kriminal “razborka”larınmı qurbanı olub, ya bu tamam başqa bir səmtdən gələn qətllər idi, hələ də məlum deyil. Amma “Qorbatı” bu cinayətin axırına çıxmaq qərarına gəlir. İşə hətta “Yaponçik” belə qoşulur. Sonradan “Yaponçik”in özü də qətlə yetirilir. Amma Ramiz cinayətkarların izinə düşə bilir. Və hər şeyin məlum olacağını az qalmış… yoxa çıxır.
***
...Onu evdən çıxanda vurmuşdular. 5 güllə dəymişdi. Soyuq qış günündə baş vermişdi qətl. Və həmin vaxtdan onun meyitini tapmaq mümkün olmamışdı. Dostları, yaxınları, onun itkin düşdüyünü bilib, gəzmədikləri yer qalmamışdı. Morqları, xəstəxanaları, təcridxanaları belə. Ramizin meyiti bir də 9 ay sonra, qar əriyəndə tapılmışdı… Onu Sabirabadda dəfn etdilər, böyük təntənəylə. Bir ildən sonra isə elə anadan olduğu Kürkəndi qəbiristanlığında böyük qəbirüstü abidəsi qoyulur, Sabirabadlı Hikmətin məzarının yanında…