Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rusiya vətəndaşı İslam İbrahimov və qeyri-rəsmi nikah münasibətində olduğu Nigar Saqıyevanın məhkəmə prosesi keçirilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib, zərərçəkmiş şəxslərdən biri ifadə verib.
İttiham aktında qeyd edilir ki, İslam İbrahimov bir neçə nəfərdən torpaq sahələrinə sənəd düzəltmək, ticarət obyektlərinin eskiz layihələrini təsdiqlətmək adı ilə külli miqdarda pul alıb. Verdiyi vədlərə əməl etməyən İ.İbrahimov aldığı pulları geri qaytarmayıb.
Bu işdə ona qeyri-rəsmi nikah münasibətində olduğu Bakı sakini Nigar Saqıyeva da kömək edib. Tərəflərin şikayəti əsasında həbs edilən İ.İbrahimov və N.Saqıyeva barəsində Cinayət Məcələsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
Rusiya vətəndaşı olan İslam İbrahimov Bakı şəhər sakini Feyruz Babayevin ofis və ticarət mərkəzi tikmək istədiyini öyrənib və eskiz layihəsinin təsdiq edilməsi üçün Bakı Şəhər İcra hakimiyyətində olan tanışları vasitəsi ilə bu işi görə biləcəyini deyib.
Bu məqsədlə F.Babayevdən əvvəlcə 23850 manat, daha sonra isə 20 min manat alan İ.İbrahimov uzun müddət keçməsinə baxmayaraq verdiyi vədə əməl etməyib. Tərəflər arasında yaranan mübahisədən sonra İ.İbrahimov aldığı pulun bir hissəsini - 23 min manatını geri qaytarıb. Digər hissəsini isə qısa zamanda qaytaracağını vəd edib.
Digər bir vətəndaşdan isə spirtli içkilərin istehsalı üçün nəzərdə tutulan “Azəri” MMC-nin fəaliyyəti üçün Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsindən lisenziya alacağı vədi ilə 140 min manat alıb.
İttiham aktında Feyruz Babayevə ümumilikdə 70 min 850 manat məbləğində zərər dəydiyi qeyd edilir. İ.İbrahimov isə özünü təqsirli bilmədiyini deyib.
Digər təqsirləndirilən şəxs Nigar Saqıyeva isə Xaçmaz rayon sakini Fatma Fərzəliyevadan 16 min manat dəyərində qızıl-zinət əşyaları və 2800 manat nağd pul alıb. N.Saqıyeva nağd pulun 1960 manatını qaytarsa da pulun digər hissəsini və qızılları qaytarmayıb.
İttiham aktından sonra hakimin sualına cavab verən N.Saqıyeva özünü qismən təqsirli bildiyini deyib.
Zərərçəkmiş kimi tanınan Fatma Fərzəliyeva məhkəmə prosesində ifadə verib. 20 ildir, Xaçmazda qızıl alveri ilə məşğul olduğunu deyən F.Fərzəliyeva Nigar Saqıyevanı Ülkər adı ilə tanıdığını söyləyib.
2012-ci ildən Xaçmazda yaşayan N.Saqıyeva da Fatma Fərzəliyevanı qızıl alverçisi kimi tanıyıb və bundan sonra onlar arasında qızıl-zinət əşyalarının alış-verişi ilə bağlı yaxın münasibətlər başlayıb. Zərərçəkmiş ifadəsində deyib ki, Ülkər kimi tanıdığı qadın ondan bir neçə dəfə bahalı qızıllar alıb, çevrəsində zəngin insanların, vəzifəli şəxslərin xanımları ilə əlaqələrinin olduğunu, tez-tez onlarla eyni məkanlarda görüşdüyünü deyib.
Bununla da Fatma Fərzəliyevanın etibarını qazanan Nigar Saqıyeva sonda qeyd edilən cinayət əməlini törədib: “Ümumilikdə məndən 16 min 76 manat dəyərində qızıl alıb. Bir ay ərzində hissə-hissə vermişəm. Məni Xaçmazda hamı qızıl alverçisi kimi tanıyır. Halal zəhmətimlə pul qazanmışam. 3 uşaq böyütmüşəm. Təzə və ikinci əl qızılların satışı ilə məşğulam. Bu da məndən qızılları alanda yaxın və imkanlı rəfiqələrinə satacağını dedi. Bir ay ərzində götürdüyü bu qızılların hamısını satdığını, bir neçə günə pulunu verəcəyini dedi. Mən də sevindim ki, bu qədər qızılı birdən satdım. Mən qızılları nisyə alıb satırdım. Mağazalardan neçə ildir, alver edirəm. Ülkər uzun müddət keçsə də qızılların pulunu vermədi. Əslində mən ona çox inanırdım. Vəzifəli şəxslərlə telefonda danışırdı. Onlara “bəy” deyə müraciət edirdi. Elə gözəl danışırdı ki, mənim də xoşuma gəlirdi”.
Qızılların pulunu ödəməyən N.Saqıyeva Fatma Fərzəliyevaya söz verib ki, ona məxsus torpaq sahəsi və obyekt satılandan sonra pulunu verəcək və bunun üçün ona 4-5 gün vaxt lazımdır: “Ülkərin yaxşı çevrəsi olduğuna, imkanlı şəxslərlə münasibəti olduğuna o qədər inanırdım ki, bunun əksini heç vaxt hiss etməmişdim. Hərdən onlara da gedirdim. Əslən Qubadan olduğunu bilirdim. Deyirdi ki, Qubanın havası düşmür deyə burada qalır. Ancaq hərdən evlərinə gedəndə deyirdim ki, niyə bunun bir bacısı, qardaşı, qohumu yoxdur? Tez-tez Nabrandan istirahətdən gəldiyini deyirdi. Orada da olanda mənimlə danışırdı. Qızılları satacağı adamları belə, mənimlə telefonla danışdırmaq istəyirdi. Ancaq inandığım üçün istəmirdim. Qızılların pulunu vermədi. Dedi ki, 3-4 günə Nabranda olan bağ evi satılır. Dəqiq adı yadımdan çıxıb. Amma dedi ki, deputatlardan birinin köməkçisi ilə danışır. Bağı ona satırdı. Dəyəri də 1 milyon manat idi. Həmin adamla mənim yanımda da telefonla danışırdı. Sonra satış zamanı sənədlərdə problem olduğunu və həlli üçün 2800 manat lazım olduğunu dedi. Mənim yanımda telefonla danışanda deputatın köməkçisi dedi ki, sənəddəki səhvi düzəlt, alqı-satqı bu gün olsun. Mən də sələmə pul götürüb verdim. Bir də Xaçmaz yolunda bir obyekt var idi. Üstündə satılır yazılırdı. Deyirdi ki, bu da bizimdi. Onu da satırdı. Mənə dedi ki, “Gedək, Şəmi müəllimin yanına danışaq, sənin danışıq qabiliyyətin yaxşıdır”. Xaçmazın icra başçısı Şəmsəddin müəllimə aramızda Şəmi müəllim deyirik. Mən razılaşmadım. Nəysə... Satış baş tutmadı. Nigar yoxa çıxdı. Telefonunu söndürdü”.
Daha sonra Nigar Saqıyeva ona Qəbələdən zəng edib və aldığı pulu qaytaracağını deyib: “Mənə zəng elədi ki, gəl Qəbələyə pulunu verim. Mən də canımın dərdindən getdim. Qəbələyə çatanda telefonu söndürdü. Gecə tanımadığım yerdə tək qaldım. Gördüm sığınacaq yeri yoxdur, getdim məscidə... Molla dedi ki, gəl burada qal. Sonra dedi ki, səni evə də apararam. Mən də qorxub qayıtdım. Qəbələdə polisə gedib, şikayət edəndən sonra gecə ilə Bakıya qayıtdım. Sonra mənə yenidən zəng elədi və taksi ilə pulu göndərdiyini dedi. Pulun cəmi 1960 manatını verdi. Mən aldığım qızılların pulunu bankdan kredit götürərək vermişəm”.
Məhkəmə prosesi iyulun 29-da davam edəcək. Prosesdə digər zərərçəkmişlər də ifadə verəcək.